Hadisənin yüksək sürət və sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi bildirilib
Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda ("Saray postu”na çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə ağır yaralanıb. Onlar Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aparılıb. Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Qəhrəmanov Vasif İmran oğlunun sözlərinə görə, mikroavtobusda 16 sərnişin olub. Onlardan 4-ü yüngül bədən xəsarətləri alıb, ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar. Digər on nəfərin isə vəziyyəti ağır olduğundan onları dərhal Sumqayıt xəstəxanasına aparıblar.
Bir yaralı Qarayev Elçin Xoşbəxt oğlunun vəziyyəti çox ağır olduğundan Bakıya gətirilib. Xəsarət alanlardan Quliyeva Ofeliya və adı hələ ki, məlum olmayan daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Qəza zamanı 3 nəfərin ayağı kəsilib. Birinin hər iki ayağı, digər ikisinin isə hərəsinin bir ayağı kəsilib. Sürücü Ağakişiyev Baloğlan Güloğlan oğlu da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı deyilib.
Müstəntiq Cəsarət Bayramov hadisənin yüksək sürət və sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyini bildirib.
Qeyd edək ki, Sumqayıt şəhər Təcili Yardım Stansiyası yaralanan şəxslərin adını açıqlayıb. Stansiyadan verilən məlumata görə, yaralılar aşağıdakılardır:
1. Əhmədov Rəşad
2. Cavadov Rövşən
3. Allahverdiyev İbadət
4. Ağakişiyev Baloğlan
5. Paşabəyov Asif
6. Məmmədova Əsmər
2 qadın və 2 kişinin adları isə naməlumdur.
Stansiyanın reanimasiya şöbəsindən verilən məlumata görə, hazırda qəzada yaralanan 6 nəfər əməliyyatdadır. Onlardan 3 nəfərinin vəziyyəti çox ağırdır.
Qəzaya düşən mikroavtobusun "Embawood” şirkətinə məxsus olması ilə bağlı yayılan xəbərlərə şirkət rəsmi münasibət bildirib.
"Embawood”dan verilən məlumata görə, həlak olan və yaralanan sərnişinlərin əksəriyyəti həqiqətən də şirkətin işçiləri olublar. Lakin onların qəzaya düşdükləri mikroavtobus şirkətə məxsus olmayıb, onu sərnişinlər özləri tutublar. Şirkət rəsmisinin sözlərinə görə, mikroavtobus Bakı Avtovağzalından "Embawood”un Sumqayıt filialına doğru hərəkət edirmiş.
Bakı-Sumqayıt yolunda qəza törədən mikroavtobus partizan üsulu ilə işləyib
Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov da Bakı-Sumqayıt yolunda baş vermiş qəza ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, qəza törədən "Ford” markalı mikroavtobus 2007-2012-ci illərdə lisenziya ilə fəaliyyət göstərib: "2012-ci ildən bəri bu avtobusa lisenziya verilməyib. Ümumiyyətlə, 2015-ci ilin avqust ayının 10-dan etibarən nazirlik tərəfindən qeyri-müntəzəm reyslərə lisenziya verilmir. Mikroavtobus "Embawood” şirkətində çalışan fəhlələri daşıyıb. Necə, nə cür, hansı əsasla, bunu deyə bilməyəcəyəm. Bildiyim budur ki, mikroavtobus qanunsuz, partizan üsulu ilə fəaliyyət göstərib”.
Onun sözlərinə görə, kütləvi informasiya vasitələri yanlış olaraq mikroavtobusun Bakı Beynəlxalq Avtovağzalından çıxdığını yazıblar: "Beynəlxalq Avtovağzaldan çıxan avtobusların hər biri qanuni fəaliyyət göstərir, onların dəqiq qrafiki, cədvəli var. Nəzərinizə çatdırım ki, sentyabrın 10-da Sumqayıtda qanunsuz daşımaçılıqla bağlı reydimiz olub. Hətta televiziya kanallarında bununla bağlı süjetlər də gedib. Biz qanunsuz fəaliyyət göstərənlərə qarşı mübarizəni davam etdiririk. Təəssüf ki, bu sürücü nəzərdən yayınıb və insan faciəsi ilə nəticələnən qəza törədib”.
Namiq Həsənov qəza zamanı sərnişinlərin ölümünə səbəb olan dəmir arakəsmələrin kəsici materialdan hazırlanması iddialarını əsassız adlandırıb:
"Bizdə adətdir, hadisə baş verən kimi 500 versiya irəli sürülür. Mən bilmədiyim şey barədə fikir yürütmürəm. Məsələdən başı çıxan da danışır, çıxmayan da.
Hər halda, hadisə hüquq-mühafizə orqanları və Nəqliyyat Nazirliyi tərəfindən araşdırılır, qəzanın səbəbləri öyrənilir. Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək”.
Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda mikroavtobusun dəmir arakəsməyə çırpılması səbəbindən 3 nəfərin ölməsi, 10 nəfərin ağır yaralanması ilə nəticələnmiş qəza bu magistraldakı təhlükəli problemi gündəmə gətirib. Söhbət Bakı-Sumqayıt yolu boyunca uzanan dəmir arakəsmənin yaratdığı təhlükədən gedir. Sosial şəbəkələrdəki müzakirələrdə çoxları onu "ətçəkən maşın” adlandırıb.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Azərbaycanda yolların kənarına çəkilən və dünyanın hər yerində əsas təyinatı qorumaq olan metal sədlər real ölüm təhlükəsi doğurur: "Çünki bizim yollara bu sədlər heyvan arxacının kənarına çəkilən çəpər prinsipi ilə tətbiq olunur. Amma bu texniki vasitənin harada, hansı məsafədə qoyulması, materialı, fiziki xüsusiyyətləri ilə bağlı standartlar var”. Ə.Hüseynov dəmir çəpərlər çəkilərkən həmin standartların gözlənilmədiyini bildirib.
Bu cür dəhşətli hadisələrdə sürücülərin günahkar olduğunu deyən ekspert qeyd edib ki, Ceyranbatan yaxınlığında baş verən qəzanın təfərrüatları tam aydın olmasa da, burada ən azı 3 çox ciddi təhlükənin rolu var. Ə.Hüseynov hesab edir ki, Bakı-Sumqayıt marşrutu ilə işləyən avtobusların, xüsusən də qəzaya düşən bənzər mikroavtobusların əksər sürücüləri o yolda insanın edə biləcəyi bütün intizamsızlıq və tərbiyəsizlikləri edirlər. Onların əksəriyyəti Şumaherdir. Sürücü vəhşiliyini görmək və müşahidə aparmaq üçün həmin yolda işləyən avtobusları müşahidə etmək yetər: "Eyni zamanda, Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir, üstəlik, bu yola 110 km/saat sürət həddi qoymanın bircə adı var: hoqqabazlıq.
Dəmir arakəsmə, yoxsa ətçəkən maşın?
Nəqliyyat sahəsi üzrə ixtisaslaşmış "Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı da hesab edir ki, Sumqayıt yolu Nəqliyyat Nazirliyinin 1 nömrəli səhvidir: "Hər zaman demişəm, yenə də deyirəm. Bizim əksər sürücülər hava şəraitinə uyğun davrana bilmirlər. Yay mövsümü başa çatıb, payızda yağıntı olur və bu zaman yol sürüşkənləşir. Yaydakı qazınızı aşağı salın. Baxın, 3 gündür hər səhər yağış yağır, hər səhər də ağır qəza xəbərləri eşidirik. Bu insanlar niyə dərk eləmir ki, sürüşkən yolda 110-la gedən maşın ən kiçik manevr zamanı idarəetmədən çıxıb harasa girəcək? Biz indi hər fəsil dəyişəndə neçə insanı qurban verməliyik ki, digərlərinə dərs olsun?
Digər tərəfdən, Sumqayıt yolunda və başqa yerlərdə çəkilən dəmir arakəsmələr sadəcə olaraq "ət maşını” rolunu oynayır. Nə toxunursa, doğrayıb tökür...”.
E.Muradlı xatırladıb ki, Sumqayıt yolunda həmin dəmir arakəsmələr ilk dəfə tətbiq olunanda nəqliyyat naziri Ziya Məmmədov Prezidentə məlumatında qeyd etmişdi ki, bu arakəsmələr yüksək texnologiya ilə hazırlanıb və maşın həmin dəmirlərə dəydikdə, elastiklik yaranır, avtomobil dərhal dayanır. Amma biz təcrübədə görürük ki, o dəmirlərə dəyən heç bir maşın dayanmır, dəmir lövhələr maşını doğrayır və içəridəki insanlar məhv olur: "O insanların yaxınları Nəqliyyat Nazirliyini, xüsusən də "Azəryolservis” ASC-ni məhkəməyə versə, qalib gələ bilər. Çünki həmin yolda bu dəmirlərdən əlavə başqa ciddi problemlər də var. "Azəryolservis”in keçmiş sədri Cavid Qurbanov özü etiraf etmişdi ki, Sumqayıt yolunu çəkərkən səhvlərə yol verilib”.
Həmin yollar daşdan hörülsə belə, yenə də müəyyən məsələlər qalacaq
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın qənaətincə, Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi kimi başqa qəzaların olmaması üçün geniş təbliğat işi aparılmalıdır.
Onun sözlərinə görə, bütün sürücülər avtomobil idarə edərkən ehtiyatlı olmalıdır: "Demək olar ki, bütün yollara kameralar və digər vasitələr quraşdırılıb. Onların vasitəsilə sürücülərə nəzarət olunur. Amma hər sürücünün yanına bir polis nəzarətçisinin oturması və ona nəzarət etməsi mümkün deyil. Ona görə də qaydaların pozulmaması və sürətin aşağı salınması ilə bağlı geniş təbliğat aparılmalıdır. Onsuz da inzibati qaydalarda kameralar hadisələri çəkir. Qəza və ya xəta baş verirsə, ona hər an reaksiya verilib cərimələr kəsilir. Ümumiyyətlə, bəzi yollarda sürət həddinin aşılmaması və sürücülərin daim diqqətli olması aparılan təbliğatla bağlıdır. Sürücülər hər zaman özlərini ələ almağı bacarmalıdır. Məsələnin kökü budur. Yoxsa bu cür hadisələrin qarşısını almaq olmaz”.
Sumqayıt yolunda və başqa yerlərdə çəkilən dəmir arakəsmələrə görə qəzaların ağır olması, həmin dəmirlərin "ət maşını” rolunu oynaması məsələsinə gəldikdə isə millət vəkili bildirib ki, həmin yollar daşdan hörülsə belə, yenə də müəyyən məsələlər qalacaq: "Ona görə ən yaxşısı diqqətlə sürməkdir. Bunun üçün də təbliğat aparılmalıdır. Yoxsa dəmiri dəyişib daş və yaxud heç bir şey qoymasan belə, qəzalar olacaq. Belə ki, yolda heç nə olmadığı halda belə, sürətlə gələn maşın bu yoldan digərinə keçəcək. Nəticədə də qarşıdan gələn maşınla toqquşacaq. Ona görə də qəzanın nəticələrini proqnozlaşdırmaq mümkün deyil. Bu baxımdan da sürücülər diqqətli olmalıdır. Avtomobil sürənlər nəzarət eləsinlər ki, problem yaşamasınlar”.
Şəymən