NONSENS! - “Dini təhsillə bağlı qadağalar tətbiq olunsun” – Təhlükə var! 

“Azərbaycan özünün dini təhsil modelini yaratmalıdır”
“Tələblərimizi xarici ölkələrə göndəririk. Onları da şirnikləşdirib bütün maddi ehtiyaclarını qarşılayırlar. Həmin adamlar da gəlib təhsil aldığı dövlətin maraqlarına xidmət edir”
 “Bunun qarşısını almaq üçün həmin ölkələrə tələbələr göndərilməsini dayandırmaq lazımdır”
“Azərbaycanda İslam Universitetinin fəaliyyətini genişləndirmək, tələbə və fakültələrin sayını, təhsilin keyfiyyətini artırmaq, tərəfsiz və bacarıqlı din adamlarını ölkəmizdə dərs keçirməyə cəlb etmək lazımdır”
Milli Məclisin dünənki iclasında deputat Ceyhun Məmmədov bildirib ki, Vətən müharibəsində qələbə, Azərbaycanın bölgədə yaratdığı yeni reallıq bir sıra dairələri ciddi narahat etməkdədir. C.Məmmədov İranı nəzərdə tutaraq diqqətə çatdırıb ki, müəyyən qruplar din pərdəsi altında ayrı-seçkilik salmağa, dövlətin həyata keçirdiyi siyasəti gözdən salmağa, Azərbaycan vətəndaşlarını dövlət əleyhinə qaldırmağa çalışırlar:
“Heç şübhəsiz ki, Azərbaycan müstəqil və güclü dövlətdir, heç kim onu haqq yolundan çəkindirə bilməz”.
Millət vəkilinin fikrincə, baş verən son hadisələr dini fəaliyyət sahəsində daha həssas və çevik qərarların qəbul edilməsini zəruri edir: 
“Hesab edirəm Vətən müharibəsindəki qələbədən sonra qarşıda duran ən mühüm məsələlərdən biri dini təhlükəsizliyimizin gücləndirilməsi, din sahəsində cərəyan edən proseslərə nəzarətin daha da gücləndirilməsi, Azərbaycan Respublikasının din siyasəti konsepsiyasının qəbul edilməsi və din sahəsində çevik qərarların qəbul edilməsidir”. 
Həmkarının təklifi barədə “Sherg.az”a danışan millət vəkili Razi Nurullayev söyləyib ki, bəzi qanunları qəbul etsək də, bunlar çox vaxt kağız üzərində qalır. Parlament üzvü düşünür ki, mövcud qanunlara düzgün əməl etsək, bir çox yeni qanunun qəbuluna ehtiyac qalmaz:
“Ölkəmizdə dinlə bağlı müəyyən təhlükələr var. Azərbaycanda müxtəlif müsəlman dövlətlərinin maraqlarının təmin edilməsi üçün kadrlar hazırlanıb. Məsələn, Azərbaycandakı tələbələr Misirdə təhsil alıb və həmin təhsilin təsiri altında dinin yürüdülməsində maraqlıdırlar. Bunu da təlqin edirlər. Təbii ki, Türkiyədə dini təhsil alanlar cəmiyyətimizdə Türkiyə modelinin oturuşmasına çalışırlar. İranda oxuyanlar isə İran siyasətinin həyata keçirilməsində maraqlıdırlar. Ən təhlükəlisi də məhz İranda təhsil alanlardır. Onların bir çoxunun düşüncələri dövlət siyasətimizlə üst-üstə düşmür. Azərbaycanda Beynəlxalq İslam Universitetinin yaradılmasına ehtiyac var idi. Prezidentin sərəncamı ilə yaradıldı və fəaliyyət göstərir. Məqsəd də bu idi ki, Azərbaycan din xadimlərini dövlət olaraq özü hazırlasın və dini təhsildə başqa ölkələrə ehtiyacımız qalmasın. Ona görə də hesab edirəm ki, dini təhsillə bağlı ciddi qadağalar tətbiq olunmalıdır”.
 Deputatın fikrincə, Azərbaycan özünün dini təhsil modelini yaratmalıdır:
“Həm maraqlarımıza, həm də islam dəyərlərinə uyğun təhsil sistemi yaradaq ki, başqa ölkədən olan şəxslər gəlib Azərbaycanda təhsil alsınlar. Biz isə tələblərimizi xarici ölkələrə göndəririk. Onları da şirnikləşdirib bütün maddi ehtiyaclarını qarşılayırlar. Həmin adamlar da gəlib təhsil aldığı dövlətin maraqlarına xidmət edir. Bunun qarşısını almaq üçün həmin ölkələrə tələbələr göndərilməsini dayandırmaq lazımdır. Azərbaycanda İslam Universitetinin fəaliyyətini genişləndirmək, tələbə və fakültələrin sayını, təhsilin keyfiyyətini artırmaq, tərəfsiz və bacarıqlı din adamlarını ölkəmizdə dərs keçirməyə cəlb etmək lazımdır”.