“Düşünürəm ki, müharibə dövrü artıq keçib”

Ceyms Uorlik: “Girovlar məsələsinə həm ABŞ hökumətinin, həm də həmsədrlərin münasibəti eyni olaraq qalır”




"Biz həmsədr qrupu olaraq Azərbaycana gəlməzdən öncə Ermənistanda və Vyanada olduq. Həm Ermənistanda, həm də Vyanada prezidentlərin bu ilin sonuna qədər görüşünün təşkilinin mümkünlüyünü müzakirə etdik”.

Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirilən mətbuat konfransında deyib.
"Prezidentlər arasında görüşün çərçivəsini müəyyənləşdirmək istəyirik ki, dövlət başçıları bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar aparsınlar. Hər iki ölkədə prezidentlərlə danışıqlarımız oldu. Danışıqlar əsnasında iki tərəfin də atəşkəs rejiminə riayət etməsinin zəruriliyini vurğuladıq, cəbhə xəttində hər hansı zorakılıq hallarının baş verməməsinin vacibliyini qeyd etdik”, - deyə diplomat bildirib.

O, son bir beçə ay ərzində təmas xəttində nisbətən sakitlik müşahidə olunduğunu qeyd edib: "Biz bu sakitliyin davam etməsini istəyirik. Düşünürük ki, cəbhədəki sakitlik gələcək etimadın qurulması, eyni zamanda tərəflərin biri-birinə hörmətlə yanaşması üçün bilavasitə zəmin yaradacaq”.

"Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi illər boyu müzakirə olunan məsələdir”

Amerikalı həmsədr mətbuat konfransında maraqlı məqamlara toxunub.
"Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi illər boyu müzakirə olunan məsələdir. Mən düşünürəm ki, sülhməramlı qüvvələrin yerləşdirilməsi və eyni zamanda beynəlxalq təhlükəsizlik zəmanəti istənilən münaqişənin həllinin əsas amillərindən biri olmalıdır”, - deyə o, söyləyib. Diplomat bildirib ki, bu məsələ münaqişəyə cəlb olunmuş hər iki tərəfin diqqətindən yayınmamalıdır və görüşlər zamanı müzakirə olunmalıdır.
Azərbaycanlı girovlar məsələsinə gəldikdə isə, həmsədr bu məsələyə toxunduqlarını vurğulayıb: "Girovlar məsələsinə həm ABŞ hökumətinin, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin münasibəti eyni olaraq qalır”.

"Ukrayna böhranı, Dağlıq Qarabağ və digər münaqişələr biri-birləri ilə müqayisə edilə bilməz”

"Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Helsinki Yekun Aktının prinsipləri - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri əsasında həll olunmalıdır”.

Bu sözlər də amerikalı həmsədri Ceyms Uorlikə məxsusdur.

Ukraynanın Donbas regionundakı münaqişə ilə Azərbaycanın Dağlıq Qarabağ regionundakı münaqişənin nə ilə fərqləndiyi barədə suala C. Uorlik belə cavab verib: "Münaqişələr fərqlidir. Hər bir münaqişənin özünün mənbəyi, tarixi var. Ukrayna böhranı, Dağlıq Qarabağ və digər münaqişələr biri-birləri ilə müqayisə edilə bilməz. Hər bir münaqişəyə bilavasitə münaqişənin zəminindən asılı olaraq müxtəlif yanaşmalar olmalıdır. Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktının prinsipləri - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri əsasında həll olunmalıdır”.
ABŞ prezidentinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edib-etməyəcəyi barədə sualı cavablandıran diplomat ABŞ prezidenti Barak Obamanın planları barədə danışmaq
istəmədiyini söyləyib: "Mən prezident Obamanın planları barədə danışmaq istəmirəm. Lakin ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri və həmsədrlərin özləri çox istəyir ki, hər iki ölkənin prezidentləri onlara münasib olan zamanda bir araya gəlsinlər və münaqişənin sülh yolu ilə həllinə dair irəliləyişə nail olsunlar”.

"Bütün fəaliyyətlər münaqişənin sülh yolu ilə həllinə istiqamətləndirilib”

"Hüquqşünas olmadığıma görə hər hansı hüquqi məsələ barədə ətraflı danışa bilmərəm. Onu deyə bilərəm ki, istənilən müstəvidə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar tərəflərin marağındadır. Tərəflər özü də bu istiqamətdə böyük əzmkarlıqla işləyir. Bütün fəaliyyətlər münaqişənin sülh yolu ilə həllinə istiqamətləndirilib. Münaqişənin həlli həm Azərbaycan, həm də erməni xalqlarının marağında və xeyrinədir”.

Bunu Ceyms Uorlik "Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar hüquqi sənəddir. Siz nizamlanma prosesində beynəlxalq hüququ özündə əks etdirən bu sənədə istinad edəcəksinizmi” sualına cavabında deyib.
"Mən və Minsk Qrupunun digər həmsədrləri ən sıx və praqmatik şəkildə fəaliyyət göstərərək, çalışırq ki, hər iki tərəfi təmsil edən nazirlər və prezidentlər öz xalqlarının maraqlarını təmin edən dinc yolla həll variantını tapsınlar. Düşünürəm ki, müharibə dövrü artıq keçib. Bu müharibədə həddindən artıq qurban verilib, həddindən artıq vəsaitlər itirilib”, - deyə C. Uorlik bildirib.

"Fikrimcə, heç bir tərəf müharibə istəmir”

"Fikrimcə, həm Azərbaycan prezidenti, həm də Ermənistan prezidenti ümumiyyətlə müharibə istəmir və hər iki tərəf münaqişənin sülh yolu ilə həll olunmasına dair öz öhdəliyinə sadiqliyini və bağlılığını artıq nümayiş etdirib”.

Ceyms Uorlik jurnalistin əsir və girovların azad edilməsi kimi kiçik bir məsələdə heç bir güzəştə getməyən Ermənistanın Dağlıq Qarabağ probleminin həllində hansısa güzəştə gedəcəyinin nə dərəcədə real olduğu barədə sualını cavablandırarkən deyib.
"Sualınız vacib bir məqama toxunur. Bu məqam ondan ibarətdir ki, tərəflər arasında tam etimad yoxdur. Etimad bilavasitə danışıqların zəminini təşkil etməlidir. Tərəflər arasında etimadın yaradılması və möhkəmləndirilməsi üçün kiçik addımlar çox böyük rol oynayır. Mühüm olan bu kimi kiçik addımları atmaq çox vacibdir. Bu kimi addımlara misal olaraq Azərbaycan tərəfinin erməni atletlərinin Bakıda təşkil olunan I Avropa Oyunlarına dəvət olunmasını göstərə bilərik. Biz Ermənistan atletlərinin Azərbaycana gəlməsinin və yarışlara qatılmasının şahidi olduq. Bu kimi kiçik addımlar tərəflər arasında etimadın yaradılması və möhkəmləndirilməsi üçün çox mühümdür”, - deyə o bildirib.

 "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair istənilən beynəlxalq təşkilat tərəfindən göstərilən dəstəyi alqışlayırıq”

"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa İttifaqı, eləcə də, istənilən beynəlxalq təşkilat tərəfindən göstərilən dəstəyi alqışlayırıq”.
Amerikalı həmsədr hər iki münaqişə tərəfinin bilavasitə özlərinin Dağlıq Qarabağ formatında fəaliyyət göstərərək danışıqları davam etdirməyə dair öhdəliklərə sadiqliyini nümayiş etdirdiyini bildirib. (apa)
Tərəflər arasındakı gərginliyin və etimadsızlığın aradan qaldırılmasına dair ATƏT-in hansı planlarının olması barədə jurnalistin sualını cavablandıran həmsədr bildirib ki: "Tərəflər arasında etimadın o qədər də güclü olmaması barədə danışarkən mən digər fundamental bir məsələni xatırladım. Xatırlayıram ki, azərbaycanlılar və ermənilər bir məkanda yaşamışlar, insanlar biri birinin ailələrini tanımış, birgə işləmişlər. Lakin belə bir vəziyyət yaranıb ki, hər iki tərəfdən - Azərbaycan və Ermənistan tərəfindən artıq bir nəsil böyüyüb ki, xalqlar arasında olan bu kimi əlaqəni görməyib. Lakin mən ümid edirəm ki, elə bir gün gələcək ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağa dair razılaşdırılmış həll tapılacaq, və azərbaycanlılar və ermənilər təhlükəsiz və əmin-amanlıq şəraitində birgə yaşayacaq”.

Ceyms Uorlik etimadın yaradılması və daimi olaraq gücləndirilməsinin çox vaxt aparan və çətin məsələ olduğunu bildirib: "Bu çox vaxt aparan və çətin bir məsələdir, lakin bu o demək deyil ki, biz cəhdlərimizi kənara qoymalıyıq. Biz bu istiqamətdə fəaliyyət göstərərək, və tərəflər arasında etimadın yaradılmasına çalışacağıq. Azərbaycan-Ermənistan sərhədində, təmas xəttində yaranan zorakılıq halları bizi həmişə narahat edir. Eyni zamanda hər hansı istiqamətdə yaranan gərginlik bizi narahat edir. Hər zaman prezidentlərlə görüş zamanı biz bu məsələləri səsləndiririk. Tam əminliklə bildirə bilərəm ki, heç bir tərəf gərginliyin artmasını istəmir, düşünürəm buna görə onlar danışıqlara qatılır, və bizimlə bu istiqamətdə fəaliyyət göstərir”.