Prezidentin nüfuzlu forumda çıxışı böyük hadisədir
Prezidentin nüfuzlu forumda çıxışı böyük hadisədir
Hər şeydən öncə ona görə ki, bu beyin mərkəzinin ənənəvi olaraq təşkil etdiyi forumlar daima dünya ictimaiyyətinin diqqət mərkəzində olur
Sentyabrın 2-də İtaliyada "The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın senarisi” mövzusunda 48-ci beynəlxalq Forum keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev İtaliya dövlət başçısı Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin dəvəti ilə beynəlxalq foruma əsas qonaq qismində qatılıb.
Dövlət başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. Azərbaycan lideri geosiyasi proseslərin, dünyanın siyasi mənzərəsinin masaya yatırıldığı beyin mərkəzinin qonağı kimi, forumun kürsüsündə nitq söyləyib. Dünyada gedən proseslər, “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” barəsində fikirlərini bölüşüb. Qeyd edək ki, “The European House – Ambrosetti” İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirir.
Yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Bu il Azərbaycan liderinin əsas qonaq olaraq iştirak etdiyi Çernobbio Forumu İtaliyada dövlətlərin rəhbər şəxslərinin, rəsmilərinin, İtaliya və Avropanın böyük şirkətlərinin rəhbərlərinin bir araya gəldiyi ən nüfuzlu platformadır. Forum yüksək səviyyəli qonaqlar, beynəlxalq siyasi və iqtisadi səhnənin aparıcı liderləri ilə görüşmək və müzakirələr aparmağa şərait yaradır. Forum zamanı nüfuzlu ekspertlərin töhfəsi ilə biznes ictimaiyyəti və İtaliya üçün aktual olan məsələlərlə bağlı hazırlanmış ən mühüm tədqiqatlar təqdim edilir. Qeyd edildiyi kimi, İtaliya üçün xüsusi önəm kəsb edən ölkələrin dövlət və hökumət başçıları və rəsmi şəxsləri Forumun ilk gününə dəvət edilirlər. Azərbaycan Prezidenti də nüfuzlu Foruma ilk gün dəvət olunmuş xüsusi qonaqlardandır. Şübhəsiz, bu amil dövlət başçımızın qlobal aləmdə böyük nüfuza sahib olmasından xəbər verir.
Millət vəkili Hikmət Babaoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İtaliyaya işgüzar səfəri və görüşləri iki ölkə arasında strateji münasibətlərin daha da dərinləşməsi və gələcək əməkdaşlıq imkanlarının perspektivləri baxımından olduqca əhəmiyyətli idi. Deputatın sözlərinə görə, səfər çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması İtaliya-Azərbaycan arasında yeni səhifə açdı:
“Azərbaycan Prezidentinin 48-ci beynəlxalq Çernobbio Forumunda iştirakı ayrıca bir hadisə hesab edilə bilər. Hər şeydən öncə ona görə ki, bu beyin mərkəzinin ənənəvi olaraq təşkil etdiyi forumlar daima dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Avropanın geosiyasi və geoiqtisadi maraqları daxilində olan prioritet məsələlərin müzakirə edildiyi mötəbər bir platforma hesab edilir. Hazırda Avropa özünün şərqində yaşanan müharibə kontekstində həm siyasi birlik, həm iqtisadi-maliyyə münasibətləri, həm də enerji təchizatı və təhlükəsizliyi baxımından olduqca kritik bir mərhəldən keçməkdədir. Belə mürəkkəb şəraitdə Azərbaycan Prezidentinin verdiyi ismarıclar təkcə Azərbaycan-İtaliya münasibətlərinin gələcəyi deyil, bütövlükdə ən böyük ticarət tərəfdaşımız olan Avropa İttifaqı ilə münasibətlər baxımından vacib əhəmiyyət kəsb edirdi.
Prezident “The European House – Ambrosetti” beyin mərkəzindən mühüm mesajlar verdi. Nəzərə almaq lazımdır ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Müxtəlif illərdə Çernobbio Forumunda dünya ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.
"The European House – Ambrosetti” beyin mərkəzinin Forumuna dəvət Prezident İlham Əliyevin şəxsiyyətinə böyük hörmətin ifadəsidir. Azərbaycan Prezidenti bu mötəbər platformadan Avropanın gələcək enerji təhlükəsizliyi, yaşıl enerji üzrə tərəfdaşlıq, beynəlxalq hüquq və onun tələblərinin yerinə yetirilməsi kontekstində uzunmüddətli və etibarlı tərəfdaşlığın mümkün olması məsələlərindən danışdı. Azərbaycanın da beynəlxalq münasibətlər sistemində milli maraqları və beynəlxalq hüququ əsas tutduğunu bildirdi. Bütün bunlar isə İtaliya və Avropa ölkələri ilə əməkdaşlıqda yeni imkanlar yaradan paradiqmalar kimi qəbul edildi”.