Sterliqova haqlı olaraq cinayət işi açıldı

“Uzun müddət bizneslə məşğul olan sahibkar hər halda çox yaxşı bilirdi ki, işğal altında olan ərazilərdə torpaq alqı-satqısı ilə məşğul ola bilməz”



Azərbaycan Baş Prokurorluğu Rusiya biznesmeni German Sterliqovun Dağlıq Qarabağ regionuna köçməsi ilə əlaqədar cinayət işi qaldırıb. Xarici İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, Sterliqov Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan insanlarla cinayət sövdələşməsinə girərək, ölkə qanunlarının tələblərini kobud şəkildə pozub.

Qanunsuz rejimin təbliği məqsədilə Sterliqov iyulun 13-də Şuşada mətbuat konfransı keçirib və sosial şəbəkədə qondarma rejimə dəstək ifadə edib. Azərbaycanın ərazi bütövlüyünü pozmağa, etnik və dini ayrı-seçkilik salmağa və s. çağırıb. Bunun əsasında ona qarşı cinayət işi açılıb. Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı iş adamına qarşı qaldırılan cinayət işinin təşəbbüskarı İsrail vətəndaşı, hüquqşünas xanım Milana Qorenşteyn də bildirib ki, sahibkarın hərəkətləri bütün Dağlıq Qarabağ qaçqınlarına qarşı zorakılıq və təhqirdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da "Moskovski komsomolets” qəzetinə müsahibəsində rusiyalı sahibkar German Sterliqovun Dağlıq Qarabağa səfərinin nəticələrindən danışıb. Səfir bunun biabırçı fakt olduğunu qeyd edib: "German Sterliqov nümayişkaranə şəkildə fitnəkar hərəkət edib. O, əlbəttə ki, hara getdiyini bilirdi və Azərbaycanın rəsmi mövqeyi, həmçinin, belə bir addımın nəticələri ona məlum idi”.

Məsələyə münasibət bildirən tanınmış hüquqşünas İradə Cavadova Azərbaycan tərəfinin haqlı olaraq cinayət işi açdığını deyib: "Uzun müddət bizneslə məşğul olan sahibkar hər halda çox yaxşı bilirdi ki, işğal altında olan ərazilərdə torpaq alqı-satqısı ilə məşğul ola bilməz. Birincisi, özünə hörmət edən heç bir biznesmen belə bir hərəkətə yol verməz. İkincisi də, iş adamları xeyir götürmək üçün investisiya yatırırlar. İşğal altındakı ərazidən nə xeyir götürmək olar?! Deməli, rusiyalı milyarder Dağlıq Qarabağ ərazisinə təxribat törətmək üçün gəlib. Zəbt olunmuş ərazidə heç bir qanuni alqı-satqı həyata keçirilə bilməz. Hesab edirəm ki, onun hərəkətləri və bunu hansı səbəbdən etməsi müvafiq qurumlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Nəticəsindən asılı olmayaraq, işğal olunmuş ərazilərimizə qanunsuz olaraq səfər edən hər kəsə cinayət işi açılmalıdır”.

İsmayıl