Əliyevin Türkiyə səfəri: Bakı və Ankara birgə siyasətini koordinasiya edir


  "Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri əsasən zəlzələdə qardaş ölkəyə dəstək və digər aktual məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir". Bunu Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, regionda ciddi proseslər gedir:
 "Türkiyə Cənubi Qafqazda əsas söz sahiblərindən biridir. Son aylar Ermənistanda anti- Rusiya isteriyasi fonunda  Azərbaycana Kreml tərəfindən müsbət referanslar edilir. 
Çünki Ermənistanda siyasi mövqeləri zəifləyir və Avropa İttifaqı çətiri altında Fransanın siyasi dəstəyi artır. Bu da regionda yeni yanaşmalar ortaya qoymağı tələb edir. 
Ona görə də Türkiyə  və Azərbaycan həlledici  situasiyada Ermənistan üzərindən yeni bir təhdidlərə də hazır olmalıdır. İlk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində Vaşinqton-Brüssel tandemi aktiv hərəkətə keçib. Bir tərəfdən də Rusiyanın yeni sülh planı var. Həmçinin Qarabağda Ruben Vardanyan planı fiaskoya uğrayaraq Kreml məcbur olub Bakıya güzəştlərə gedir".
  Ekspert vurğulayıb ki, Azərbaycanla Türkiyə Rusiyanın bu yanaşmasından mütləq nəticələr çıxarıb məsləhətləşmələr aparmalıdır: "Rusiya regionda qalıcı sülhdə maraqlı deyil və yeni bir təxribatlara da gedə bilər. Bundan əlavə, bu səfər çərçivəsində Azərbaycan Qərbin, yaxud Moskvanın vasitəçiliyinə üstünlük vermək üçün Ankara ilə məsləhətləşmələr apara bilər. 
Prezident İlham Əliyev  bir siyasət ortaya qoyur ki, Ankaranın regionda qalıcılığı qorunub saxlanılsın və proseslərdə dinamik iştirakçılığı davam etsin. Həmçinin Ermənistan ərazisindən Zəngəzur dəhlizində nəzarət buraxılış məntəqəsi və bunun paralelində Laçın dəhlizində Azərbaycanın nəzarət buraxılış məntəqəsinin qurulması müzakirə ediləcək. Çünki Ermənistan eksterritorial dəhliz verməyəcəyini rəsmən bəyan edir. Yeni bir təkliflər masaya gətirilib. 
Prezident İlham Əliyevin səfəri bir daha göstərir ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində Qərblə Rusiya arasında davam edən rəqabətdə obyektiv bir yanaşma ortaya qoyaraq Türkiyə ilə birgə siyasətini koordinasiya edir. 
Moskvanı neytrallaşdırması üçün Türkiyənin bizim yanımızda olması ən başlıca amildir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında Türkiyənin də iştirakı gündəliyə gələcək".