Tarixi gün...

İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır
Bu ölkə Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır
  Sentyabrın 1-də Romada Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı olub. Açılışda İtaliyada işgüzar səfərdə olan Prezident İlham Əliyev iştirak edib. Dövlət başçısı yeni binada yaradılan şəraitlə tanış olub. Səfirlik binasında İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi də keçirilib. 
Mərasimdə çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycan və İtaliya gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcək. Ölkə rəhbəri qeyd edib ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir: "Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək".
  Prezident vurğulayıb ki, İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır: 
"Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq. Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya Xarici işlər naziri, cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək". Dövlət başçısı bəyan edib ki, İtaliya ilə Azərbaycan arasında çox güclü siyasi-iqtisadi əlaqələr mövcuddur: "İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb". 
  Qeyd edək ki, İtaliyaya səfəri çərçivəsində Prezident İlham Əliyev həmçinin, italiyalı həmkarı Sercio Mattarella və Nazirlər Şurasının sədri Mario Draqi ilə də geniştərkibli görüş keçirib. 
Politoloq Sədrəddin Soltan bildirib ki, Azərbaycan-İtaliya əlaqələrinin yaşı bir əsrdən artıqdır. Ekspertə görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də iki ölkə arasında bir sıra sahələr üzrə münasibətlər mövcud olub: 
"Müstəqilliyin bərpasından sonra İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvar 1-də tanıyıb, diplomatik əlaqələr isə 1992-ci ilin may ayının 8-də qurulub. Bu ölkənin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü çıxışlarında və görüşlərdə müdafiə ediblər. Bundan əvvəl reallaşmış səfərlər sırasında məzmun və formasına görə ən önəmlisi 2020-ci ilin fevralın 19-21-də həyata keçirilmiş dövlət səfəri olub. Həmin səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənədin bilavasitə Prezident İlham Əliyev və o vaxtkı Baş nazir Cüzeppe Konte tərəfindən imzalanması bu sənədin siyasi yükünün göstəricisi sayıla bilər. Yeri gəlmişkən, bir müddət əvvəl İtaliyada daxili siyasi böhran yaşanıb. Qanunvericilik məsələləri ilə əlaqədar partiyalar arasında konsensusa nail ola bilməyən baş nazir Mario Draqi istefasını elan edib və hökumət vaxtından əvvəl səlahiyyətlərini başa çatdırıb. Ənənəyə görə, müvəqqəti hökumət dövründə İtaliyada xarici rəsmi heyətlərlə görüş keçirilmir. Ancaq hökumətin məhdud çərçivədə fəaliyyət göstərməsinə baxmayaraq Prezident İlham Əliyevin işgüzar səfərinin baş tutması İtaliya tərəfinin Azərbaycanın dövlət başçısı və ölkəmizlə strateji əlaqələrə verdiyi böyük önəmin göstəricisidir. Bu, həmçinin, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin İtaliyanın prioritet milli marağı olduğunu nümayiş etdirir". 
  Analitik deyib ki, ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib:
 "İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir. Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətləri, iqtisadi-ticarət sahəsində əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. 2022-ci ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi11 milyard dollardan çox olub. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır. Bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə 3-cü yeri tutur. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Bir sıra şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində iştirak edir".