"“Forma-88” göndərişinin ödənişli olması məsələsi düzgün deyil” Millət vəkili

  Millət vəkili Afət Həsənova əlillik təyinatı zamanı tibb müəssisələrində “Forma-88”in ödənişli olmasından şikayətlənib. Deputat bildirib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı bir sıra şikayətlər var. O qeyd edib ki, əlillik təyinatında verilən imtinalarda əsas səbəblərdən biri tibb müəssisələri tərəfindən göndərilən “Forma-88”in düzgün doldurulmaması ilə bağlıdır: “Son vaxtlar narazılıqlar siyahısına yenisi də əlavə olunub. Hazırda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısı və tariflər təsdiq edilərkən “Forma-88” də ödənişli xidmət növlərinə daxil edilib. Xidmət haqqı da təxminən 41 manat təşkil edir. Mənə aydın olmayan məqamlardan biri də özəl sektordan heç də fərqlənməyən bu məbləğin hansı meyarlar əsasında və nələrə istinad edilərək müəyyənləşdirilməsidir. Həmçinin ödənişli tibbi xidmətlər siyahısında aztəminatlı ailələr hansı formada nəzərə alınıb? Bu da istər-istəməz haqlı narazılıqlara səbəb olur. Təklif edirəm ki, tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququna malik olan şəxslərin siyahısına yenidən baxılsın”.
  Milli Məclisin Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Musa Quliyev “Forma-88” göndərişinin ödənişli olması məsələsinə aydınlıq gətirib. Deputat göndərişin ödənişsiz olduğunu bildirib: "“Forma-88” göndərişinin ödənişli olması məsələsi düzgün deyil. Mən fasilədə TƏBİB-in rəhbərliyi ilə əlaqə saxladım. Onlar da ödənişin olmadığını bildirdilər. Belə bir qanunvericilik tələbi yoxdur. Onu da qeyd edim ki, “Forma-88” göndərişini ödənişli edənlər qanunu pozurlar və cəzalarını almalıdırlar”.
  Qeyd edək ki, “Forma-88” göndərişlərinin ödənişli olması barədə xəbərlər yayılmışdı.