Çəkisi 5 tondan artıq olan maşınlar Bakıya buraxılmayacaq

“Qadağa kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinə şamil olunmayacaq”



Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının növbəti iclası olub. Yığıncaqda "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edilib.

Qərara əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılsın. Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edilsin.

Qərarı şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə söyləyib ki, burada yalnız iki yenilik var: "Birincisi ondan ibarətdir ki, qadağa kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinə şamil olunmayacaq. Yəni iri tonnajlı və yüklü bir avtomobil şəhərdə sərbəst hərəkət edə bilər. Bu çox maraqlıdır. İkincisi də, saat məsələsini bir balaca dəyişiblər. 2007-ci ildən bu günə qədər olan qayda belə idi ki, fəslindən asılı olmayaraq səhər saat 8-dən axşam saat 9-a qədər məhdudiyyət vardı. Amma indi mövsüm məsələsi nəzərə alınmaqla yayda səhər saat 7-dən axşam saat 10-a qədər, qışda isə səhər saat 7-dən axşam 9-adək müəyyən olunub. Qışda 1 saat qabağa çəkiblər. Başqa yenilik yoxdur. Bunun necə tətbiq olunacağı isə bilinmir”.

Həmsöhbətimiz onu da əlavə edib ki, gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkətinin icazələr əsasında təşkil edilməsi də maraq doğurur: "Bu da maraqlıdır. Buraxılış vərəqələrini kimə və hansı qaydada verəcəklər? Açığı deyim ki, bunun paytaxtdakı sıxlığın aradan qalxmasına müsbət təsir göstərəcəyini düşünmürəm”.

Ayyət Əhməd