Aqşin Kərimov: "Baydenin məktubları həmin mübahisəli mövqelərin ortaq məxrəclə nəticələnməsi üçün mayak rolunu oynayır"
Bakı Enerji Həftəsinin diqqətçəkən məqamlarından biri ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu oldu. Ümumiyyətlə, bu, Baydenin il ərzində Prezident İlham Əliyevə üçüncü belə təbrik məktubudur. Bayden bundan öncə Müstəqillik Günü, ondan əvvəl isə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlamışdı. Şübhəsiz, bütün bunlar Vaşinqtonun Bakıya verdiyi dəyərin göstəricisidir. Budəfəki təbrik məktubunda Bayden Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında qurulmuş 30 illik diplomatik münasibətlərə toxunub.
O əlavə edib ki, Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır. Vaşinqton indiki məqamda Bakının enerji siyasətini dəstəkləyir. Bunu Baydenin son 3 təbrik məktubu da təsdiqləyir. Vaşinqton da Azərbaycanın öz xarici siyasət kursunun xarakterini dəyişməyəcəyini bilir. Ona görə də Azərbaycanın enerji resurslarının şaxələndirilməsini prioritetləri sırasında saxlayaraq Bakı üçün cəlbedici ideyalarla çıxış edir.
Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə bildirib ki, Azərbaycanın Cənubi Qafqazdakı geostrateji əhəmiyyəti, zəngin təbii resursları, beynəlxalq nəqliyyat dəhlizlərindəki statusu, siyasətdəki məsafəli davranış, Avropanın enerji bazarlarındakı rolu Vaşinqtonun gözündə Bakını yüksəklərə qaldırır. Analitik bildirib ki, bütün bunlar Vaşinqton-Bakı oxunda transmilli təhlükələrə qarşı mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi kimi müştərək maraqlar bərqərar edir:
“Rusiya-Ukrayna müharibəsi fonunda isə həmin maraqların polad kimi bərkiməsi çağırışları Ağ Evin marağında dayanır. Bakı xarici siyasət kursuna sadiq qalaraq istiqamətini tamamilə ABŞ tərəfə sıxışdırmaqdan yayınacaq. Qlobal güc mərkəzlərinin poliqonuna çevrilmək xəttini özünə yaxın buraxmayacaq. Yalnız iqtisadi-ticari, diplomatik-siyasi münasibətlər zəminində inkişafa təkan verəcək siyasətini davam etdirəcək. Yəni Baydenin açıq-gizli “mənim tərəfimdə ol” çağırışları Bakını şirnikləndirmir. Sadəcə, ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsi üçün Bakıya yönləndirici tezislər təqdim edən diplomatik platformaya çevrilir. Vaşinqton da Azərbaycan Repsublikasının öz xarici siyasət kursunun xarakterini dəyişməyəcəyini bilir, ona görə də, Azərbaycanın enerji resurslarının şaxələndirilməsini prioritetləri sırasında saxlayaraq Bakı üçün cəlbedici ideyalarla çıxış edir. Bu ideyaların öz xeyrinə çevrilməsi üçün isə ABŞ enerji sektoru ilə yanaşı Qarabağa da investisiya qoymalıdır. Hərçənd ki, insan hüquqları mövzusunda olduğu kimi, bu məzmunda da Bakı-Vaşinqton arasında fikir ayrılıqları mövcuddur”.
Ekspert vurğulayıb ki, ABŞ-ın Qarabağa investisiya qoymaq üçün şərti belədir: Müstəqil məhkəmə olsun, tenderlər şəffaf olsun, nəticədə investisiya üçün risk qalmasın:
“Baydenin məktubları həmin mübahisəli mövqelərin ortaq məxrəclə nəticələnməsi üçün mayak rolunu oynayır, amma bütün qərarları Bayden vermir, Bakının da arqumentləri nəzərə alınmalıdır. Bayden məktubunda Azərbaycanın həmin arqumentləri yaratdığına işarə edir. Bildirir ki, ölkə başçısı İlham Əliyev Azərbaycanın tam potensialına nail olunması üçün davamlı addımlar atır. Azərbaycanla ABŞ münasibətlərinin yaxın zamanlarda yeni səhifə açacağı gözləniləndir. ABŞ-ın Azərbaycana təyin etdiyi səfir Mark V.Libbi də xüsusi missiya ilə Bakıya göndəriləcək və onun qarşısında mühüm təlimatlar qoyulacaq”.