“Gəncənin səsi” 95 yaşında

Qəzetin adı 7 dəfə dəyişdirilib və dəfələrlə bağlanıb



Gəncənin inkişafı, simasının dəyişməsi, müasirləşməsi bütün şəhər sakinlərinin ürəyincədir. Gəncəlilər öz doğma şəhərləri ilə ürək dolusu fəxr edir, qürur hissi keçirirlər. Təbii ki, bu inkişafda, Gəncənin şöhrətinin yüksəlməsində, şəhərin müasirləşməsində uzun və şərəfli ömür yolu keçmiş "Gəncənin səsi” qəzetinin mühüm payı var. Tək qədim Gəncənin yox, ümumilikdə bütün qərb bölgəsinin bütün ictimai-siyasi və mədəni həyatı bütün istiqamətləri üzrə yüksək zövq və peşəkarlıqla "Gəncənin səsi” qəzetində öz əksini tapıb.

Bir zamanlar deyirdilər ki, televiziyanın inkişafı radionu sıxışdıracaq, lakin bu gün müxtəlif radio proqramlarının kifayət qədər dinləyicisi var və onların sayı getdikcə artır. Eyniylə iddia edildiyi kimi, internetin inkişafı da çap mediasını üstələyə bilmədi. Çünki toplumlar təkcə informasiyalara möhtac deyil, eyni zamanda təhlili məqalələrə, ictimai rəyə düzgün istiqamət verən publisistik yazılara və günümüzün əksi olan müəllif materiallarına da böyük ehtiyac var. Bir də qəzet hər zaman əlçatan yerdədir. Bunun üçün nə şəbəkə, nə elektrik, nə də digər zəruri avadanlıqlar tələb olunur. Onu istədiyin yerə asanlıqla daşıya və istədiyin vaxt oxuya bilərsən.

Çap mediasının sıradan çıxmayan, özünəməxsus dəsti-xətti olan tanınmış mətbu orqanlarından biri də 2015-ci ildə 95 yaşını qürurla qeyd edən "Gəncənin səsi” qəzetidir. 1920-ci ilin may ayında ilk sayı işıq üzü görən qəzet "Qırmızı Gəncə” adlanırdı. Əslində qırmızılıq və bu rəngin daşıyıcısı olan sevinc, səadət, xoşbəxtlik kimi ifadələr bu addan çox-çox uzaq idi. "Qırmızı Gəncə”nin ilk redaktoru olan Məmmədkazım Ələkbərli də öz xalqına, millətinə bağlı bir ziyalı idi. Bu onun redaktoru olduğu qəzetin səhifələrində hiss olunurdu. Odur ki, imperiyanın keşiyində duranlar bundan xoşlana bilməzdilər. Elə buna görə də qəzet cəmi 5-6 ay fəaliyyət göstərə bildi. 30-a yaxın sayı işıq üzü gördükdən sonra qəzet həm ilk adını, həm də ilk redaktoru Məmmədkazım Ələkbərlini itirdi. Elə həmin ilin dekabrında onun yerini "Füqəra sədası” adı ilə nəşrə başlayan mətbu orqan tutdu. Lakin bu qəzetin də fəaliyyəti uzun çəkmədi. 1923-cü ildə redaktor Balabəy Həsənbəyovun işində "qüsur tapıldı” və o, işdən kənarlaşdırıldı, qəzet isə fəaliyyətini dayandırdı. O vaxt azacıq xoşa gəlməyən ifadə, xalqın ruhunu oxşayan bir fikir bəs edirdi ki, kiməsə "xalq düşməni” damğası vurulsun. Əsl məsələ isə xalqın, millətin gözünü qorxutmaq, insanların milli mənlik şüurunu məhv etmək, onu idarə olunan kütləyə çevirmək idi.

1929-cu ildən ayda iki dəfə çıxmaqla "Zərbə” adı ilə fəaliyyətə başlayan qəzet 1935-ci ildən yenidən adı dəyişdirilərək əvvəlcə "Kirovabad bolşeviki”, sonra isə "Kirovabad fəhləsi” kimi çap edildi. Bir müddət sonra isə "Gəncə kommunisti” kimi oxuculara təqdim olundu. Adlar dəyişir, yuxarıdan gələn tələblər isə dəyişməz qalırdı. İşıq üzü görən hər sayın arxasında qorxu yer alırdı. Çünki yaşananlar göz qabağında idi. Biri-birinin arxasınca bağlanan qəzetlər, həbs olunan, güllələnən, Sibirə sürgün olunan redaktorlar və ziyalılar. Gəncənin mətbu salnaməsini yazıb oxuculara çatdırmaq o qədər də asan deyildi. Elə ona görə də bu gün həmin qəzetləri

vərəqləyərkən Gəncənin hansı ab-hava ilə nəfəs aldığını, onun küçə-küçə, məhəllə-məhəllə necə böyüdüyünü, ikinci sənaye şəhəri kimi fabrik və zavodlara sahib olduğunu görür, böyük bir ziyalı ordusunu yetişdirən ali və orta ixtisas məktəblərinin fəaliyyəti ilə tanış oluruq. "Gəncənin səsi” qəzeti Gəncənin tarixidir. Özü də elə bir tarix ki, sadə insanların dilindən söylənilir, nümunələr, fotoşəkillərlə oxucuya təqdim olunur.

37 il "Kirovabad kommunisti” adını daşıyan qəzet 1990-cı ildə Gəncənin adının dəyişdirilməsi ilə "Gəncənin səsi” kimi oxucularına təqdim olunmağa başladı. Həmin dövrə kimi 7 dəfə adı dəyişdirilən qəzet nəhayət ki, öz həqiqi üslubuna, deyim tərzinə qovuşdu. Oxucunun onun səhifələrində görmək istədiklərini çap etmək imkanı qazandı. Bütün respublika qəzetləri susdurulan zaman sovet qoşunlarının Azərbaycanda törətdikləri qırğını, 20 Yanvar faciəsini əks etdirən fotoşəkilləri və həqiqətləri elə ilk günlərdə aləmə car çəkənlər arasında "Gəncənin səsi” qəzeti də var idi. "Gəncənin səsi”ni həm də bir jurnalistika məktəbinə bənzətmək olar. Vaxtilə bu qəzetdə çalışanlar indi respublikamızın ən tanınmış qələm əhli, yaradıcı insanları kimi nüfuz qazanıblar. 95 yaşını qeyd edən "Gəncənin səsi” qəzetinin redaktorlarından Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov, Cavad Fərhadov, Cəfər Bağır, Cahangir Hüseynov, Qara Abbas, Kəramət Tağıyev, Abdulla Şərifov, Fərid Cəfərov, Zahid İsmayılov və Sabir Hacıyev ölkənin mətbu həyatı üçün mühüm rol oynamış şəxslər olublar. Əlbəttə, bu gün qəzet öz 95 yaşını qeyd edirsə, biz bunun üçün həm də onun redaktorlarına və əməkdaşlarına minnətdar olmalıyıq.

"Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova deyib ki, qəzet şəhər icra hakimiyyəti rəhbərliyinin təşəbbüsü və böyük dəstəyi ilə hər zaman həsrətində olduqları görkəminə qovuşub: "Hər addımda gördüyümüz qayğı bizi daha məsuliyyətlə, daha peşəkarcasına işləməyə sövq edir. 95 yaşlı qəzet üçün heç zaman belə şərait yaradılmayıb. Gəncənin bugünkü inkişafını qəzet səhifəsinə çıxara bildiyimiz üçün fəxr edirik. Redaksiyada iş otaqlarımız ən yüksək səviyyədə təmir olunub. İş şəraitimiz yaxşılaşıb. Doğru deyiblər ki, işin səmərəsi şəraitdən çox asılıdır. Redaksiyanın yerləşdiyi inzibati bina istifadəyə veriləndən bəri belə quruculuq, abadlıq görməyib. Hər gün işə böyük sevinclə başlayırıq. Çünki otaqların səliqə-səhmanı ilə yanaşı, jurnalistə lazım olan nə varsa, əlimiz çatan yerdədir. Həmişə paytaxt jurnalistlərinə, redaksiyalara həsəd aparmışıq. Əminliklə deyirəm ki, bizim üçün yaradılan şərait heç mərkəzi mətbuatın aid olduğu redaksiyalarda da yoxdur. Müstəqillik illərində qəzet durğunluq keçirsə də, 4 ildən çox bir müddətdə yeni simasına qovuşub. Artıq 5 min nüsxə ilə çap olunuruq”.

Baş redaktor bildirib ki, "Gəncənin səsi” qəzeti uzun yol keçib, taleyi keşməkeşli olub. Lakin qəzet bütün zamanlarda qarşısına qoyduğu missiyanın öhdəsindən layiqincə gələ bilib. Ulu Gəncənin 95 illik salnaməsini yazıb: "Bu gün "Gəncənin səsi”nin 60 ilə yaxın olan (ondan əvvəlki illər arxivimizdə yoxdur) arxivinə nəzər salsaq görərik ki, sakini olduğu şəhər kimi adı dəfələrlə dəyişdirilsə də, məramı dəyişməyib, peşəkarlığına xələl gəlməyib. Hər dəfə saralmış qəzet səhifələrini vərəqləyəndə sanki həmin illərin ab-havasına qovuşur, gözlərimiz önündə canlanan mənzərəni bu günlə müqayisə edib qürur hissi keçirirsən. "Gəncənin səsi” respublikamızda çap olunan mətbu orqanların ən qocamanlarından biridir. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə dediyi kimi: "Biz fəxr edə bilərik ki, Milli Mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir”. 1990-cı ildə Gəncənin adı özünə qayıtsa da, sevincimizi doya-doya yaşaya bilmədik. Ölkədə yaranan xaos, Qanlı Yanvar qırğınları bu sevincin üzərinə kölgə saldı. Bir zamanlar çox böyük tirajla çıxan qəzet baxımsız qaldı. Hətta tirajı 300 nüsxəyə qədər endi. 90-cı illər "Gəncənin səsi” qəzetinə söz verilmədiyi, tənhalaşdığı bir zaman idi. Sonralar, yəni 2011-ci ilin əvvəllərinə qədər 500 tirajla çap olundu. Böyük ənənəyə malik bir qəzetin oxucusuz qalması hamını ruhdan salmışdı. İş otaqlarımızın, əməkdaşlarımızın da sayı tirajımızla bərabər azalırdı. Bütün bunları əbəs yerə xatırlamırıq... Gəncənin salnaməsinə çevrilən qəzet nüsxələri yaşanmış tariximizin bir hissəsi kimi yaddaşımızı təzələyir. Gəncənin son illərdəki sıçrayışlı tərəqqisinə bələdçilik edir. Maraq xatirinə 1953-cü ildən 2010-cu ilə kimi qəzetləri vərəqləsək, son 4 ildən bir qədər çox müddətdə bu qədər genişmiqyaslı quruculuq işlərinin görülməsinə rast gəlmərik. Cəmi bir ildə 5 möhtəşəm tikili, 5 muzey istifadəyə verildi. Analoqu olmayan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin möcüzə adlandırdığı Heydər Əliyev park-kompleksi isə Ulu Öndərin xatirəsinə ən əziz, ən qiymətli hədiyyə sayıla bilər. İstər xaricdən, istər paytaxtdan, istərsə də regionlardan gələn hər kəsdən heyranlıq dolu sözləri eşidəndə sevincimiz yerə-göyə sığmır. Axı bu sözlər elə-belə deyilmir. Möhtəşəm Zəfər tağı, ən zəngin bitki örtüyünə malik olan 460 hektarlıq park, 5 min tamaşaçı tutan möcüzə amfiteatr və içində qayıqlar üzən süni göl, 7 hektar ərazidə, sözün həqiqi mənasında, nağıllar dünyasını xatırladan uşaq parkı... Bütün bunlar bünövrəsi qoyulandan ta son tamamlanmaya kimi qəzet səhifəsində öz əksini tapıb.

İsmayıl