Salamat Ağayevin intiharı...

Azad İsazadə: “Zəif, incə, mübarizə apara bilməyən, aqressiyasını kənara çıxara bilməyən insan onu özünə yönəldir”



Bəzən uşağının olmayacağını bilən atalar, analar "Ay Allahım, mən nə günah işlətmişəm ki, mənim uşağım olmur?” "Bəlkə də həkim yanlış diaqnoz qoyub” deyə özü özlərinə sual verirlər. Bəziləri də alkoqol içkilərə qurşanır, siqaret çəkir, başqa həkimlərin müayinəsindən keçirlər. Bəzi ailələr də var ki, buna heç də əhəmiyyət vermirlər. Elə adamlar da var ki, övladsız yaşamağın mənasız olduğunu düşünərək ümidini özüb intihara əl atırlar. Məhz Salamat Ağayev kimi...

Qeyd edək ki, AXCP-nin fəal üzvlərindən Təzəxan Mirələmli indiyə qədər bənzərinə rastlanmayan intihar haqqında məlumat yayıb. Xalası oğlunun intiharı barədə öz "facebook” səhifəsində xəbər verən cəbhəçinin bildirdiyinə görə, mərhum öz intiharını "Skayp”la qardaşlarına da nümayiş etdirib: "Az öncə rayondan sarsıdıcı xəbər aldım. 38 yaşlı xalam oğlu Salamat Ağayev intihar edərək, həyatına son qoyub. Bu intiharın səbəbi digərlərindən xeyli fərqlidir. Çünki bu intihar nə banka kreditə görə, nə də həddindən artıq ağır maddi durumda yaşamağa görədir. Bu intiharın əsas səbəbi ata olmaq xoşbəxtliyindən mərhum olmaqla bağlıdır. Salamat illər öncə öz bibisi qızı ilə ailə həyatı qurmuşdu. İllərdir övlad həsrətində idilər. Həm ölkə daxili, həm də qonşu İran və Rusiyadakı müalicələrin nəticəsində bu yaxınlarda xeyli sevinmişdilər. Lakin bu sevincləri uzun çəkmədi. Hamiləliyin 5-ci ayında körpə dünyaya gəlmədən tələf oldu. Həm də Rusiyada həkimlərin nəzarəti altında. Buna tab gətirməyən xalamoğlu isə özünü asmaqla ömrünü başa vurub. Bilirəm, düzgün yol deyil, hələ həkimlərin dediyinə görə, valideyn olmaq şansları yenə varmış. Amma tale beləymiş.

Salamat Ağayev qəribə intihar forması seçib. "Skayp”da Rusiyadakı qardaşları ilə canlı bağlantı quraraq özünü asıb. Bax ən böyük dərd budur!”.

Psixoloq Azad İsazadə hesab edir ki, Salamat Ağayevin intiharının konkret səbəbini istintaq orqanları müəyyən edəcəklər. Onun sözlərinə görə, adətən depressiyada olan insanlar intihara əl atırlar. Və bu hal uzun müddət davam da edə bilir: "Onun həyatında baş verən sonuncu zərbə isə artıq onu həyatdan soyudur və o, ölümdən başqa yol tapmır. Bu da real intihar səbəbi olur. Bu şəxs övladı olmadığı üçün intihara əl atan ilk şəxs deyil. Tez-tez olmasa da, bu kimi hallarla rastlaşırıq. Hesab edirəm ki, burada cəmiyyətin təsirindən daha çox insanların daxili hissləri əsas rol oynayır. Onların həmin ana qədər yaşadıqları stresslər, yığılıb qalan problemlər bir andaca onları vahiməyə salır. Sonuncu baş verən hadisə isə artıq onlar üçün çıxılmaz vəziyyətdə olduqları mənzərəsini yaradır. Beynində toplanan düşüncələrdən affekt vəziyyətə düşən insan da intihardan başqa çıxış yolu tapmır və özünə qəsd edir. Bəzən gizli, bəzən də doğmalarının gözü qarşısında...”

Psixoloqun sözlərinə görə, ölkədə insanları intihara aparacaq çoxsaylı səbəblər var. Yaş qruplarından asılı olaraq intiharların səbəbi də fərqlənir. Ən böyük risk qrupu yeniyetmələr və pensiya qabağı (45-60 yaş) yaş qruplarıdır. Yeniyetmələr maksimalist olurlar,- ya qara, ya ağ. Kiçicik uğursuzluq intihara səbəb ola bilər. Onlar adətən sevgi - məhəbbətdə üzləşdikləri uğursuzluğa görə özlərinə qəsd edirlər. Nisbətən yaşlı adamlar, ailə başçıları da sosial problemlərə, kredit borclarına görə intihar edirlər.

Pensiya qabağı insanlar depresiyaya düşə bilir. Birdən bütün gəlirlərdən, iş yerindən mərhum olan insan ailə qarşısında öhdəliklərini yerinə yetirə bilmir və depresiyaya düşür. Ancaq 15-16 yaşlı bir gəncin borca görə, mənim yaşda bir kişinin də eşq-məhəbbətə, imtahandan kəsildiyinə görə özünü öldürməsi çox gülməli görünər. Halbuki intihar istənilən halda faciədir və mütləq onun arxasında köklü səbəblər olur. Ən düşündürücüsü cəmiyyətdə intihar arzusunun artmasıdır. Bu, hər kəsi düşündürməlidir”. A.İsazadə son zamanlar intihar hallarının artmasının cəmiyyətdə aqressiya hallarının çoxalması ilə əlaqəli olduğunu da deyib: "Cəmiyyətdə aqressiya çoxalıb. Bir-birimizlə ailədə, küçədə sakit danışa bilmirik. Biz hamımız əsəbiyik. Zəif, incə, mübarizə apara bilməyən, aqressiyasını kənara çıxara bilməyən insan onu özünə yönəldir və bu, intiharla nəticələnir ".

Şəymən