Azərbaycanın Güneyinə "yetim" kimi baxmaq olmaz

Həmid Herisçi: "Bizim onlara cavabımız yanıq bayatı olacaq. Onun bir nümunəsini də bu yaxınlarda Türkiyə lideri cənab R.T.Ərdoğan göstərdi"

"Təbrizdə ana dilini bizdən daha yaxşı bilirlər və qoruyub saxlayırlar. Təbrizlilər dilimizə türk dili, özlərinə də türk deyirlər"

  İran əhalisinin böyük bir hissəsi Azərbaycan türklərindən ibarətdir. Qeyri-rəsmi mənbələr Azərbaycan türklərinin sayının 35-40 milyon arası olduğunu bildirirlər. Azərbaycanlılar İranın ictimai-siyasi və mədəni həyatında vacib rol oynayıblar. XX əsrin əvvəllərində, məşrutə inqilabı dövründə İran azərbaycanlıları öz doğma dillərinin və mədəniyyətlərinin inkişafı üçün mübarizə aparacaq səviyyəyə qalxıblar. Pəhləvi dövründə isə soydaşlarımız digər xalqlar kimi mədəni diskriminasiyaya məruz qalıblar. Məhəmməd Rza Pəhləvinin dövründə çıxarılan "Azərbaycan" qəzeti sayəsində ümumi dil, hisslər, ənənələr və əraziyə malik xalq kimi İran azərbaycanlıları, onların müstəqillik və milli hərəkat istəyi ifadə edilib. 

Azərbaycan tarixində, incəsənətində və mədəniyyətində dəyərli və əvəzolunmaz rolu olan bir çox əhəmiyyətli, sıx məskunlaşmış və qədim şəhərlər var. Lakin son yüz ildə Cənubi Azərbaycanın mədəniyyət və incəsənət mərkəzi Təbriz olub. Bura təkcə Azərbaycanda deyil, bütün İranda müasirliyin, siyasi və sosial təkamülün, yeni incəsənət sahələrinin və metodların qapısı idi. İlk mətbəə, ilk qəzet, ilk teatr, ilk roman, ilk ensiklopediya, ilk kütləvi kitabxana, ilk kinoteatr, ilk müasir məktəb, ilk teatr tamaşası Təbrizdə yaranıb, daha sonra Tehrana yayılıb. Ənənəvi və tarixi incəsənəti Cənubi Azərbaycanın bütün şəhər və kəndlərində izləyə bilsək də, müasir və qərb sənətinə daha çox Ərdəbil, Urmiya, Xoy, Zəncan və Qəzvin şəhərlərində rast gəlmək olar. Şahlıq rejimi zamanı (1925-1978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi ilə mədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət göstərirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara, xüsusilə azərbaycanlılara öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi. XV əsrdə formalaşmış Təbriz miniatür məktəbi dünya rəssamlığında mövcud olan 5 aparıcı rəssamlıq məktəbindən biri olub. Bu məktəbin görkəmli nümayəndələrindən biri Sultan Məhəmməd idi. Onun miniatürləri dünya muzeylərində mühafizə olunur. Bu məktəb Kəmalləddin Behzad, Mir Müsəvvər Təbrizi, Mövlana Müzəffər Əli və digər istedadlı rəssamlar yetişdirmişdi. Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdən hər yerdə şöhrət tapıb. Londonun Viktoriya-Albert muzeyində saxlanan Şeyx Səfi xalçası Təbrizdə toxunmuşdur, o, öz dövrünün (1539) ən iri və əsrarəngiz xalçası adını qazanıb. Şah İsmayıl Xətai tərəfindən Təbrizdə əsası qoyulmuş şah kitabxanası özünəməxsus "incəsənət akademiyası" idi. Burada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər, naxışçılar fəaliyyət göstərirdilər. İncəsənətin aparıcı sahələrindən biri elə xəttatlıq, kitab üzü köçürmə işi idi. Kitab nəşri texnologiyası Şərq xalqlarına məlum deyildi. Şah İsmayılın varisləri də ədəbiyyat və incəsənətin himayəçiləri idilər. Onların özləri də yaradıcılıqla məşğul olurdular. İrandakı bir çox memarlıq abidələrini, o cümlədən Təbriz və İsfahandakı bütün memarlıq abidələrini türklər tikiblər. Pəhləvi rejimi dövründə Cənubi Azərbaycanda incəsənətin heykəltaraşlıq və rəssamlıq kimi sahələrinin inkişafına mane olmaqdan əlavə, bir sıra mövcud tarixi abidələr sıradan çıxarılıb, bir çoxları isə fars abidələri kimi qələmə verilib. Məsələn, Təbriz milli parkında olan "Şah gölü" (El gölü)ndəki aşıq abidəsi götürülüb. 

  Cənubi Azərbaycanda müasir tipli təhsilin əsası 1875-ci ildə Təbriz dövlət məktəbinin (Təbriz Darülfünunun) açılması ilə qoyulub. Burada, əsasən, hərbi və mülki məmurlar, həkimlər hazırlanırdı. Məktəb 20 il fəaliyyət göstərib və ildə 40-45 məzunu olub. Təbrizdə "Dəbestan" (ibtidai məktəb) adlı ilk xüsusi yeni tipli məktəbi 1888-ci ildə İran maarifinin atası Mirzə Həsən Rüşdiyyə açdırıb.

O, Cənubi Azərbaycanda, ilk dəfə olaraq, əlifbanı səs üsulu ilə Azərbaycan dili əsasında tədris etməyə başlayıb. Çoxlu dərsliklər, o cümlədən, "Vətən dili", "Ana dili" dərsliklərini yazıb. 1905-1911-ci illər İran inqilabı dövründə Cənubi Azərbaycanda 37 milli, 1911-1925-ci illərdə isə 50-dən çox məktəb açılıb. Həmin məktəblərdə Azərbaycan və fars dillərindən əlavə, ərəb, fransız və rus dilləri də tədris olunurdu. 1917-ci ildə isə Cənubi Azərbaycanda ilk orta məktəb təsis edilib. Cənubi Azərbaycanın mətbuat tarixi XIX əsrin ikinci yarısından başlayır. Cənubi Azərbaycanda fars dilində nəşr edilən ilk qəzet "Azərbaycan"dır. Qəzet 1858-ci ildə Təbrizdə hökumətin rəsmi orqanı kimi çap olunub və İranda nəşr edilmiş ən qədim qəzetlər içərisində üçüncüsüdür. 1905-1911-ci illər inqilabına qədər Cənubi Azərbaycanda 18 adda qəzet və jurnal buraxılırdı. Onların bəziləri isə dövlət tərəfindən rəsmi buraxılan mətbuat orqanları idi. 1905-1911-ci illərdə Cənubi Azərbaycanda ilk dəfə ana dilində bir sıra qəzet və jurnallar dərc olunub və yayılmağa başlayıb. 1916-cı ildə Təbrizdə ilk teatr binası tikilib. Cənubi Azərbaycanda qısa müddətdə (10-12 il) milli teatr yaradılması prosesinin təməl daşı qoyuldu. Teatr tamaşaları ana dilində olduğundan, xalq tərəfindən tez qavranılır və eyni zamanda, Azərbaycan dilinin formalaşmasında, mədəniyyət sahəsində yayılmasında, ədəbi dilin formalaşmasında mühüm rol oynayırdı. 
  Qeyd edək ki, İranda yaşayan milyonlarla soydaşımızın əhəmiyyəti, ölkənin ictimai-siyasi və mədəni quruculuğunda önəmli rolu İranın nüfuzlu şəxsləri tərəfindən də etiraf olunmaqdadır. Ötən gün İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin gözlənilməz ifadələri bunu sübut edir. Vilayəti deyib ki, son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə bədniyyətlilikdən İranın Azərbaycanla müharibə aparmaq istədiyi barədə şayiələr yayırlar: "İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, xüsusən də qonşularına, eyni irqdən, dildən, dindən, məzhəbdən, adət-ənənədən, tarixdən olan insanlara, yəni Azərbaycan Respublikası xalqına hücum etmək planı yoxdur. Azərbaycan gözümüzün işığıdır. İran heç vaxt Azərbaycanı işğal etmək və ya Azərbaycana nəzarəti ələ keçirmək niyyətində olmayıb". 

  Tanınmış telejurnalist, yazıçı-publisis Həmid Herisçi "Şərq"ə açıqlamasında ilk növbədə Vilayətinin məqaləsindən danışıb: "Vilayətinin məqaləsində Azərbaycanın və azərbaycanlıların İran tarixində hansı əhəmiyyətli rola, önəmə sahib olması öz əksini tapıb. Düzdür, onun fikirlərində bizi qane etməyən məqamlar da var. Amma müsbət nüansları diqqətə almaq lazımdır. O, öz məqaləsində düzgün olaraq qeyd edir ki, dövlətin, xalqın, İran cəmiyyətinin yaranmasında azərbaycanlıların iştirakı çox vacib olub. Maraqlı məqam odur ki, Şah İsmayılın da adı ilk dəfə vurğulanır. 

İranda Şah İsmayılın adının çəkilməsi də yasaqlanmışdı. Bu məqalə göstərdi ki, İran təkcə Bakının qarşısında deyil, Təbrizin qarşısında da sındı, geri çəkildi, öz gücsüzlüyünü etiraf etdi. Çünki tarixə, keçmişə nəzər saldı. Burada əhalinin sayı, xalqın gücü böyük rol oynayır. Azərbaycanlılar Arazın hər iki tayında böyük nüfuz sahibidirlər. Biz kiçik xalq deyilik. Güney azərbaycanlılarla birlikdə 50 milyona qədərik. Vilayətinin məqaləsində İranın həyəcanını, qorxusunu gördüm. Açıq şəkildə etiraf edir ki, azərbaycanlıların İran tarixində rolu, iştirakı, önəmi həlledicidir. İranın keçmişi və gələcəyi azərbaycanlılarla bağlıdır. Hər cəhətdən bu yanaşma bizim xeyrimizədir. Belə başa düşürəm ki, bu açıqlama münasibətlərin normal məcraya dönməsinin başlanğıcıdır. Çünki bu ifadələr adi politoloqun dilindən səsləndirilmir. Çalışırdıq ki, İranın rəsmi qurumları ilə dini qurumları arasında çat yaransın və biz buna nail olduq.

 Bütün bunlar göstərir ki, Tehran, daha doğrusu, Qum qorxdu. Mollalar sadə camaatla oturub-durduqları üçün reallığı gördülər. Azərbaycanlıların mövqeyinin güclü olduğunu dərk etdilər. Bilirsiz, dəfələrlə demişəm, hətta üstümüzə İran ordusu da gəlsə belə sadəcə bir bayatı oxusaq, onlar bizə güllə atmayacaq. Bizim onlara cavabımız yanıq bayatı olacaq. Onun bir nümunəsini də bu yaxınlarda Türkiyə lideri cənab R.T.Ərdoğan göstərdi. Yəni bayatı da bir silahdır. Bəlkə də ən uzaqvuran silahımızdır". 

  Herisçi vurğulayıb ki, düşmənlərimiz çoxdur: 

"İranla bizi qarşıdurmaya ermənilər çəkir. Erməni mətbuatı elə görüntü yaradır ki, guya, İran onların tərəfindədir. İran məsələnin nə qədər ciddi olduğunu dərk edib. Fars millətçiliyi onların gözünü tutub. Amma Tehrandan və Təbrizdən proseslərə baxış çox fərqlidir. İran real olaraq türklərdən və farslardan ibarətdir. İranın marağı təkcə farslarla bağlı deyil, orada həm də bir türk İranı da var. Türk İranı ilk növbədə elə farslara lazımdır. Vilayətinin məktubu da göstərdi ki, İran həm də Turandan ibarətdir. Bəziləri Təbrizdə ana dili, türk dili məsələsini qabardırlar. Təbrizdə ana dilini bizdən daha yaxşı bilirlər və qoruyub saxlayırlar. 

Təbrizlilər dilimizə türk dili, özlərinə də türk deyirlər. Təbrizdə elə aşıqlar var ki... Əfsuslar olsun ki, Azərbaycanda Güneylə, Təbrizlə bağlı yanlış təsəvvürlər var, bilgilər primitiv səviyyədədir. Güneyə "yetim" kimi baxmaq olmaz. Məsələn, telefonunuzda azı yüz nəfər təbrizlinin nömrəsi olmalıdır, mənimlə yox, onlarla əlaqə saxlamalısınız. Azərbaycan cəmiyyətinin də öz nöqsanları var".