Azərbaycan Beynəlxalq bankın rəhbərləri niyə dəyişir?

Vüqar Bayramov: “Kadr dəyişiklikləri bankın son dövrlər itirilmiş inamının bərpa edilməsi baxımından önəmlidir”




Bu günlərdə Azərbaycan Beynəlxalq Bankı ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı baş tutub. Toplantıda bankın İdarə Heyətinin yeni tərkibi təsdiqlənib. Məlumata görə, İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov təyin olunub. O, bu vəzifəni 4 il icra edəcək. E.Məmmədov bundan əvvəl "Azər-Türk Bank”ın İdarə Heyətinə rəhbərlik edib.

Səhmdarların qərarına əsasən, İdarə Heyətinin üzvləri Emil Mustafayev, Vaqif Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyevin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onlar İdarə Heyətinin üzvlüyündən və tutduqları vəzifələrdən azad ediliblər. Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov İdarə Heyəti sədrinin yeni müavinləri təyin edilib.

Məlumat üçün bildirək ki, M.Şirəliyev səhiyyə naziri Oqtay Şirəliyevin oğludur. O, bunadək "Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub. Ü.Mansurov isə bəstəkar Eldar Mansurovun oğludur. Onun bank sektorunda sonuncu iş yeri "Bank Technique”nin İdarə Heyətinin sədri vəzifəsi olub.

Təyinata münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, müsbət haldır: "Onlar bank sektorunda uzun müddət fəaliyyət göstərən və bu sahədə kifayət qədər təcrübəsi olan insanlardır. Nəzərə alaq ki, beynəlxalq bank praktik olaraq özəlləşdirilməyə hazırlanırdı. İndiki mərhələdə bankın sağlamlaşdırılması həyata keçirilir. Təbii ki, kadr dəyişiklikləri bankın son dövrlər itirilmiş inamının bərpa edilməsi baxımından önəmlidir. Eyni zamanda məlum islahat daha çevik idarəetmə sisteminin qurulmasına imkan verəcək. Bununla da bankın əvvəlki imicini mərhələli şəkildə bərpa etmək mümkün olacaq”.

Ayyət Əhməd