“Azərbaycan-Türkiyə əməkdaşlığının nəhəng potensialı var”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Bakı arasında səhiyyə sahəsində yardım göstərilməsinə dair anlaşma sazişini təsdiqləyib. Bu barədə “Resmi Gazete”də xəbər verilib. “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında səhiyyə sahəsində yardım göstərilməsinə dair anlaşma” Sazişi 28.03.2002 tarixli və 4749 saylı Qanunun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənib”, - deyə məlumatda bildirilir.

Qərarda deyilir ki, Türkiyə tərəfi Azərbaycan tərəfinə dostluq və xoş niyyət jesti kimi 100 000 qutu “Favipiravir” preparatı göndərəcək. Yardım kimi verilən bu dərman Azərbaycana aid olacaq və səhiyyə xidmətlərinin göstərilməsində istifadə ediləcək. Preparatlar daha sonra tərəflər arasında təyin ediləcək metodla təslim ediləcək.

Sənəd 2021-ci ilin martın 31-də imzalanıb və həmin gündən qüvvəyə minmiş hesab olunur.



Sazişlə bağlı fikirlərini “Sherg.az”a bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu qeyd edib ki, Türkiyə ilə qardaş olduğumuz üçün həyatımızın bir çox sahələrində əməkdaşlıq edirik:

“Bu əməkdaşlıq səhiyyə, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə davam etdirilir. Məlumdur ki, Azərbaycanla Türkiyə arasında ciddi əlaqələr var. Bu əlaqələr koronavirusla mübarizə sahəsində də uğurla davam etdirilir.

Ona görə də qardaş ölkənin təcrübələrindən istifadə edib, tibbi xarakterli problemlərin yaranmaması üçün işlər görülür.

Hörmətli Ərdoğanın da imzaladığı sazişi alqışlayıram. Düşünürəm ki, Azərbaycanla-Türkiyə arasında müxtəlif sahələrdəki əməkdaşlığın nəhəng potensialı var”.