Xarici jurnalist:“Dünya Azərbaycanın sülh istədiyini başa düşməlidir”

 Sentyabrın 27-də başlanan və 44 gün davam edən sonuncu Qarabağ müharibəsi, əlbəttə, təkcə daxildə izlənilmirdi. Hətta ayrı-ayrı qitələrdə də bizdən, aprdığımız haqq savaşından danışılırdı. Düzdür, bəzən kontekstlər, baxış bucaqları fərqli olurdu. Bunu danmaq olmaz. Çünki ötürülən informasiya heç də hər zaman birmənalı deyildi. Deməli, Vətən savaşı dövründə təkcə hərbçilər yox, həm də jurnalistlər mübarizə aparırdı. Sevinclə, qürurla deyə bilərik ki, sonda biz təkcə hərb meydanında deyil, eləcə də diplomatik müstəvidə, informasiya məkanında qalib gəldik. Hətta bir sıra hallarda  ciddi təzyiqlərə, təxribatlara məruz qalsaq belə.


 “Sherg.az” olaraq 44 günlük hərbi əməliyyatlarda informasiya məkanındakı fəaliyyətimizi qiymətləndirməkdən ötrü britaniyalı tanınan jurnalist, multimedia təlimçisi Dan Masonla müzakirələr apardıq.

- Azərbaycanın tarixi qələbəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan hərbçiləri çox operativ davrandılar və məqsədə sürətlə çatdılar. Eyni zamanda ordunuz təmkinliliyi və peşəkarlığı ilə  beynəlxalq qurumların rəğbətini qazandı. Lakin rəsmi Bakı üçün qələbə bununla bitmir. Mən bilirəm ki, Azərbaycan regionda sülhü və sabitliyi qorumaq istəyirsiniz. Bunun üçün çalışmaq lazımdır.

- Qazanılan zəfərdə jurnalistlərin rolu nədən ibarət oldu?

- Müharibə yerli jurnalistlər üçün fəaliyyət qaydalarını dəyişdirir. Belə ki, informasiya axını üzərində daha sıx nəzarət olur, xəbərə tələbat artır. Əlbəttə, bu cür şəraitdə işləmək daha çətindir. Eyni zamanda cəbhə müxbirləri müəyyən təhlükəsizlik qaydalarını da nəzərə almalı olurlar. Azərbaycan jurnalistlərinin əsas işi informasiyaya olan tələbatı ödəməkdən, məsuliyyətli davranmaqdan və etibarlı mənbələrə istinad etməkdən ibarət idi. Məncə, bunu bacardılar.

- Belə vəziyyətlərdə informasiya müharibəsi ilə bağlı nə deyə bilərsiniz?

- İnformasiyanın və ya dezinformasiyanın hərbi vəziyyətə, beynəlxalq ictimai rəyə təsir gücü müəyyənləşdikdən sonra ondan silah kimi istifadə olunur. Fors-major hadisələr zamanı mövcud durumu dəyişmək üçün informasiya savaşından istifadə edilməsinə dair xeyli nümunə var. Bu mənada peşəkar jurnalistlərin yaydıqları xəbərlərin informasiya müharibəsinin bir hissəsi olduğunu iddia edə bilərik. Hərçənd “Twitter”dəki “Karabagh is Azerbaijan”, “Artshax is strong” haştaqları da top atəşini xatırladırdı. Əslində xüsusilə belə məqamlarda professional jurnalistlərin öhdəsinə böyük iş düşür. Əgər onlar insanların axtardıqları informasiyanı verə bilmirsə, bunu başqaları, o cümlədən sosial media istifadəçiləri “istehsal edəcəklər”.

- Düşmənin saxta xəbərlərinin qarşısını necə almaq lazımdır?

- Bu, az qala, qeyri-mümkündür. Daha məqsədəuyğunu “fake news”lara hazır olmaqdır. Fakt, yoxlama və etibarlı mənbələrə istinad yolu ilə saxta xəbərləri ifşa etmək müasir medianın bir hissəsidir. Bunun üçün fokuslanmış ağıla, sürətli reaksiyaya ehtiyac var. Sözügedən məsələ təxminən dalğaya qarşı sədd tikməyə bənzəyir. Professionalların diqqətli olması səddin möhkəmliyi deməkdir. Bu isə dalğanın, yəni dezinformasiyanın təsir gücünü azaldacaq.

-Belə vəziyyətlərdə ictimai rəy necə yaradılmalıdır?

- Yaxşı sualdır. İctimai rəy cəmiyyət həyatında reaksiyaya səbəb olan insanlar, hadisələr vasitəsilə formalaşdırılır. Ünsiyyət isə onun DNT-sidir. Məsələn, Prezident İlham Əliyevin müsahibələri və düşmənlərin Gəncədə törətdikləri dağıntılar məhz bu baxımdan xarakterik idi. Əslində Azərbaycanda ictimai rəy yaratmağa ehtiyac yox idi. Onsuz da hər kəs vahid fikirdə idi. Lakin xaricdə müəyyən fikir haçalanmasının olduğunu deməliyik. Bax, məhz bu məqamda ictimai şüuru formalaşdırmağa ehtiyac olur. Ölkənizdə yaşadığım illərdə tez-tez deyirdim ki, Azərbaycanın nüfuzu yalnız onun hekayəsini necə danışmaqdan asılıdır. Və bu hekayə beynəlmiləl dillərdən birində, məsələn, ingiliscə təqdim edilməlidir. Fikrimcə, mən bu istiqamətdə Azərbaycanda müəyyən işlər görə bilmişəm.

- 44 günlük savaş dövründə jurnalistlərimizin fəaliyyəti barədə nə deyə bilərsiniz? Bizim üstünlüklərimiz və qüsurlarımız nələr idi?

- Azərbaycandilli medianın fəaliyyəti haqqında tutarlı bir fikir söyləyə bilmərəm. Amma ölkənizdə xeyli jurnalist, o cümlədən redaktor yetişdirmişəm.
Onları özümə dost hesab edirəm. Sadiq, istedadlı və çalışqandırlar. Cəmiyyət belə jurnalistlərlə fəxr edə bilər. Müharibə dövründə Azərbaycandan hazırlanan ingilis dilindəki reportajları oxuyurdum. Həmçinin beynəlxalq KİV-in fəaliyyətini izləyirdim. Bəzi hallarda tərcümə qüsurlarının olduğunu etiraf etməliyəm.

- Oxşar vəziyyətlərdə ilk növbədə jurnalist olmaq lazımdır, yoxsa vətəndaş?

- Vətəndaş...Bu, peşəkarlığın bir hissəsidir. Bir jurnalist və redaktor kimi şəxsi fikrim dəyişməzdir: Jurnalistika güc tətbiqidir. Yaxşı jurnalist isə həmin güc vasitəsilə aid olduğu cəmiyyətə müsbət təsir göstərməyə çalışmalıdır. Məsələn, mən qayğı göstərdiyim üçün jurnalist oldum. Ümumiyyətlə, mən jurnalist etikasının vətəndaş kimi məsuliyyətimizə əsaslandığına inanıram. Biz jurnalist kimi obyektiv və peşəkar olmağımızla yanaşı, həm də insani dəyərlərimizə sadiqliyimizi nümayiş etdirməliyik. Dediyim kimi, bizim öz işimiz var. Və bu işi görərkən kim olduğumuzu, niyə bu işlə məşğul olduğumuzu və ən əsası tərəf müqabilimizi- auditoriyanı unutmamalıyıq. Yalnız bu halda bizə inana, etibar edə bilərlər. Əks halda yox.

- Avropada Qarabağ həqiqətlərinə münasibət necədir?

- Azərbaycanda media proqramları apardığım on il ərzində otuzdan çox xarici ölkədə oldum. Həmişə sizin ölkənin həqiqətlərini müdafiə etdim. Təəssüf ki, son illərədək bir çoxları Azərbaycanı xəritədə göstərə bilmirdilər. Lakin ard-arda keçirilən idman yarışları və xüsusilə Qarabağ müharibəsindəki zəfər nəticəsində dünya KİV-nin manşetlərinə çıxdınız. Bu, rəsmi Bakı üçün böyük fürsətdir. Fikrimcə, indi regional iqtisadiyyat qurmağın vaxtıdır. Dünya Azərbaycanın sülh və sabitlik istədiyini başa düşməlidir. Bunun üçün isə xüsusilə jurnalistlər beynəlxalq ictimaiyyətə nüfuz etməyi bacarmalıdırlar. Unutmayın, müharibədə qalib gələn silahlar, sülhü təmin edən isə ünsiyyətdir.