“Yaya qədər Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə ərizə təqdim edəcəklər”. Bu iddia ilə “Hraparak” İrəvan hökumətindəki mənbələrinə istinadən çıxış edib. Nəşr yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəlcə Minsk qrupunun buraxılması üçün ilk olaraq sülh müqaviləsinin razılaşdırılmış maddələr üzrə yarımçıq şəkildə imzalanması şərtini irəli sürüb. Həmçinin qeyd edilib ki, Baş nazir dəfələrlə Bakıya ünvanlı şəkildə bu şərti vurğulasa da, sonradan fikrini dəyişib. Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi tələblər və son zamanlarda Zəngəzur dəhlizi ilə bağlı aparılan müzakirələr Paşinyanı narahat edib. Beləliklə o, tələsik şəkildə Minsk qrupu ilə bağlı fikrindən daşındı. Eyni zamanda ölkənin ədliyyə naziri Srbuhi Qalyanın son açıqlamasına görə, hökumət 2027-ci ilə qədər yeni konstitusiya mətnini hazırlanmasını qarşısına məqsəd qoyub. Qeyd edək ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas şərtlərdən biri də ATƏT-in Minsk qrupunun buraxılması idi. Nikol Paşinyan bir neçə gün öncə İrəvanın da eyni tələblə çıxış edəcəyini açıqlayıb.
Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, ATƏT-in Minsk Qrupunun indiki məqamda fəaliyyəti olduqca məntiqsizdir:
“Faktiki olaraq Minsk qrupunun mandatına uyğun münaqişə yoxdur. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistan-Azərbaycan, “Dağlıq Qarabağ” münaqişəsini bitirdi. ATƏT-in Minsk Qrupu da “Dağlıq Qarabağ” münaqəşəsini tənzimləmək üçün yaradılmışdı format idi. Hazırda belə münaqişə mövcud olmadığına görə Minsk Qrupunun varlığı üçün də əsas yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev uzun müddətdir ki, ATƏT-in Minsk Qrupunun ləğvini tələb edir. Sadəcə olaraq Ermənistan Minsk Qrupunun qalmasında israrlıdır. Hətta Azərbaycan vəziyyəti elə həddə gətirib ki, Minsk Qrupunun ləğvi sülh formatına daxil edilib. Hesab edirəm ki, tərəflər arasında etimad mühiti yaya qədər formalaşar və razılıq əldə olunarsa, ATƏT-in Minsk Qrupu ləğv oluna bilər. Bu münaqişənin qalan hissəsi baxımından ciddi irəliləyiş sayılar”.