Rusiya əcnəbilər ölkəsi olmaq istəmir

“Azalmaya qanunun sərtləşməsi deyil, rublun dəyərdən düşməsi və Qərbin iqtisadi sanksiyalar tətbiq etməsi də səbəb olub”




Xəbər verdiyimiz kimi, 1 milyon yarımdan çox əcnəbiyə Rusiyaya giriş yasaqlanıb. Bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski bildirib. Onun sözlərinə görə, həmin əcnəbilər Moskvanın miqrasiya qanunvericiliyini pozmuş şəxslərdir:

"Hazırda Rusiya ərazisində miqrasiya qanunvericiliyini pozan 2,7 milyon xarici vətəndaş var. Bu şəxslər qanunvericilikdə nəzərdə tutulan 90 gün qalma müddətini pozaraq ölkə ərazisində qalıblar. Ona görə də onlar Rusiyaya girişinə qadağa qoyulacaq şəxslərin yer aldığı "risk” qrupuna daxil edilib”. Xidmət rəhbəri keçən illə müqayisədə Rusiyaya gələn xarici vətəndaşların sayının azaldığını söyləyib: "Ötən illə müqayisədə Rusiyadan deportasiya olunan əcnəbilərin sayı çoxalıb. Rusiyaya gələn əcnəbilərin sayında isə azalma müşahidə olunur. Həm də Rusiya vətəndaşlığını qəbul edənlərin sayında artım var”. K.Romadanovski Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı səsləndirilən fikirlərlə razılaşmadığını da bildirib: "Biz qanunları sərtləşdirmirik, sadəcə bu sahədə qayda-qanun yaradırıq”. FMX rəhbəri bildirib ki, bu ilin 6 ayı ərzində 310 min əcnəbiyə ölkəyə giriş yasaqlanıb. Onlardan 15 min nəfər 10 il müddətinə, 90 min nəfər isə 5 il müddətinə deportasiya olunub.

Məsələni dəyərləndirən ekspert Azər Allahverənov "Şərq”ə bildirib ki, qeyri-rəsmi məlumatlara görə, bu ölkədə 4 milyondan 10 milyona qədər miqrant var: "Qanunsuz yaşayan miqrantların sayı isə milyonlarla ölçülür. İndiyə qədər şimal qonşumuzda miqrasiyanın vahid məlumat sistemi yox idi. Ona görə də bəzi məsələlərlə bağlı ziddiyyətli informasiyalar yayılırdı. Amma artıq 3 ildir ki, Moskvada bu sistem işləyir. Miqrantların qeydiyyatı aparılır. Rusiya hökuməti bəyan edir ki, qeyri-qanuni miqrantların sayı 2-4 milyon arasındadır. Əvvəl qanunvericilikdə müəyyən boşluqlar olduğu üçün Kreml onlara ciddi sanksiya tətbiq edə bilmirdi. Amma il yarım bundan əvvəl şimal qonşumuz "Miqrasiya haqqında” qanuna yeni müddəalar əlavə etdi. Bir sözlə, qeyri-qanuni miqrantlara 3,5 və 10 ilə qədər Rusiya ərazisinə buraxılmamalarına dair cəza sanksiyaları tətbiq olunub. Bu səbəbdən hazırda Rusiya ərazisində qeyri-qanuni əsaslarla yaşayanlar bu ölkəni tərk etməyə başlayıblar”.

A.Allahverənov onu da diqqətə çatdırıb ki, Rusiya qanunvericiliyini pozduqlarına görə, ötən il 30 mindən yuxarı azərbaycanlının bu ölkəyə daxil olması yasaqlanıb: "Keçən ilin oktyabrına qədər Rusiyada 615 min soydaşımız vardı. Amma hazırda 548 min azərbaycanlının olduğu deyilir. Ötən illə müqayisədə 67 min fərq var. Zənnimcə, bu tendensiya davam edəcək. Şübhəsiz ki, azalmaya yalnız "Miqrasiya haqqında” qanunun sərtləşməsi deyil, rublun dəyərdən düşməsi və Qərbin iqtisadi sanksiyalar tətbiq etməsi də səbəb olub”.

Ayyət Əhməd