Azərbaycan mətbuatının dünyaya inteqrasiyası...

Hikmət Babaoğlu: “Qafqazla bağlı xəbərlər dünya mediasına məhz Azərbaycan mediasının operativliyi nəticəsində çatdırılmalıdır”
Yadigar Məmmədli: “Hər zaman ermənilərə qarşı mübarizə bizim mətbuatın mərkəzində olmalıdır”
Qafar Çaxmaqlı: "Erməni lobbisi ilə mübarizədə Azərbaycan
mətbuatı öz fəaliyyətini artırmalıdır”

(... əvvəli ötən sayımızda)

Azərbaycan Respublikası tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir çox media layihələri həyata keçirilir, internet portallar yaradılır. Bu mənada, yerli KİV-in dünya mediası ilə əlaqələrinin genişləndirilməsi məqsədi ilə də ətraflı müzakirələrin aparılmasına ehtiyac var. Ən azından bu gün Azərbaycanımızı, dünyada yaşayan azərbaycanlıların məsələlərinin Avropa ölkələri mediasında işıqlandırılmasının bir növ zəmanətinə çevrilməlidirlər.

Qeyd edək ki, 90-cı illərin əvvəllərində beynəlxalq ictimaiyyət Qarabağda baş verənlər barədə demək olar ki, ancaq ermənilərin maraqlarına uyğun və əksər hallarda saxta informasiyalarla qidalanırdı. Bu səbəbdən də dünya ictimaiyyətində Azərbaycanın təcavüzkar, işğalçı, vandal obrazı yaranmışdı. Amma daha sonra vəziyyət nisbətən dəyişdi. Xüsusən də neft müqavilələrinin bağlanmasından sonra bu sahədə balanslaşma yarandı və indi Azərbaycanda internet resursları, təbliğat vasitələri artdığı üçün informasiya müharibəsindəki hesab da dəyişib.

Milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq: "Dünya erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır. Mən bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Mən bunu istənilən auditoriyada deyə və sübut edə bilərəm.

Ölkə başçısının sözlərinə görə, erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar. Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər. Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq bu, əslində rüşvət deməkdir. Beləliklə, bizə qarşı təşkil edilmiş kampaniyada erməni lobbisi ön plandadır. Ancaq bunlarla birləşən digər kateqoriyadan olan qurumlar, insanlar bizə qarşı çox çirkin kampaniya aparırlar. Yəqin ki, gələcəkdə bu, davam edəcək. Biz buna hazır olmalıyıq və hazırıq”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da deyib ki, milli informasiya məkanı ilə qlobal informasiya məkanı arasında sərhədin hardan keçdiyini dəqiqləşdirmək mümkün deyil. "Hər bir milli medianın qarşısında böyük bir qlobal media məkanı var. Azərbaycan mediası da milli və dövlət maraqlarını qorumaqla qlobal mediaya inteqrasiya yolu tutmalıdır. Hər bir mətbuat orqanının ən aktual vəzifələrindən biri məhz dünya mediası ilə əlaqələrin genişləndirilməsi istiqamətindəki fəaliyyətidir”.

Operativlik və prinsipial yanaşma baxımından Azərbaycan mediasının regionda lider olduğunu vurğulayan H.Babaoğlu deyib ki, bu, bizim üçün kifayət deyil: "Qafqazla bağlı xəbərlər dünya mediasına məhz Azərbaycan mediasının operativliyi nəticəsində çatdırılmalıdır. Bir növ Azərbaycan KİV-i regionla beynəlxalq arena arasında körpü rolunu oynamalıdır. Azərbaycanın coğrafi, enerji ehtiyatlarının tranziti nöqteyi-nəzərindən Qafqazla Qərb arasında bir körpü rolunu oynaması müxtəlif parametrlər üzrə irəlidə olmasının göstəricisidir. Bu gün ölkəmizdə milli sərhədləri aşmış, "transmilli media” adlandıracağımız media orqanları var. Amma biz bununla kifayətlənməməli, onların sayının daha da artmasına nail olmalıyıq. Bunun üçün də Azərbaycan mediasının intellektual keyfiyyətləri və peşəkarlığı artırılmalı, jurnalistlərin dil bilmək qabiliyyətinə xüsusi əhəmiyyət verilməlidir. Həmçinin ölkədə analitik düşünməyi bacaran jurnalist ordusu formalaşmalıdır. Əks təqdirdə, beynəlxalq informasiya mübadiləsində Azərbaycanın dövlət maraqlarını düzgün qiymətləndirmək jurnalistlər üçün müəyyən çətinliklər törədə bilər. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan jurnalistlərinin beynəlxalq media orqanları ilə əlaqələri yetərlidir, amma bu, heç bir halda bizim üçün qaneedici olmamalıdır. Medianın inkişafı və jurnalistlərin sosial qayğılarının aradan qaldırılması istiqamətində dövlət tərəfindən lazımi addımlar atılıb. Yeganə məsələ Azərbaycan jurnalistikasının nüfuzunun və keyfiyyətlərinin artırılması üçün jurnalistlərimizin öz üzərində işləməsidir”.

Baş redaktorun sözlərinə görə, xarici jurnalistlərin Azərbaycana gəlməsi, eyni zamanda bizim jurnalistlərin xarici ölkələrə səfər edib, aparıcı xarici media orqanlarına səfər etməsi müntəzəm xarakter almalıdır. Çünki onların ölkəmizə gəlməsi yerli mətbuatımız üçün faydalıdır. Bu istiqamətdə mütəmadi olaraq işlər görülür: "Bu günə kimi xarici jurnalistlərin ölkəmizə gəlməsi, adətən, böyük miqyaslı tədbirlər ərəfəsində baş verir. Amma xarici jurnalistlərin müntəzəm olaraq ölkəmizə səfərləri təşkil olunmalıdır. Ölkəmizdə gedən quruculuq və abadlıq işlərini, inkişafı yerli jurnalistlərlə yanaşı, xarici jurnalistlərin də müşahidə etməsi yaxşı olar. Onların ölkəmizdə gördükləri barədə öz vətənlərində ətraflı məlumat verməsi Azərbaycanın xeyrinədir. Ona görə də həm dövlət, həm də ictimai qurumlar xarici jurnalistlərin Azərbaycana gəlməsində maraqlıdırlar.

Hesab edirəm ki, beynəlxalq media orqanları ilə Azərbaycan KİV-ləri arasında etibarlı körpü yaradılmalıdır. İkitərəfli münasibətlər Azərbaycanın informasiya dairəsini genişləndirər, həmçinin yerli jurnalistlərin öz yazıları ilə dünya mətbuatına da çıxışını təmin edər. Həmçinin birbaşa təmaslar daha effektiv nəticələrə yol açar və inteqrasiya asanlaşar. Qarşımıza qoyduğumuz əsas məqsəd ölkənin vəziyyəti ilə bağlı xarici media vasitələrində obyektiv informasiya yayılmasına nail olmaqdır. Xarici jurnalistlərin ölkəmizə mütəmadi səfərlərini təşkil etməklə Azərbaycanda görülən işlərlə özlərinin və təmsil etdikləri ölkələrin məlumatlanmasına nail ola bilərik”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli:

- Ölkə başçısının da qeyd etdiyi kimi, erməni yalanlarına qarşı mübarizəmiz, erməni lobbisi ilə düşmənçiliyimiz əbədidir. Dağlıq Qarabağ müharibəsi səngisə, torpaqlarımız işğaldan azad olunsa belə, erməni lobbisi öz uydurmalarına, məkrli siyasətlərinə davam edəcəklər. Biz yüz illər boyunca bunun şahidi olmuşuq. Odur ki, hər zaman ermənilərə qarşı mübarizə bizim mətbuatın mərkəzində olmalıdır. Bu müddət ərzində də Azərbaycan mediası dövlət əhəmiyyətli, milli təhlükəsizlik kəsb edən məsələlərdə öz səylərini artırmalıdır. Söz yox ki, bu günə qədər erməni lobbisi bu məsələdə çox diqqətcil olub. Bu isə çox sevindiricidir. Ötən illər ərzində elan eləmişdilər ki, uydurma soyqırımın 100 illiyində dünyanın aparıcı ölkələri bu soyqırımı tanıyacaq, Türkiyə onlardan üzr istəyəcək. Amma bu məsələ onların istədiyi kimi olmadı. Çünki Azərbaycan dövləti və mediası hər zaman bu məsələdə onların yanında oldu. Avropa Oyunları ərəfəsində erməni havadarları olan beynəlxalq qurumlar və supergüclər öz istəklərinə çata bilmədilər və Azərbaycan mediası ilə dövləti vahid bir mərkəzdə birləşərək biz bütün hücumları dəf elədik. Bəlkə də ilk dəfə olaraq Azərbaycan informasiya savaşında qalib gəldi. Bu tək mənim fikrim deyil. Bütün dünya mətbuatı da bunu etiraf etdi.

Jurnalist-tədqiqatçı, ermənişünas-alim Qafar Çaxmaqlı isə hesab edir ki, erməni lobbisi ilə mübarizədə Azərbaycan mətbuatı öz fəaliyyətini artırmalıdır: "Mən həmişə Türkiyə, Ermənistan və Azərbaycandakı qurumların və KİV-in bu sahədəki fəaliyyətini müqayisə etməyə çalışıram. Təəssüflə etiraf etməliyəm ki, biz bu sahədə ermənilərdən xeyli geri qalırıq. Düzdür, Prezident bu sahəyə diqqət yetirməyin vacibliyini dəfələrlə qeyd edib. Azərbaycanda dövlət dəstəyi ilə media və digər orqanların bu sahədə genişmiqyaslı fəaliyyəti üçün maliyyələşdirilmə də aparılır, xaricdə ermənilərə qarşı mübarizədə bəzi işlər görülür. Ancaq bu qurumlar bir çox hallarda ermənilərin qarşısına çıxa biləcək işlər görə bilmirlər. Hesab edirəm ki, bu sahəyə qəzetin və ya hansısa saytın səhifəsini doldurmaq xatirinə işlərini bitmiş hesab edənləri yox, daha peşəkarları cəlb etmək lazımdır. Türkiyədə də eyni vəziyyət hökm sürür. Ermənilər bu il 100 illiyi qeyd edilən qondarma soyqırım məsələsinə həsr edilən çoxlu kitab, film, məqalə və başqa təbliğat vasitələrindən istifadə etdilər. Ermənilərin bu işlərinin qarşısında Türkiyə kimi dövlət, demək olar ki, heç nə edə bilmədi. Düzdür, özlərinin uydurduqları yalanla dünya qarşısına çıxdıqları üçün, ermənilər məqsədlərinə tam nail ola bilmədilər. Onu da deyim ki, yalan üzərində qursalar da, Ermənistanın təbliğatını ustalıqla aparırlar. Ermənilər öz təbliğatı üçün lazım olan materialları başqa dillərə tərcümə edib, yayırlar.

Ermənilərin yaratdığı və müxtəlif dillərdə fəaliyyət göstərən saytları var. "Reqnum”, "Novosti Armeniya” başda olmaqla erməni media qurumları bu sahədə peşəkar fəaliyyət göstərir. Türkiyəyə yönəlik təbliğatları üçün bir çox saytın türkcə variantları da var. Bizdə isə erməni dilində fəaliyyət göstərən və dövlətin dəstəklədiyi bir neçə sayt var. Ancaq bu saytlardan məhdud çərçivədən olan adamlar istifadə edir. Təbliğatları o qədər birtəfərli qururlar ki, oradakı materiallar sadə ermənilər üçün belə maraqlı deyil. Məsələn, "armeniya.az” saytı Azərbaycanı təbliğ etməklə məşğuldur. Bu da o qədər də effekt vermir. Ancaq bunun yönünü dəyişib və araşdırma tipli yazılara üstünlük verilsə, effekti daha çox olar”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb