Putin Paşinyana yekun sülhə dair istiqamətlər verib? – AKTUAL 

“Rusiya prezidenti iqtisadi kommunkasiya layihələrinin bərpası üçün sülh müqaviləsinin imzalanmasını məqbul hesab edir”
Oktyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyanın Moskvada bu il sayca dördüncü görüşü baş tutub. Onların görüşdən öncə verdiyi açıqlamalardan başqa, Kütləvi İnformasiya Vasitələrinə müzakirənin detalları barədə heç bir informasiya verilməyib. Bağlı qapılar arxasında keçirilən görüşdə hansı məsələlərin masaya yatırıldığı təxminən bəllidir. Ancaq ictimaiyyətə geniş məlumatın verilməməsi diqqətləri cəlb etməmiş deyil.
Görüşün pərdəarxası məqamlarını “Sherg.az”a şərh edən beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidovun sözlərinə görə, Ermənistan Rusiyanın bölgədə əsas strateji müttəfiqidir. Ancaq Paşinyan hakimiyyətə gəldikdən sonra bu görüşlərdə səngimə yaranmışdı:
“Çünki Paşinyanın anti-Rusiya mövqeyi var idi. Lakin İkinci Qarabağ müharibəsindən sonra Ermənistan baş naziri Rusiyanın dəstəyi olmadan ölkəsinin hansı vəziyyətdə olduğunu əyani şəkildə gördü. Bəziləri Paşinyanın ancaq Qərb tərəfindən idarə olunduğunu düşünür. Amma belə deyil. Düşünürəm ki, Paşinyanın ipinin bir qismi Qərbin, bir qismi isə Rusiyanın əlindədir. Görüşdə müzakirə olunan məsələlər arasında Ermənistanın Rusiyanın təşəbbüskarı olduğu Avrasiya İqtisadi İttifaqındakı rolu, həmçinin KTMT-dəki birgə fəaliyyətləri də yer alır. Ermənistan hər iki qurumun üzvüdür. Həmçinin iki ölkə arasında qarşılıqlı maraq kəsb edən məsələlər də masada olub. Ən əsası isə Qarabağ ətrafında müzakirələr baş tutub”.
Ekspertin fikrincə, Putinin Paşinyanı Moskvaya dəvət etməkdə məqsədi üçtərəfli bəyanatda razılaşdırılmış məqamların yerinə yetirilməsi və sürətləndirilməsidir:
“Çünki xüsusilə Ermənistan tərəfi razılaşdırılmış məsələlərin yerinə yetirilməsini ləngidir. Kommunikasiyaların, əsasən də Zəngəzur dəhlizinin açılması sənəddə əksini tapır. Lakin Ermənistan hələ də bununla bağlı qəti mövqe bildirmir. Ermənistanın daxilindəki Paşinyan əleyhdarları hər fürsətdə baş naziri Zəngəzuru Azərbaycana satmaqda günahlandırırlar. Putin bu görüşdə Paşinyana bir növ “qulaq burması” verib. Yəni proses sürətlənməlidir, çünki burada Rusiya əsas qarant rolunu oynayır. Ola bilsin ki, Ermənistana sülh sazişinin imzalanması ilə bağlı müəyyən istiqamətlər də verilib. Putin özü də iqtisadi kommunkasiya layihələrinin bərpası üçün sülh müqaviləsinin imzalanmasını məqbul hesab edir.
 Bölgədə baş verən son prosesləri nəzərə alsaq, görərik ki, bunların hər birində Rusiyanın iştirakı özünü göstərir. Bir müddət bundan öncə Putin İranın XİN başçısını Moskvaya dəvət etmişdi. 
Bundan başqa Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, indi də Paşinyanla görüş onu göstərir ki, Putin hələ də regionda dominantlığını saxlamaqda maraqlıdır. 
Bunu da beynəlxalq aləmə mesaj olaraq göstərir. Yəni “Regionda baş verənlər mənim marağımı kəsb edən proseslərdir. Mənim istəyim və iradəm olmadan hansısa bir müdaxilə və yaxud dinamik hal baş verə bilməz”. Putin bu kimi görüşlər təşkil edərək fəallığını nümayiş etdirməyə çalışır.   Regiondakı sabitliyin təmin olunmasına maneçilik törədən əsas qüvvələrdən biri məhz Ermənistan və İrandır. Rusiya isə hazırda iqtisadi və kommunikasiya dəhlizlərinin açılmasına cəhd göstərir, çünki bu kommunikasiyaların açılmasında müəyyən dvidentləri var”.