Əməliyyata F-16 qırıcıları cəlb edilib







Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində "İŞİD” terrorçuları ilə Türkiyə əsgərləri arasında atışma baş verib. "Milliyet”in verdiyi məlumata görə, Kilisin Əlbəyli rayonu ərazisində, Suriya ilə sərhəddə keşik çəkən türk əsgərlərinə Suriyada "İŞİD”in nəzarətində olan ərazidən atəş açılıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb.

Hadisənin bir qrup "İŞİD” üzvünün Türkiyəyə keçməyə cəhd göstərərkən baş verdiyi, terrorçuların ölkəyə keçməsinə imkan verməyən əsgərlərin iriçaplı silahlardan atəşə məruz qaldığı bildirilir. Türkiyə hərbçilərinin cavab atəşi açdığı və 1 "İŞİD”çinin öldürüldüyü xəbər verilir. Bölgəyə əlavə qüvvələr göndərilib.
Türk ordusu İŞİD-in Suriyadakı mövqelərini tank və artilleriya atəşinə tutub.
Hərbi əməliyyat Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində baş vermiş insidentdən sonra başlayıb.
Məlumata əsasən, Türkiyə ordusu silahlıların sərhədyanı mövqelərini atəşə tutub. Nəticədə 1 terrorçu məhv edilib, İŞİD-in bir neçə dayaq məntəqəsi məhv edilib. Bildirilir ki, əməliyyata F-16 qırıcıları cəlb edilib.

Türkiyə hakimiyyəti Suriya ilə sərhədləri möhkəmləndirmək barədə qərar verib. Bir gün əvvəl ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Yerli mətbuatın yazdığına görə, danışıqlar zamanı liderlər Türkiyə-Suriya sərhədlərinin möhkəmləndirilməsi, terrorçu qrupların keçidinin qarşısını almaqla və fəaliyyətləri gücləndirməklə bağlı razılığa gəliblər.

Ötən gün isə Türkiyə mətbuatı Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhədləri möhkəmləndirməklə bağlı yeni tədbirlər planı hazırladığı haqda xəbər yayıb. Bildirilir ki, 2 milyard lirə dəyərində yeni plana əsasən Suriya ilə sərhədlər yeni texnika və vasitələrlə möhkəmləndiriləcək, ərazidən qanunsuz keçidin qarşısı alınacaq. Yeni Sərhəd Təhlükəsizliyi Planına əsasən sərhəd xətti boyunca beton hasarlar çəkiləcək, gözətçi qüllələri tikiləcək, sərhəd patrulu üçün asfalt yollar salınacaq, gücləndirilmiş məftil hasarlar, işıqlandırılma sistemləri, havadan pilotsuz uçuş aparatları vasitəsilə müşahidə və gücləndirilmiş post-patrul xidmətləri olacaq.

Baş nazirlik yanında İctimai Diplomatiya Koordinatorluğu Suriya sərhədlərinin təhlükəsizliyini təmin edəcək layihələr və əcnəbi döyüşçülərlə bağlı məlumat hazırlayıb. Bundan başqa DİN tərəfindən hazırlanan və 4 milyard 283 min lirə məbləğində İnteqrasiya Sərhəd Təhlükəsizliyi Sistemi layihəsi də Nazirlər Kabinetinə təqdim olunub. Yeni layihəyə əsasən Türkiyənin 2949 km uzunluğunda olan bütün quru sərhədini sutkanın bütün saatlarında və ilin bütün günlərində nəzarət altında saxlamaq, sərhəd pozuculuğunun qarşısını almaq məqsədi daşıyır. Layihənin əsas bölümü isə Suriya Sərhəd Fiziki Təhlükəsizlik Sistemi Layihəsidir. Layihə 911 km-lik Suriya sərhədinin mühafizəsinin gücləndirilməsini nəzərdə tutur.

Hürriyyət qəzetinin yazdığına görə, hökumətin yeni planına əsasən sərhəddə havadan davamlı müşahidə sistemi qurulacaq, pilotsuz aparatlar sərhədi izləyəcək. Havada sabit qalan bu qurğular sabit müşahidə imkanı yaradır. Eyni sistem uzun illər Meksika-ABŞ sərhədində tətbiq olunub. Bundan başqa sərhədin həssas ərazilərində divar hörüləcək, hərəkəti qeydə alan həssas məftillər çəkiləcək. Bundan başqa sərhədə qanunsuz yaxınlaşanlar vurulacaq.

İlk olaraq Qaziantep, Hatay, Şanlıurfa və Mardində həyata keçirilib. Bu bölgələrdə 365 min 70 metrlik xəndək qazılıb. O cümlədən 3386 metr divar hörülüb, 3366 metrlik isə daşına bilən beton divar quraşdırılıb, 70 km torpaq hündürlük tikilib. 144 km məftil xətt çəkilib.

Bundan başqa Türkiyə-Suriya sərhədlərinin təhlükəsizliyini 139 sərhəd zastavası qoruyacaq. Bundan başqa sərhəd birliklərinə əlavə olaraq 3 mexanikləşdirilmiş piyada taboru, 1 tank taboru, 1 motorlu piyada taboru və bir 1 komando taboru olmaqla 18 tabor qoruyacaq. Bu isə təxminən 20 min hərbçi və ya Türkiyənin ümumi sərhəd mühafizəsi qüvvələrinin yarısı deməkdir.

Türkiyə Ordusunun məlumatına görə, 2014-cü ildə 5450 qanunsuz sərhəd keçidi hadisəsi qeydə alınıb. 2015-ci ilin ilk 6 ayında bu rəqəm 9 min olub. 2014-cü ildə 2863 qaçaqmalçılıq hadisəsi baş verib. Bu ilin ilk 6 ayında 2900 fakt olub. Ötən il 70927 nəfər sərhədləri qanunsuz olaraq keçməyə çalışıb. Bu ilin 6 aylında 54 min nəfər saxlanılıb. (musavat.com)

Türkiyə hökumətinin açıqlamalarına görə, Türkiyə-Suriya və Türkiyə-İraq sərhədlərini keçməyə çalışan adı çəkilən 3 ölkənin vətəndaşı olmayan şəxslər "əcnəbi terrorçu döyüşçülər” olaraq adlandırılıb. 2014-cü ildə Türkiyə sərhədlərini 992 nəfər, bu ilin 6 ayında isə 468 nəfər keçməyə çalışıb. Onların təxminən yarısı, yəni 241 nəfər Çin vətəndaş (böyük əksəriyyəti uyğur), yerdə qalanlar müxtəlif ölkələrdən, o cümlədən 5 nəfər isə Azərbaycandan olub.