“Orta Dəhliz boyu Xəzərdə sərnişin daşımaları unudulmuş təcrübənin bərpası ola bilər. 1960-cı illərin əvvəllərində Bakıdan “Kirgizstan” və “Tacikistan” kimi gəmilərlə Xəzər üzərindən səyahət etmək mümkün idi. Bu, bugünkü kruiz anlayışından fərqli olaraq, müəyyən mənada dəniz üzərindən şəhərlərarası ictimai nəqliyyat funksiyasını yerinə yetirirdi”.
Bu fikirlər nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyevə məxsusdur.
Mütəxəssis “Sherg.az”a açıqlamasında bildirdi ki, unudulmuş təcrübəni – dəniz nəqliyyatını yenidən bərpa etmək mümkündür və bununla ümumən iqtisadiyyata böyük ölçüdə töhfə vermək olar:
- Bu gün Xəzər yenidən Azərbaycanın nəqliyyat siyasətində xüsusi əhəmiyyət daşıyır. Lakin əsas diqqət indiyə qədər daha çox yük daşımalarına yönəlib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Aktau, Kurık və Türkmənbaşı limanları Orta Dəhlizin mühüm elementlərinə çevrilir. Dəmir yolu və avtomobil nəqliyyatı ilə Xəzər üzərindən bərə və gəmi bağlantıları qurulur. Lakin burada başqa bir sual da ortaya çıxır: Orta Dəhliz yalnız yükləri deyil, insanları daşıyan dəhlizə çevrilə bilərmi? Məncə, bu istiqamətin də ayrıca araşdırılmasına ehtiyac var. Xəzərdə sərnişin əlaqəsinin bərpası tamamilə mümkündür. Məsələn, gələcəkdə Bakı–Aktau, Bakı–Türkmənbaşı və digər uyğun istiqamətlərdə müasir sərnişin və avtomobil-sərnişin gəmilərinin istifadəsi nəzərdən keçirilə bilər. Bu, keçmişdəki “Kirgizstan” modelinin sadəcə təkrarlanması demək deyil. Əksinə, müasir model tamamilə fərqli ola bilər. Elektron və vahid bilet sistemi, dəmir yolu–dəniz–avtomobil nəqliyyatının inteqrasiyası, limanlarda rahat transfer imkanları, əvvəlcədən müəyyən edilmiş sabit cədvəl, sərnişin və avtomobillər üçün müasir Ro-Pax gəmiləri, turizm paketləri, Orta Dəhliz üzərində yerləşən şəhərlər arasında birbaşa səfər imkanları. Belə bir sistemdə sərnişin Bakıdan gəmi ilə Xəzərin digər sahilinə keçdikdən sonra səfərini dəmir yolu ilə davam etdirə bilər. Beləliklə, dəniz nəqliyyatı ayrıca xidmət olmaqdan çıxaraq multimodal Orta Dəhlizin sərnişin komponentinə çevrilə bilər. Bununla Xəzərin qarşı sahilləri arasında insanların hərəkəti artacaq, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında turizm və biznes əlaqələri genişləndikcə alternativ nəqliyyat növünə ehtiyac yaranacaq. Aviasiya ilə yanaşı dəniz nəqliyyatı da alternativ seçim təqdim edə biləcək. Həmçinin bu, Xəzər sahilində yerləşən liman şəhərlərinin inkişafına əlavə stimul verə bilər. Ən əsası isə Orta Dəhlizin mahiyyətini yalnız yük tranziti ilə məhdudlaşdırmamaq lazımdır. Dəhlizlər yalnız konteynerlərin hərəkət etdiyi xətlər deyil. Onlar həm də şəhərləri, iqtisadiyyatları və insanları birləşdirən nəqliyyat sistemləridir.Bakı–Aktau və Bakı–Türkmənbaşı kimi istiqamətlərdə sərnişin daşımalarının iqtisadi, turizm və nəqliyyat potensialı ayrıca öyrənilməlidir. Biz keçmişin uğurlu təcrübəsini müasir texnologiya və yeni nəqliyyat imkanları ilə gələcəyə daşıya bilərik.