Afrika istiləri gəlir

Məsləhət görülür ki, idman etmək və stressdən uzaq durmaq isti havada rahatlıq gətirə bilər
Balanslı qidalanma, siqareti tərgitmək, çay və qəhvəni azaltmaq da bu qəbildəndir



Türkiyə mediası həyəcan təbili çalmağa başlayıb. Meteoroloqlar hesab edir ki, iyul ayında Avropada müşahidə edilən isti hava məhz Afrikadan gələn isti hava axınının təsirindəndir.

Azərbaycanda da iyul ayı və avqustun ilk yarısı ən isti müddət hesab olunur. Avqustun 15-dən sonra isə "quyruq donan” vaxt başlayır. Yəni, havalar sərinləyir. Amma hələ ki, iyul ayının ikinci onbeşgünlüyündəyik və havanın temperaturu da getdikcə yüksəlir.

Bizi necə hava gözləyir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, yay dövrü ərzində Azərbaycanda havanın temperaturunun iqlim normasından 0,5-1 dərəcəyədək yuxarı olacağı gözlənilir. İyul və avqust aylarının ayrı-ayrı günlərində isə qısamüddətli də olsa, isti günlər müşahidə olunacaq. İsti günlər daha çox iyul ayında qeydə alınacaq.

Onun sözlərinə görə, isti havaların yayın ən isti ayı hesab edilən iyulun konkret hansı günlərində müşahidə ediləcəyi dəqiqləşməsə də, ayrı-ayrı günlərdə yüksək temperaturların qeydə alınacağı proqnozlaşdırılır.

Verdiyev deyib ki, iyun ayında Bakı və Abşeron yarımadasında müşahidə olunmuş isti hava iyul ayı ərzində ayrı-ayrı günlərdə qısa müddətə də olsa, davam edəcək.
Nazirlik rəsmisinin sözlərinə görə, ötən il iyulun 10, 30 və 31-də Bakıda 40 dərəcə, Sumqayıtda 42 dərəcə, Culfada 45 dərəcəyə yaxın, Mərkəzi Aranda - Zərdabda isə hətta 44 dərəcə isti qeydə alınıbmış. Amma bu il isti havalar gözlənilsə də, belə kəskin istilərin olacağı proqnozlaşdırılmayıb. Bu il yayın ayrı-ayrı günlərində müşahidə edilən yüksək temperaturların 39-40 dərəcə olacağı proqnozlaşdırılır.
Onun sözlərinə görə, son dövrlərdə ən isti yay 2000-ci ildə olub. Həmin ilin 1-2 avqustunda Bakı və Abşeron yarımadasında gündüz 39-42, Naxçıvan MR-da və Mərkəzi aranda 40-43, MR-nın Culfa rayonunda 46 dərəcə istilik qeydə alınıb.

Avropada "Soba istiləri”

İyul ayında Almaniyada havanın temperaturu 40 dərəcədən yuxarı olub, bu da həmin ölkə üçün anomal sayılır.
AZƏRTAC Almaniyanın "Welt” və "Abendzeitung” nəşrlərinə istinadən xəbər verir ki, Afrikadan daxil olan Saxara hava kütləsi istiyə adət etməyən Almaniya əhalisi üçün əsl qayğıya çevrilib.
"Soba istiləri” adı verilən Şimali Afrika hava kütləsi əsasən Almaniyanın mərkəzi və cənub-qərb federal əyalətlərində daha çox təsirli olub.
Federal rəhbərlik istidən maksimum qorunmaq məqsədilə əhaliyə xəbərdarlıq ünvanlayıb. Bir sıra yay məktəblərində dərslərə ara verilib.
Almaniya üçün xarakterik olmayan hava şəraitində ölüm riskinin artacağı da istisna deyil. Artıq aşağı Saksoniya (Niedersachsen) əyalətində 76 yaşlı pensiyaçı qadının istidən həyatını itirdiyi bildirilir.
Meteoroloji xidmət federal orqanları ölkənin meşə ərazilərində yanğın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görməyə çağırıb. Dünya Meteorologiya Təşkilatı isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Təkcə Almaniya deyil, İspaniya, Fransa, hətta İsveçrə kimi mülayim iqlimə malik ölkələr də bu yay istidən "qovrulub”.
Dünya Meteorologiya Təşkilatının məlumatına görə, İspaniya və Fransada havanın temperaturu +40 dərəcəni keçib.
BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında təşkilat rəsmiləri bildiriblər ki, isti hava dalğası Avropanın şərqinə doğru hərəkət edir. Siklonun yaxın günlərdə Türkiyə və Yunanıstanda problemlər yaradacağı gözlənilir.
Dünya Meteorologiya Təşkilatının nümayəndələri bildiriblər ki, havanın temperaturu mövsüm normasından xeyli yüksəkdir və isti hava dalğasının Avropaya belə tez gəlişinə əhali öyrəşməyib.
Meteorologiya Təşkilatı xəbərdarlıq edib ki, yaxın günlərdə Avropada havanın temperaturu kəskin yüksələcək. Təşkilat rəsmiləri bildiriblər ki, 2013-cü ildə 70 min adamın kəskin istilər nəticəsində ölməsindən sonra Avropa 2015-ci ilin istilərinə hazırlıqlıdır.

Yaponiya da istilərə təslim olub

Yaponiyada bir neçə həftədir davam edən anomal istilər nəticəsində 6 mindən çox sakin günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. APA-nın məlumatına görə, Yaponiyanın bəzi bölgələrində havanın temperaturu 1976-cı ilin rekord göstəricisini - 39 dərəcəni keçib.
Ölənlərin və xəstəxanalara yerləşdirilənlərin yarısı Böyük Tokio massivinin sakinləridir. Onların əksəriyyətinin təqaüdçü olduğu bildirilir.
Ümumilikdə, Yaponiyada bu il 25 nəfər isti havanın qurbanı olub, 14 min nəfər isə günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Türkiyədə istirahətçilər "qovrulur”

Türkiyə də hazırda isti havanın əsarətindədir. Mərmərə bölgəsində temperatur 30, Güneydoğu və Anadaoluda isə 40-41 dərəcəyə çatıb ki, bu da mövsüm normasının üzərində deməkdir. Türkiyənin Meteoroloji Mühəndisliyi Bölüm başqanı professor-doktor Miqdət Kadıoğlu Türkiyədə Almaniya və ya Avropanın digər şəhərlərində müşahidə edilən istilərin gözlənmədiyini deyib. Lakin bununla belə professor önləm alınmasını vacib sayır:

- Ölkə olaraq isti hava dalğalarına hazırlıqlı deyilik. Qışda don və qara qarşı necə önləm alınırsa, isti hava kütləsinə qarşı da önləm alınmalıdır. İsti hava şəraiti Türkiyədə də ölümlərə səbəb ola bilər.

Yaşlı insanlar, xroniki və daimi rahatsızlığı olan xəstələr xüsusən diqqətli olmalıdır. Temperaturun yüksək olduğu günlərdə, xüsusilə də, gündüz saatlarında açıq havada qalmaq olmaz. Görüləsi işləriniz varsa, səhərin erkən saatlarında edin. Saat 11:00-a qədər işinizi bitirib evə dönün.

İsti havada nə edək?

Mütəxəssislər isti havada normal yuxunun çox önəmli olduğunu deyir. Temperaturun normadan artıq olduğu bir vaxtda isti havalarda rahat yatmanın yolları izah edilir. İstilərlə "yaxşı” davranmağın bəzi nüansları var. Məsələn, məsləhət görülür ki, idman etmək və stressdən uzaq durmaq isti havada rahatlıq gətirə bilər. Balanslı qidalanma, siqareti tərgitmək, çay və qəhvəni azaltmaq da bu qəbildəndir. İsti havada normal yuxu çox önəmlidir. Bunun üçün yatarkən küçədəki səs-küyün qarşısını almaq, səsli cihazları yataq otağından çıxarmaq lazımdır. İşıq və elektrik cihazlarını yatmadan öncə söndürün, pərdələri çəkin. İşıq yuxuya mane olur. Elektron cihazlar, hətta gecə lampası da daxil olmaqla istiliyi artırır. Fransada aparılan bir araşdırmaya görə, yataq otağında cib telefonunun zəng çalması yaxşı yuxudan təxminən 50 dəqiqə oğurlayır.

Yatana yaxın spirtli içkidən uzaq durun. Mənzilin ölçüsünə uyğun böyüklükdə və gücdə kondisioner alın. Kondisioneri çöldəki temperaturdan 5-6 dərəcə aşağı temperatura nizamlayın. Qızardılmış, həddindən artıq yağlı və şəkərli yeməklər yatmağa imkan vermir. İsti havada yüngül yeməklər yeyin. Yeməklə yuxu arasında ən az üç saat fərq olmalıdır. Tərləmə su və elektrolit itkisinə gətirib çıxarır. İstidə sərinləmək üçün bol su üçün. Gündəlik ehtiyac 1.5 litrdir. Çalışın, təmiz, saf su için.
Yatmazdan əvvəl ilıq bir duş almaq rahat yatmağa kömək edir. Duşdan sonra saçları yaş saxlamaq da faydalıdır.

Məlahət Rzayeva