“Ərdoğan regionda ikinci Amerika rolunu oynamaq istədi”

“Lakin çox ağır şəkildə öz şəxsi mənafeyi üçün apardığı mövqe mübarizəsində məğlubiyyətə uğradı”
Fərrux Məmmədov: “Türkiyədə istənilən kiçik terror hadisəsi və ya digər qarışıqlıq ölkədə ciddi xaos yarada bilər. İndi baxaq, görək bu xaosdan kim qazanacaq”


Şanlıurfada baş verən dəhşətli terror hadisəsindən sonra Türkiyə ictimaiyyəti yenidən gərgin dövrünü yaşayır. Qanlı hadisə və daha sonra yaşanan olaylar ölkə rəsmilərini əməlli-başlı çıxılmaz vəziyyətə salıb. Partlayışı törədənlər haqda müxtəlif versiyalar olsa da, əksər ekspertlərə görə, Türkiyəni qarışdırmaq istəyən qüvvələrin məqsədi ölkəni Suriya ilə müharibəyə sürükləməkdir. Qardaş ölkədəki proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, politoloq Fərrux Məmmədov Türkiyənin kritik dövr yaşadığını deyib.

- Türkiyədə koalisiya müzakirələrinin getdiyi qeyri-müəyyən bir zamanda ölkənin qarışdırılması nəyə hesablanıb?

- Türkiyə strateji mövqeyinə görə çox önəmli coğrafiyada yerləşir. Bu ölkəni strateji edən mühüm cəhətlərdən biri daxildə mövcud olan etnik xalqların çoxluğudur. Osmanlıdan sonra qurulmuş Türkiyə Cümhuriyyəti dünya ölkələri üçün dövlətçilik baxımından örnək hesab edilsə də, bu nümunəni və gücü sevməyən xarici və daxili qüvvələr var. Onlar yaxşı bilirlər ki, hazırda siyasi böhran yaşayan Türkiyədə istənilən kiçik terror hadisəsi və ya digər qarışıqlıq ölkədə ciddi xaos yarada bilər. İndi baxaq, görək bu xaosdan kim qazanacaq. Kim qazansa, deməli, terror hadisəsi də məhz onların təşkilatçılığı ilə edilib.

- Partlayışın konkret olaraq hansı qüvvələr tərəfindən, nə məqsədlə törədilməsini ehtimal etmək mümkündürmü?

- Burada terroru törədən şəxsdən daha çox onu ora göndərən önəmlidir. Partlayışla bağlı versiyalardan biri İŞİD-çi qızdır. Lakin unutmaq lazım deyil ki, bu cür böyük itkilərə səbəb olan partlayışların arxasında bir və ya bir neçə dövlətin kəşfiyyatı dayanır. Türkiyədə sabitliyi sevməyən bütün qüvvələrin bu işin arxasında olması mümkündür. Hadisədə Suriya, İran, Rusiya, Liviya və s. dövlətlərin xüsusi xidmət orqanlarının bu və ya digər formada əli ola bilmə ehtimalı yüksəkdir. Səbəb isə Türkiyənin yeritdiyi Suriya və İraq siyasətidir. Türkiyədə kürd məsələsinin həssas olduğu bir dönəmdə bu faciənin baş verməsi təbii ki, ölkə adına böyük təhdiddir. Türkiyə hökuməti tez bir zamanda daxili siyasətlə bağlı mühüm addımlar atmalıdır. Əks halda bunun daha geniş şəkildə davamı ola bilər!

- PKK-nın və HDP-nin işinə yarayan bu hadisələrdə terrorçu təşkilatın əli ola bilərmi?

- Türkiyəni qarışdırmaq istəyənlərin əsas hədəfi ölkə daxilində sabitliyi pozaraq İraq və Suriya ssenarisini burada tətbiq etməkdir. Əgər Türkiyədə xaos və ya buna bənzər hadisələr başlayarsa, o zaman Suriya, İraq və Yəməndə gedən proseslər ikinci plana düşəcək və orada mövqe savaşları zəifləyəcək. Türkiyənin parçalanması müxtəlif dövlətlər və qüvvələrlə yanaşı, Rusiyaya da sərf edir. Çünki Moskva Suriyanı itirmək istəmir. Suriya Kremlin Yaxın Şərq ərazisində son qalasıdır. İran da bu vəziyyətdən yararlanmaq niyyətindədir. Çünki Yəməndə apardığı mübarizədə vaxt udmaq istəyir. Eyni zamanda Əsəd rejimi də bu hadisələrdən istifadə edərək daha çox hakimiyyətdə qalmağa çalışır. PKK və HDP üçün də bu proses məqbuldur. Bu iki qüvvə ölkədəki hər qarışıqlıqdan Türkiyə dövlətinə təzyiq göstərmək üçün istifadə edirlər.

- Hadisədən sonra partiyalar biri-birini ciddi şəkildə ittiham etməyə başlayıblar. Sizcə, indiki məqamda koalisiya danışıqlarının nəticələri necə olacaq?

- Üzülərək qeyd etmək istərdim ki, parlament seçkilərinin bitməsindən çox vaxt keçməsinə baxmayaraq, Türkiyədə hələ də hökumətin formalaşdırılması prosesi baş tutmayıb. Proseslərdən çıxan nəticə odur ki, istər AKP, istər CHP, istərsə də MHP üçün dövlətçilik deyil, daha çox öz şəxsi mənafeləri önəmlidir. Ölkədə sabitliyi pozmağa çalışan qüvvələr olduğu halda, onlara qarşı birləşərək mübarizə aparmaq əvəzinə, hər üç partiya öz ambisiyaları üçün mübarizə aparırlar. Hər üç siyasi qurum bu hadisəyə görə biri-birini ittiham edir. Bu, vaxt itkisindən başqa bir şey deyil. Vaxt itkisindən qazanan tərəflər isə Türkiyədə xaos yaratmaq istəyən xarici qüvvələrdir.

- Sizcə, rəsmi Ankara belə bir şəraitdə hansı addımı atmalıdır? AKP öz mövqeyində dəyişiklik etməlidirmi?

- Rəsmi Ankaranın ilk öncə atacağı addım BMT, NATO və Qərb dövlətlərini əlində olan mövcud kəşfiyyat məlumatları ilə təmin etməkdir. Terrorla mübarizəyə dəstək almalıdır. Türkiyə
NATO ölkəsidir və bu məsələdə həmin Alyansda qapalı Sammitin keçirilməsi vacibdir. Əgər rəsmi Ankara bu məsələlərdə gecikərsə, beynəlxalq gücü arxasına almazsa, o zaman çox çətin bir proses yaşayacaq!

- AKP-nin Yaxın Şərq, İraq və Suriya siyasəti də ciddi tənqid olunur və indiki hadisələrə səbəb kimi göstərilir. Bu barədə fikriniz nədir?

- Ərdoğan hökumət başında olduğu zaman bir çox yanlış strateji gedişlər etdi. Onlardan ən başlıcası İsrail ilə münasibətlərin korlanması, digəri isə Suriya siyasətindəki mövcud tələskənliyi idi. Ərdoğan regionda ikinci Amerika rolunu oynamaq istədi, lakin çox ağır şəkildə öz şəxsi mənafeyi üçün apardığı mövqe mübarizəsində məğlubiyyətə uğradı. Hazırda Türkiyə manevr siyasəti yürüdür, çünki mövqe savaşında geri addım atmağa məcbur oldu. Bu baxımdan Ərdoğanın Yaxın Şərq siyasəti hələ ki, Türkiyə adına hər hansı uğur gətirməyib. Sadəcə, kağız üzərində və ya KİV-lər vasitəsi ilə bəyanatlar və çağırışlarla kifayətlənməli olub.

- Türkiyə üzləşdiyi çətin sınaqlardan çıxa biləcəkmi?

- Türkiyədə tez zamanda hökumət formalaşdırılmalı, ölkənin stabilliyi üçün əlavə tədbirlər görülməlidir. Partiyalar birləşərək böhranlı prosesdən qalib çıxmalıdırlar. Bu, vizyon baxımından Türkiyə dövlətinin düşmənləri önündə irəli keçməsinə kömək edəcək. Əks təqdirdə qeyri-müəyyənlik davam edəcək ki, bu da Türkiyə üçün yaxşı heç nə vəd etmir.

İsmayıl