İstanbul zəlzələsinə hazırlıq başladı


Atatürk Hava Limanı səhra hospitalı olacaq


  Türkiyə hökuməti mümkün İstanbul zəlzələsi üçün qabaqlayıcı tədbirlərə başlayıb. İstanbulda zəlzələ baş verərsə, bunun Kahramanmaraş zəlzələsindən dəfələrlə artıq dağıdıcı ola biləcəyi nəzərə alınaraq təbii fəlakət zamanı “təcili müdaxilə” ssenarisi hazırlanıb. Ssenaridə Atatürk Hava Limanının səhra hospitalı kimi fəaliyyət göstərməsi, yaralıların xəstəxanalara təcili çatdırılması üçün hava ambulanslarının hazır saxlanması nəzərdə tutulur. “Şərq” NTV.com.tr”yə istinadən bildirir ki, qardaş ölkənin  Müdafiə Sağlamlıq Elmləri İnstitutunun müdiri professor Əli İhsan Uzar İnstitutun Təbii Fəlakət və Fövqəladə Vəziyyətlərdə Tibbi Xidmətlər  bölümündə bu istiqamətdə aparılan çalışmalar haqqında məlumat verib. Ə.İ.Uzar bildirib ki, İnstitut tərəfindən müxtəlif təbii fəlakətlər zamanı təcili müdaxilə  ssenariləri hazırlanır. Uzar deyib ki, Türkiyə coğrafiyasında ərazilərin 65 faizi birinci dərəcəli zəlzələ bölgəsinə daxildir. Bunu nəzərə alan İnstitut əməkdaşları mümkün zəlzələ zamanı təxirəsalınmaz yardımlar üçün ssenarilər üzərində işləyirlər. Allah göstərməsin, əgər İstanbulda zəlzələ baş verərsə, ən azı 100 min yaralı ola bilər. Hazırlıqlar bu nəhəng rəqəm nəzərə alınaraq aparılmalıdır. Professor Uzar qeyd edib ki, hazırlanan ssenarilər Səhiyyə Nazirliyi, Türk Hava Qüvvələri və Dövlət Hava Meydanları Xidmətləri kimi əlaqədar qurumlara təqdim edilib.  İstanbul kimi nəhəng meqapolisdə insanlarn təxliyəsi, yaralıların daşınması, xilasedicilərin ərazilərə gələ bilməsi çox vaxt apara bilər. İnstitutun hazırladığı ssenarilərdə zəlzələnin ilk 6 saatında bu fəlakətin necə koordinasiya edilməli olduğu, təxliyə və yaralılara ilkin yardımın necə göstərilə biləcəyi qeyd edilib. Professor deyib ki, qısa zamanda təcili müdaxilə insanların həyatda qalmasına, bədən üzvlərini və orqanlarını itirməməsinə səbəb ola bilər. Böyük şəhərlərdə zəlzələ zamanı xəstəxana üçün ən ideal yer isə məhz hava limanlarıdır. Çünki hava limanları elektrik enerjisinin, suyun daimiliyini təmin edəcək terminallardan ibarətdir. Bu imkanlar nəzərə alınaraq Atatürk Hava Limanının səhra hospitalına dönəcəyi üzərində işlənilib. Hava limanından ağır xəstələrin digər xəstəxanalara təxliyəsi də asan olacaq, beləliklə daha az insan itkisinə nail olmaq mümkündür. 

Məlahət