Gürcüstandan əlini üzdü...

Saakaşvili Ukraynaya baş nazir gətirilir



Gürcüstanın sabiq prezidenti, Odessanın yeni qubernatoru Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edir. Bu barədə Odessa administrasiyasının mətbuat xidmətinin əməkdaşı Denis Samıqin bildirib. Məlumat üçün deyək ki, bundan əvvəl Saakaşvilinin müavini təyin olunmuş mərhum rusiyalı siyasətçi Yeqor Qaydarın qızı Mariya Qaydar Rusiya vətəndaşlığından imtina etmək niyyətində olduğunu və Ukrayna qanunlarına əməl edəcəyini söyləyib.

Qeyd edək ki, Ukrayna konstitusiyasına əsasən bu ölkədə ikili vətəndaşlıq qadağandır.

Məsələni şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, Saakaşvili növbəti dəfə Gürcüstan prezidenti seçiləcəyini iddia edirdi. Amma son zamanlar bu ölkədə yaşanan proseslər onu fikrindən daşındırdı: "Öz partiyasında da parçalanmalar baş verdi. Yəqin hesablayıb ki, Gürcüstana qayıdıb, hakimiyyətə gəlməsi çətin görünür. Həm də onu böyük təhlükə gözləyir. Gürcüstanda cinayət işi açılıb. Məhz bu səbəbdən Saakaşvili Ukrayna vətəndaşlığını qəbul edib”.

"Bu vətəndaşlıq Saakaşviliyə hansı imkanlar açacaq” sualına gəlincə, ekspert söyləyib ki, o, ilk növbədə qubernatoru olduğu Odessada işlərini genişləndirəcək: "Başqa ölkə vətəndaşının bu bölgəyə qubernator təyin olunması söz-söhbətlərə səbəb olmuşdu. Söz-söhbətlərə son qoymaq üçün o, Ukrayna vətəndaşlığını qəbul etdi. Artıq heç kim "sən başqa ölkə vətəndaşısan” deyə onu tənqid edə bilməz. Ukrayna vətəndaşlığı yeni qubernatora geniş manevr imkanları yaradacaq”.

Bununla yanaşı, E.Şahinoğlu bəyan edib ki, M.Saakaşvili Odessada çox ciddi islahatlara başlayıb: "O, ciddi fiqurları ətrafına toplayaraq, korrupsiyaya qarşı mübarizəyə başlayıb. Sabiq lider mübarizədə uğur qazansa, bölgənin gəliri artsa, insanların əmək haqqı və ya sosial təminatları yüksəlsə, M.Saakaşvilinin bu ölkədəki populyarlığı artacaq”.

Həmsöhbətimiz M.Saakaşvilinin Ukraynaya baş nazir gətirilməsini də istisna etməyib: "Odessa Ukraynada bir laboratoriyaya bənzəyir. Bu laboratoriyada əldə edilən müvəffəqiyyətlər bütün Ukraynaya yayıla bilər. Hətta ABŞ özü də Saakaşviliyə ciddi dəstək verir. İstəyirlər ki, o, uğur qazansın. Bütün bunlar reallaşarsa, düşünürəm ki, Ukrayna vətəndaşı kimi onun baş nazirliyə də iddiası mümkündür. Əslində buna ölkə başçısı Pyotr Poroşenko da dəstək verər. Çünki indiki baş nazirə inam azdır. Korrupsiyaya qarşı islahat apara bilmir. Amma Saakaşvili korrupsiya məsələlərinin üzərinə çox gedir. Korrupsiyaya bulaşanları işdən azad edir. Bir sözlə, sabiq dövlət başçısının Odessadakı fəaliyyətindən çox şey asılıdır. O, Odessada böyük nailiyyətlər əldə edərsə, Ukrayna siyasi arenasında irəli çıxa bilər”.

Ayyət Əhməd