Qazaxıstana aparılan fəhlələrin hüquqları qorunmalıdır

Mirvari Qəhrəmanlı: “Həmin fəhlələr şirkəti məhkəməyə verə bilər. Biz də köməklik göstərərik”



"Məsələ mətbuatda ictimailəşəndən sonra daha məhkəmə bizləri həbs etmir. Amma vəziyyətimiz çox acınacaqlıdır”. 
Bu sözləri Baş nazirin müavini Abid Şərifovun patronajlığı altında fəaliyyət göstərən "EVRASCON” ASC-nin Qazaxıstanın Almatı vilayətində apardığı fəhlələrdən biri deyib. Onun sözlərinə görə, aylardır ki, maaş ala bilməmələri onları çıxılmaz duruma salıb: "5-ci aydır ki, maaş ala bilmirik. Ac-susuz qalırıq bəzən. Bakıya da qayıda bilmirik”. Adının çəkilməsini istəməyən fəhlə deyib ki, "EVRASCON” ASC-nin Azərbaycanın Salyan rayonunda yol çəkən fəhlələri maaş verilmədiyinə görə mitinq keçirəndən sonra onlara 1 aylıq əmək haqqı ödənilib: "Biz Qazaxıstanda çox pis durumdayıq. Mitinq keçirə bilmirik. Tutub polisə aparacaqlar, məlum olacaq ki, iş üçün icazəmiz yoxdur. Orada həbsə alacaqlar. Bunu şirkətin buradakı nümayəndəliyi də bilir. Ona görə də bizi veclərinə almırlar. Allahın ümidinə qalmışıq. Maaşımızın veriləcəyi günü gözləyirik”.

Məlumat üçün bildirək ki, "EVRASCON” ASC 180 fəhləni Almatıya bu ilin əvvəllərində aparıb. Bu ilin mayından şirkətin adı işçilərin maaşını vermədiyinə görə mətbuatın gündəminə gəlib. Şirkətin Qazaxıstanın Almatı vilayətində tikinti işlərinin görülməsi üçün müqaviləsi olub. İndi

bəlli olur ki, Bakıda işçilərin pulunu vermədiyi günlərdə şirkət Almatıda görüləcək işləri həyata keçirmək üçün 180 nəfər azərbaycanlı fəhləni Qazaxıstana yollayıb. 4 ay ərzində azərbaycanlı fəhlələr Qazaxıstan Miqrasiya Xidməti ilə problemlər yaşamayıblar. Ayda 2 dəfə olmaqla, qonşu ölkənin ərazisinə keçib yenidən Qazaxıstana qayıdıblar, işlərini görüb ailələrinə çörəkpulu yollayıblar. Bir müddət əvvəl isə məsələnin üstü açılıb və bu ölkənin Miqrasiya Xidməti rəsmi sənədlərdə Qazaxıstana qonaq kimi getmələri göstərilən azərbaycanlılar haqda sərt addımlar atmağa başlayıb, azərbaycanlı fəhlələri Almatı Vilayət Məhkəməsinə aparıb Qazaxıstan ərazisində qanunsuz olaraq fəaliyyət göstərdiklərinə görə 1-2 sutka həbsə alıblar. Qeyd edək ki, bu şirkət Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan "Azərkörpü” ASC-dir. Sadəcə, adını dəyişib. Yeni adı "EVRASCON” ASC-dir. Məsələni dəyərləndirən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Şərq”ə deyib ki, bu, birinci hal deyil: "Bir müddət öncə də, adını unutduğum Azərbaycan şirkətlərindən biri belə arzuolunmaz hərəkətə yol vermişdi. Onlar da azərbaycanlı fəhlələri xarici ölkələrdən birinə aparıb, işsiz qoymuşdular. Bu səbəbdən işçilərdən birinin ürəyi dayanıb, dünyasını dəyişmişdi. Biz həmin hadisəyə dair məhkəmə çəkişməsi etdik. İşçinin ailəsinə kompensasiya ödənildi. Burada bir məsələ var ki, vətəndaşlar ölkədə iş tapa bilmirlər deyə, şirkətlərin yağlı vədlərinə inanıb gedirlər. Amma onlar nə yollandıqları ölkənin qanunlarını tanıyırlar, nə də onları aparan şirkətlə müqavilə bağlayırlar. Ona görə də, belə hallar yaşanır. Yəni işçilər getməzdən əvvəl şirkətlə müqavilə bağlamalıdır. Müqavilə şərtlərinə diqqət yetirməlidirlər. Lakin bu o demək deyil ki, şirkət Azərbaycan vətəndaşlarını orada çətin duruma salmalıdır. Şirkət məsuliyyət daşıyır. Həmin fəhlələr ölkəmizə qayıdıb, sözügedən şirkəti məhkəməyə verməlidir”.

M.Qəhrəmanlının sözlərinə görə, Qazaxıstanın miqrantlarla bağlı qanunları mövcuddur: "O ölkənin qanunlarına hörmətlə yanaşmaq lazımdır. Azərbaycanlı əməkçi miqrantlar orada qeydiyyata düşməli idilər. Bunu da işə götürən şirkət etməli idi. Bizim Qazaxıstanda konsulluğumuz fəaliyyət göstərir. Onlar da bu haqda düşünməlidirlər. Çünki Azərbaycan vətəndaşlarına qarşı təzyiqlər varsa, maraqlanılmalıdır. Bu təzyiqlər aradan qalxmalıdır. Vətəndaşlarımıza sahib çıxmaq lazımdır. Bir daha qeyd edirəm ki, həmin fəhlələr şirkəti məhkəməyə verə bilər. Biz də köməklik göstərərik”. Müsahibimiz söyləyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də buna reaksiya verməlidir: "Səfirlik ondan ötrüdür ki, öz ölkəsinin siyasətini xaricdə həyata keçirməklə yanaşı, qürbətdəki vətəndaşlarının hüququnu da qorusun. Xaricdəki vətəndaşlarımızın taleyinə laqeyd qalmasın. XİN hər şeyi gözəl bilir və bu nazirliyin öz vətəndaşlarına laqeyd qalması doğru deyil. Qazaxıstanı qınamaq olmaz. Hər ölkənin öz qanunları var. Burada başlıca günahkar işə götürən şirkətdir. Eyni zamanda XİN də məsuliyyətini bir az artırıb vətəndaşlarına qayğı ilə yanaşmalıdır”.

Ayyət Əhməd