İranın Xəzər dənizində vəziyyəti gərginləşdirməsi mümkündür



Ona görə də Böyük Britaniya Xəzər dənizində Azərbaycan sahil mühafizəsinin və sektorunun təhlükəsizliyində maraqlıdır


  Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Azərbaycana səfəri çərçivəsində Dövlət Sərhəd Xidməti (DSX) rəisinin birinci müavini, Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqovla görüşüb. Görüşdə Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Birləşmiş Krallığın müvafiq qurumları arasında sərhəd təhlükəsizliyinin müxtəlif sahələrində həyata keçirilmiş əməkdaşlıq qeyd edilib. Sərhəd mühafizəsi, o cümlədən dəniz təhlükəsizliyinin təmin olunması barədə fikir mübadiləsi aparılıb. Vətən müharibəsində qazanılmış parlaq Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, işğaldan azad edilmiş ərazilərdə hazırda dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından bu kimi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Gələcəkdə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub. Səfər müddətində qonaqlar DSX-nin Sahil Mühafizəsinin Baş Komanda-nəzarət, Gəmi İnşası və Təmiri mərkəzləri, eləcə də 2-ci dərəcəli sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış ediliblər.
  Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə bildirib ki, Böyük Britaniya İranın Xəzər dənizində təhlükəsizliyi təhdid etməsindən narahatdır. Analitikə görə, İranın Xəzər dənizində ölkəmizin ərazi sularına qarşı təcavüzü mümkündür: "Böyük Britaniyanın "BP" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda neft çıxarılmasını həyata keçirir və platformaların təhlükəsizliyi strateji əhəmiyyət daşıyır. Bundan əlavə, Böyük Britaniya Mərkəzi Asiyadan qaz nəqlində maraqlıdır. Məhz Türkmənistandan Xəzər dənizinin dibi ilə qaz boru xəttinin çəkilməsi üçün ilk növbədə təhlükəsizlik ən başlıca amildir. İran rejimi belə bir kəmərin çəkilməsinin əleyhinədir və Xəzər dənizində bir çox hallarda təhlükəli hərbi manevrlər edir. Hazırda İranın Azərbaycana qarşı qeyri-konstruktiv siyasətini nəzərə alsaq, Xəzər dənizində Tehran rejiminin situasiyanı gərginlişdirməsi mümkündür. Ona görə də Böyük Britaniya Xəzər dənizində Azərbaycan sahil mühafizəsinin və sektorunun təhlükəsizliyində maraqlıdır. Bu əməkdaşlıq Azərbaycan, Türkiyə və Böyük Britaniya formatı çərçivəsində də mümkün ola bilər".