Gücümüz etiraf olundu...

Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda israrlıdır


Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri Aİ-nin Azərbaycanla tərəfdaşlığın inkişaf etdirilməsində olduqca maraqlı və israrlı olduğunu göstərdi. Artıq Avropa İttifaqı Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir və onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir. Həmçinin, bu qurum Azərbaycanın gücünü etiraf edir, onunla təzyiq, təhdid və ya bu kimi başqa vasitələrlə davranmağın heç bir nəticə verməyəcəyini başa düşür. Bununla yanaşı, nüfuzlu qurum Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir və bu ölkənin Cənubi Qafqaz, Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir.
Avropa İttifaqı Azərbaycanın güclü iqtisadi potensiala malik olduğunu, qarşılıqlı ticarət əlaqələrinin inkişafından Avropanın yüksək dividend əldə edəcəyini də görür.

"Azərbaycan Avropa İttifaqının etibarlı strateji və enerji tərəfdaşıdır”

Avropa İttifaqı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu və rəsmi Bakının müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini yüksək qiymətləndirir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da bəyan edib ki, Azərbaycan enerji sahəsində çox ciddi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) məqsədi qazın təhdid qismində istifadə edilməsinin aradan qaldırılmasıdır: "Ukraynadakı münaqişə göstərdi ki, bu cür təhdid hələ də mövcuddur”. D.Tusk bildirib ki, bu səbəbdən Aİ tədarüklərin şaxələndirilməsinə istiqamətlənib, Azərbaycan isə bu istiqamətdə İttifaqın əsas tərəfdaşıdır: "Hər iki tərəf üçün strateji cəhətdən əhəmiyyətli olan "Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı üzrə səylərimizi birləşdirməklə bağlı razılığa gəldik”. O deyib ki, rəqiblərin fəaliyyətinə baxmayaraq, Azərbaycan və Aİ layihənin vaxtında başa çatmasını təmin etməlidir: "Bu məsələ Avropa üçün tədarüklərin diversifikasiyası olduğu halda, Azərbaycan üçün ixrac imkanlarının genişlənməsi deməkdir”. Şura prezidentinin sözlərinə görə, Azərbaycanın regionda Aİ-nin ən iri ticarət tərəfdaşı olmaq potensialı var: "Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı olmaqla yanaşı, ölkədə mühüm investorlardan biridir”.
D.Tusk bildirib ki, Aİ Azərbaycanla gələcək ticarət əlaqələrinin genişlənməsində də maraqlıdır: "Əlverişli ticarət və investisiya mühitinin yaradılmasında yaxşı idarəetmə və qanunun aliliyi əhəmiyyətli məsələdir. Ehtiyac olduğu təqdirdə, Aİ bu məsələdə Azərbaycana kömək etməyə hazırdır”.

"Aİ və üzv ölkələr Dağlıq Qarabağ rejimini tanımır”

D.Tusk həmçinin vurğulayıb ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir: "Aİ və üzv ölkələr Dağlıq Qarabağı tanımır, status-kvo qeyri-sabitdir, münaqişənin sülh yolu ilə həll edilməsi isə Aİ üçün prioritet məsələ olaraq qalır. Bu məsələdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləməyə davam edirik. Biz nəinki hərbi əməliyyat, həmçinin radikal ton, düşmənçilik və ədavətə aparan bəyanatlardan da uzaq olmalıyıq. Çünki bunlar məsələnin həllinə xidmət etmir. Biz bu ritorikadan uzaq olmalıyıq, çünki bizə münaqişə lazım deyil. Ukraynada baş verənlər bu cür siyasət, ideologiya və münasibətin ən açıq nümunəsidir. Ümid edirik ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin göstərdiyi səylər sülhün bərpası üçün əsas olacaq”. Azərbaycan Prezidenti İlham Əliyev də Tuskla çıxışında Aİ ilə əməkdaşlığın əsas istiqamətlərini göstərib və deyib ki, Azərbaycan siyasi, iqtisadi və humanitar sahələr üzrə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə hazırdır. Ölkə başçısı qeyd edib ki, Azərbaycan bir çox ölkələrlə malik olduğu strateji tərəfdaşlıq münasibətlərini Avropa İttifaqı ilə də qura və inkişaf etdirə bilər. Bu münasibətlər bərabərhüquqlu, səmərəli olmalı, qarşılıqlı etimada əsaslanmalıdır. Tərəfdaşlıq münasibətlərinin əsasını təşkil edən razılaşdırılmış prinsiplərə riayət olunması hər iki tərəf üçün mütləq xarakter daşımalıdır. İkitərəfli münasibətlərdə təhdid, təzyiq, qarşılıqlı etimaddan sui-istifadə, daxili işlərə müdaxilə kimi zərərli addımlara yol verilməməlidir.

"Azərbaycan Avropa İttifaqına fayda verən tərəfdir”

Səfəri şərh edən millət vəkili, politoloq Rasim Musabəyov deyib ki, Cənubi Qafqazın üçdə ikisi Azərbaycan əraziləridir və Azərbaycanın-Aİ ilə ticarət dövriyyəsi Ermənistan və Gürcüstanın birlikdə dövriyyəsindən çoxdur: "Ermənistan və Gürcüstan Aİ-dən nəsə umur. Azərbaycan isə Aİ-yə fayda verən tərəfdir. Ona görə də Azərbaycanla münasibətlər qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Yəni, tərəflər arasında əlaqələr yuxarıdan aşağı, müəllim-şagird münasibətləri şəklində həyata keçirilə bilməz. Ona görə də Donald Tusk bəyan etdi ki, ikitərəfli sazişlər həyata keçirilmək üzrədir”.

"Səfər Azərbaycanla Aİ arasındakı münasibətləri düzəldəcək”

Politoloq Arzu Nağıyev də vurğulayıb ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri müsbət bir hal kimi qarşılanmalıdır: "Bu səfər Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Görüşdə siyasi və iqtisadi məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də fikir mübadiləsinin aparılması bu səfərin vacibliyini göstərdi. Əlbəttə, bir müddət əvvəl bir sıra insan haqları ilə bağlı qeyri-obyektiv fikirlər səsləndirən Avropanın bir neçə qurumlarının da mövqeyinə aydınlıq gətirilməsi bu səfər çərçivəsində mümkündür. Düşünürəm ki, Tuskun gəlişi Azərbaycanla Avropa Birliyi arasında gələcək üçün də mühüm rol oynayacaq”. Səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərəcəyi ilə bağlı suala isə politoloq belə cavab verib: "Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu gün regiondadırlar. Artıq bu münaqişə ocağının söndürülməsi bütün dünyanı, eyni zamanda Avropanı da narahat edir. Bu münaqişədə status-kvonun saxlanması bütün regional iqtisadi layihələrin də həyata keçirilməsinə əngəl törədir. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin sərt mövqeyi başadüşüləndir. Münaqişə 20 ildən artıqdır ki, davam edir. Prezidentin də qeyd etdiyi kimi, "Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ və 7 ətraf rayon 20 ildən artıqdır ki, erməni işğalı altındadır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini və 7 ətraf rayonu işğal edib və milyondan artıq azərbaycanlı bu təcavüzün qurbanına çevrilib və qaçqın, məcburi köçkün vəziyyətinə düşüb. Təsəvvür edin ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Ancaq bu qətnamələr illərdir yerinə yetirilmir. Artıq yetər. Bu məsələlərə son qoymağın vaxtıdır. Bu baxımdan Prezidentin mövqeyi təqdirəlayiqdir”.

"Qərb Azərbaycanla əvvəlki münasibətlərin bərpa edilməsində maraqlıdır”

Tuskun Azərbaycana səfərinin nəticələrini şərh edən politoloq Qabil Hüseynli də bəyan edib ki, tərəflər arasında iqtisadi və ticari münasibətlərin inkişafına böyük diqqət veriləcək: "Qərbin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini kəskin dəyişməsi Azərbaycana xeyli stimul verir. Bir sözlə, münasibətlər qaydasına düşəcək. Hesab edirəm ki, Qərblə Azərbaycan arasında münasibətlər pozulmayacaq və indiki səviyyədə qalacaq. Azərbaycan Rusiya və digər dövlətlərlə də münasibətlərini inkişaf etdirəcək. Amma bu, Qərbə yönəlmiş siyasət yeritməsinə maneçilik törətməyəcək. Münasibətlər Avropaya inteqrasiya fonunda getməsə də, Avropa ilə münasibətlərin qaydasında olmasına diqqət göstəriləcək”.

İsmayıl