“Teatrlarda məvacib çox aşağıdır”

Azad Şükürov: “Bunu deməkdən qorxmaq lazım deyil”
“İstedadlı insan da yaxşı yaşamaq istəyir. Ancaq aktyorun məvacibi yaxşı yaşamağa imkan vermir. Ona görə də hamı tədricən bu sahədən uzaqlaşıb başqa işlə məşğul olmağa çalışır”


Teatr məbəd sayılır. Hər bir ölkə teatrı, mədəniyyət ocaqları, musiqisi ilə nə qədər zəngin mədəni irsə malik olduğunu göstərmiş olur. Azərbaycan teatr tarixi də zəngin irsə malikdir.

Ötən əsrin sonlarına qədər teatrlara gedən, teatra maraq göstərənlərin sayı qat-qat çox idi. İnsanlar məhz teatrda asudə vaxtlarını keçirməyə üstünlük verirdilər. Təbii ki, zaman keçdikcə, insanların həyata baxışı da dəyişir. Həyat tərzi də.
Bu gün teatra gedən yolda tamaşaçıları az-az görmək olur. Çünki bu gün internet əsridir və insanlar virtual ünsiyyətə üstünlük verməyə başlayıblar. Bu virtual dünya, sosial mediaya olan aşırı maraq insanların həyat tərzi ilə yanaşı, onların mənəvi dünyalarına da təsirini göstərmiş olub.

Elə yəqin ona görə də bu gün aktyoru canlı səhnədən izləmək istəyən tamaşaçıların sayı da azdır.

Ümumilikdə teatra maraq niyə belə azdı? İnsanlar niyə teatra getmək ənənəsini yadırğamağa başlayıblar? "Yaxşı aktyorlar yetişmir” fikri ilə razılaşmaq olarmı?

Bax, elə bütün bu suallara Əməkdar artist Azad Şükürov aydınlıq gətirəcək. Əməkdar artist "Şərq”ə açıqlamasında teatrda olan problemlərdən danışdı.

- Azad müəllim, əvvəllər teatra böyük maraq var idi. Amma son illər teatra maraq azalıb. Səbəb nədi?

- Bilirsiz, əvvəllər, sovet vaxtı bu təşkil olunurdu. İdarələrə, məktəblərə biletlər verilirdi. Bu da insanlarda teatra getmək, mədəniyyət ocaqlarına üz tutmaq mədəniyyəti yaradırdı. İndi bir az zaman da dəyişib. İndi internet zamanıdır.

- Amma tamaşaçının da öz marağı olardı.

- Yenə deyirəm, o zamanlar uşaq yaşlarından məktəblərdə öyrədilirdi ki, teatra getmək, muzeyə getmək lazımdı. Bu mədəniyyət aşılanırdı. İndi bu yoxdu. Bu, pis vərdişə öyrəşmək kimi olur da. İnsan bir şeyə öyrəşəndə, ondan uzaqlaşa bilmir. Əvvəllər dram dərnəkləri fəaliyyət göstərirdi. Ayrı-ayrı sahələrin insanları belə o dərnəklərə gedərdi. İndi bunlar yoxdu. Baxın görün ölkədə idmana nə qədər maraq yaranıb. Çünki idmanda əldə olunan uğurlarımız buna stimul yaradır. Eyni zamanda vərdiş yaranır. Hamı çalışır ki, uşağını idmana yönəltsin.

- Bu gün teatrdan danışanda deyirlər yaxşı aktyor qıtlığı yaranıb, yaxşı pyeslr teatra təqdim edilmir. Yəni teatr sənəti ona görə maraqsız olub?

- Mən bu fikirlə qətiyyən razı deyiləm, aktyor qıtlığı var. Onu o adamlar deyər ki, o insanın teatrdan xəbəri yoxdu. Əvvəla, teatrlarda istedadlı gənclər yetişir. Onların tanınması üçün isə illər lazımdı. Teatr sahəsi ona görə zəifləyib ki, istedadı olanlar teatrdan uzaqlaşır.

- Uzaqlaşır, ya uzaqlaşdırılır?

- Əslində hər ikisi. Həm uzaqlaşırlar, həm də uzaqlaşdırılırlar. İstedadlı insan da yaxşı yaşamaq istəyir. Ancaq aktyorun məvacibi yaxşı yaşamağa imkan vermir. Ona görə də hamı tədricən bu sahədən uzaqlaşıb başqa işlə məşğul olmağa çalışır. İstedadlı görür ki, bu məvaciblə ailə dolandıra bilməz, sabahını qura bilməz, ona görə də uzaqlaşır. Qaldı uzaqlaşdırmaq məsələsinə, bəli, o faktor da var. Bəzən aktyorları uzaqlaşdırırlar teatrdan, küsdürürlər. Bu da təsirini göstərir. Bunu etiraf etmək lazımdır ki, teatrlarda məvacib çox aşağıdır. Bunu deməkdən qorxmaq lazım deyil. Bir-iki nəfər prezident tərəfindən mükafatlandırılır, adı düşür siyahıya, hər il o təqaüdü alır. Bəziləri isə illərlə zəhmət çəkir, ancaq əməyi görünmür, bir il belə təqaüdə layiq görülmür. Bu da istedadı olanı teatrdan küskün salır.

- Siz necə, nə vaxtsa belə mükafata layiq görülmüsüz?

- Yox, mən heç vaxt təqaüd, mükafat almamışam. Yalnız bir dəfə mənə mükafat verilib. O da Əməkdar artist adına layiq görüləndə. Söhbət təkcə məndən getmir. Mən ümumiyyətlə teatrdan küskün olan aktyorlardan danışıram. Yəni belə diqqətsizliklər, maddi sıxıntılar istedadı olanları teatrdan uzaq salır. İstedadı olan gənc universiteti bitirib gəlir, görür ondan zəifi hər il mükafat alır, onu yada salan yoxdu. Bu onu həvəsdən salır. Ona görə də uzaqlaşır teatrdan.

- Deyirlər ki, indi Nəsibə Zeynalovalar, Yaşar Nurilər, Siyavuş Aslanlar yoxdu. Səbəb nədi?

- Nəsibə Zeynalovalar, Siyavuş Aslanlar, Yaşar Nurilərin yetişməsi üçün müəyyən illər keçməlidir. Teatrda müəyyən işlər görülməlidir.

- Bunlar üçün bir çox problemlər həllini tapmalıdır.

- Teatrlarda aktyor-rejissor qurplaşmaları, aktyorların bir cəbhəyə bölünməsindən də çox danışırlar bu gün. Varmı belə qruplaşmalar?

- Bəli, var bu qruplaşmalar. Mən bunun fərqinə son dövrlər rast gəldim. Milli Dram Teatrının bir qrup aktyorları teatrın rəhbərliyindən narazıdırlar. Bu da yenə müəyyən qruplaşmalarla bağlıdır. Çünki bəzilərinə üstünlük verilir, bəziləri tamamilə kənarda qalır. Yəni bu problemlər çoxdu.

- Siz də Akademik Milli Dram Teatrından uzaqlaşdız. Buna səbəb sizin onlardan küskün düşməniz deyilmi?

- O da var. Etiraf edim ki, teatrdan küskün tərəfim də var. Digər problemlər də.

- Bəs səhnə üçün darıxmırsız? Axı aktyor üçün səhnə başqa bir dünyadı...

- Təbii ki, çox darıxıram səhnə üçün. Aktyor səhnəsiz nəfəs ala bilmir. Mən də səhnəsiz çox darıxıram. Bəzi teatrlardan təkliflər almışam. Yeni mövsümdə çox güman ki, o təkliflərdən birini dəyərləndirəcəm. Teatrlardan birində işləməyi düşünürəm.

Tahirə Məmmədqızı