Türk tədqiqatçı: “Zəngəzur şərtsiz qaytarılmalıdır” – "İlmə" açılsın!

“Türkiyə başda olmaqla, bütün türk dünyası bu “düyün”ün açılmasına ciddi-cəhdlə çalışmalıdır”


Sonuncu Qarabağ müharibəsindəki qələbə nəticəsində Azərbaycan özünün tarixi torpaqlarının çox böyük hissəsini, o cümlədən Şuşanı, Laçını, Ağdamı, Cəbrayılı, Füzulini, Hadrutu...geri aldı. İndi həmin ərazilərdə idarəetmə strukturu yaradılır, abadlıq işləri görülür. Lakin hələ də ədalət tam bərpa olunmayıb. Belə ki, düşməndə qalan torpaqlarımız var. Bunlardan bir hissəsi yuxarıda adlarını çəkdiyimiz rayonlarla eyni vaxtda işğal olunan Xankəndi, Xocalı, Əsgərandırsa, digəri təxminən bir əsrdir tapdaq altında qalan Zəngəzurdur. Lakin biz heç vaxt oranı unutmadıq, tarixi torpağımızın itirilməsi ilə barışmadıq. Zəngəzurun azad edilməsi elə bu gün də prioritetlərimizdəndir. Bəs hansı yolla? Bu dəfə də “Dəmir yumruğ”umuzu işə salmalıyıq, yoxsa hüquqi-diplomatik təzyiq göstərməliyik? Ekspertlərin fikrincə, Zəngəzur dəymiş maddi ziyan qarşılığında da bizə qaytarıla bilər. Hər halda dəqiq bilinən budur: Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır və gec-tez orada da üçrəngli bayrağımız dalğalanacaq. 

 Türkiyəli gənc tədqiqatçı Kübra Bakal Gelir sözügedən ərazimiz barədə “Sherg.az”ın suallarını cavablandırdı: 

- Azərbaycanın tarixi zəfərini necə qiymətləndirirsiniz?

- Təxminən iki yüz illik bir müddətdən sonra cəmi 44 günlük müharibə nərticəsində əldə edilmiş qələbə münasibətilə Azərbaycanı və bütün türk dünyasını təbrik edirəm. Bu, təkcə Azərbaycanın problemi deyildi. Rəsmi Bakı bölgədə güclü bir dövlətə çevrilərkən həm də “Böyük Ermənistan” ideyalarına zərbə vurdu. Yəni bu, çox mühüm zəfər idi. Amma onu deməliyik ki, məsələ tam həllini tapmayıb. Üçüncü tərəflərin diplomatik həmlələrini və “təmizlənən” ərazilərin bərpasını nəzərə alsaq, deməli, hələ görüləcək çox iş var. 

- Ermənilər Zəngəzurun da onların tarixi torpaqları olduğu fikrində israrlıdırlar. Düşməni hansı faktlarla susdura bilərik?

- Əslində bugünkü Ermənistanın 80 faizi Azərbaycan, türk torpaqlarıdır. Ermənilər Gülüstan və Türkmənçay müqavilələrindən sonra həmin əraziyə gəlməyə və məskunlaşmağa başladılar. Ardınca ərazinin sahibləri olduqlarını deyərək saxta tarix yazdılar. Fəqət, oralar türk torpaqlarıdır. Zəngəzur isə əsla mübahisə mövzusu deyil. Bunu rayonun adından da görmək olar. “Zəngəzur” ismi mənbələrdə “Zəngənə” və ya “Zəngi” olaraq göstərilən türk qəbilələrindən birinin adıdır. Ermənilər “Zəngəzur” adı haqqında “səsli mağara, dərə” kimi mənalar çıxarmağa çalışsalar da, “Zəngi” ilə başlayan başqa əraziləri yoxdur. Halbuki bütün türk dünyasında və ya Anadoluda “Zəngi”, “Zəngitəpə”, “Zəngərik” və s. kimi yerlər var. Eyni zamanda keçmişə nəzər salsaq görərik ki, yüz illər türk atlarının qaçdığı bu torpaqlara ermənilər qəfildən sahiblənsələr də, əbədi qalmaları mümkün deyil. 

- Vaxtı ilə bu ərazinin ermənilərə verilməsində rusların hansı rolu olub?

- O zaman regiondakı əsas güc Rusiya idi. Ermənilər fəaliyyətə başlayanda tarixin bütün dövrlərində olduğu kimi “ağa” axtardılar. Və Kreml onlara “böyük qardaş” oldu. Çünki Moskvanın özünün də bölgə ilə bağlı məqsədləri və mənfəətləri var idi. 1920-ci ildə bolşeviklər Azərbaycanda hakimiyyəti ələ aldılar. Bundan istifadə edən ermənilər sərhəd tanımadıqlarını dedilər. Ruslar Naxçıvan və Zəngəzurun gələcəkdə onlara lazım ola biləcəyini düşünərək həmin ərazilərin ermənilərdə qalmasından yana oldular. Beləliklə, Naxçıvan Azərbaycanın quru sərhədlərindən ayrıldı. Əlbəttə, əsas məqsəd məlum idi: Rusiyanın diplomatik maraqları çərçivəsində Azərbaycanla türk dünyası arasındakı quru sərhədləri kəsmək. Əslində isə həm dəTürkiyə ilə Şərqi türk dünyasının əlaqələrinin kəsilməsi kimi bir məqsəd gündəmdə idi. Azərbaycan 1920 il dekabrın 1-də Zəngəzurdan “könüllü” olaraq çəkilmiş və həmin ərazini Ermənistana “bağışlamışdı”. Sözsüz ki, bu, rejim dəyişikliyinə rəğmən, Rusiyanın regionda dəyişməyən imperatorluq siyasətinə görə idi. 1991-1994-cü illərdəki hadisələr də bu planın tərkib hissəsi olub. SSRİ dağılanda ruslar erməniləri o vaxt ordusu və gücü çox zəif olan Azərbaycan torpaqlarını işğala təhrik etdilər. Ermənilər öz mübarizələrini apardıqlarını düşünürdülər. Hərçənd, məncə, bir imperatorluq siyasətinin “piyadası” olduqlarını da başa düşməli idilər. 

- Zəngəzurun təzminat olaraq Azərbaycana verilməsi barədə nə düşünürsünüz?

- Bu, bütün türklər üçün yaxşı olar. Çünki həmin torpaqlar müharibədə itirilməyib, zorla, qətliamlarla Azərbaycandan alınıb. Bu, təkcə Ermənistanın “uğuru” deyildi. Kulisdə böyük siyasi güclər var idi. İndi Zəngəzurun tarixi sahiblərinə qaytarılması Azərbaycanın gündəmində olmalıdır. Bütün türk dünyası üçün dəhliz olan Zəngəzurun geri alınması mümkünsüz deyil. Bu, təzminatsız da- diplomatik təzyiq vasitəsilə reallaşa bilər. Sözügedən məsələ xəyal, romantika təzahürü yox, Azərbaycanın “boğazındakı ilmə”dən xilas olmasıdır. Yəni mümkündür, haqqın bərpasıdır. Amma bunlar kifayət deyil. Azərbaycan məqsədinə çatmaqdan ötrü diplomatik, iqtisadi, hərbi gücünü artırmalıdır. Eyni zamanda Türkiyə başda olmaqla, bütün türk dünyası bu “düyün”ün açılmasına ciddi-cəhdlə çalışmalıdır. 

- Zəngəzur dəhlizinin açılmasının Azərbaycan və Türkiyə üçün əhəmiyyəti nədir?

- Azərbaycan və Türkiyə tarix boyunca əlaqələrini kəsməyən iki dövlət, bir millətdir. Zəngəzurun açılması türk dünyası ilə qüsursuz əlaqələri təmin edəcək. Nəticədə regionda iqtisadi, mədəni əlaqələr inkişaf edəcək. Beləliklə, təkcə bölgədə yox, eləcə də dünyada sülh və sabitliyə ciddi töhfə veriləcək. 

- Elə isə Ermənistan hansı şərtlərlə buna razı olar?

- Rəsmi İrəvan öz rifahını düşünərək düzgün addımlar atmalıdır. İşğalçılıq siyasəti onu peşman etdi. Müharibə düşmənə sözügedən ritorikanın “dalan” olduğunu başa saldı. Daxildəki son vəziyyət “papaqlarını qarşılarına qoyub” soyuqqanlı düşünmələri üçün onlara fürsət ola bilər. Yəni əslində Ermənistan hakimiyyəti öz gələcəyinin qayğısına qalırsa, digər tarixi Azərbaycan torpaqları kimi, Zəngəzuru da şərtsiz-filansız qaytarmalıdır. 

-Siz də qeyd etdiniz ki, Ermənistanda xaotik siyasi vəziyyət hökm sürür. Ehtimal edilən hakimiyyət çevrilişi üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsinə necə təsir göstərəcək?

- Bunun təsiri olmayacaq. Problem iqtidarda yox, iqtisadiyyatın bərbad vəziyyətdə olmasıdır. Azərbaycanın gücü davam etdiyi müddətdə Ermənistanda kimin hakimiyyətə gəlməsi əhəmiyyətsizdir. Bəyanatın şərtlərinin pozulması istiqamətində hansısa addım atılanda  Azərbaycanla Rusiya Ermənistana müdaxilə etməkdən çəkinməyəcək.