Saat düzəltdi, həbs olundu

14 yaşlı müsəlman məktəbliyə Obama və Zukeberq dəstək verdi




ABŞ-ın Texas ştatında yaşayan 14 yaşlı müsəlman məktəbli Əhməd Mohamed özünün düzəltdiyi saatı müəlliminə və sinif yoldaşlarına göstərmək, bununla da onları təəccübləndirmək üçün məktəbə gətirərkən başına nələrin gələcəyindən xəbərsiz olub.

Yeniyetmənin bu təşəbbüsü alqışlanmaq əvəzinə, əks münasibətlə qarşılanıb. Belə ki, müəllim dərhal polisə zəng vuraraq Əhmədin bomba hazırladığını xəbər verib. Nəticədə onu həbs ediblər. Lakin məsələnin mahiyyəti aydınlaşandan sonra aralarında iş adamları, siyasətçilər və bir çox tanınmışın yer aldığı insanlar Əhmədi dəstəkləməyə başlayıblar. Hətta sosial şəbəkələrdə onun şərəfinə #IStandWithAhmed haştaqı ilə fləşmob belə keçirilib. Ən maraqlısı isə, ABŞ prezidenti Barak Obamanın Əhmədi Ağ Evə dəvət etməsi olub. Prezident "Twitter” hesabından "Əhməd, əla saatdır. Onu Ağ Evə gətirərsən?” yazıb.

Ə.Mohamedə maraq göstərənlərdən biri də "Facebook”un yaradıcısı Mark Zukerberq olub. O, yeniyetməni ofisinə dəvət edib: "Siz artıq Texasdan olan özünün düzəltdiyi saata görə həbs edilən 14 yaşlı məktəbli Əhməd haqqında eşitmisiniz. Yeni nəyisə düzəltmək alqışlarla qarşılanmalıdır, həbslə yox. Gələcək Əhməd kimi insanlarladır. Əhməd, mən sizi "Facebook”un ofisində görməyimə şad olardım. Yaratmağa davam et”.

ABŞ-ın Demokratiya Partiyasının üzvü Hillari Klinton da sosial şəbəkədə məktəbliyə dəstək olub: "Şübhə və qorxu bizim təhlükəsizliyimizi təmin etmir. O yalnız bizi asılı edir. Əhməd, yoluna və yaratmağa davam elə”. Qeyd edək ki, Google da Əhmədə öz saatını "Google Science Fair” elmi sərgisində nümayiş etdirməyi təklif edib. Bundan başqa, Əhməd "Twitter” rəhbərləri tərəfindən şirkətdə təcrübə keçməyə dəvət olunub. Ə.Mohamed NASA və Massaçusets Texnologiya İnstitutunun da diqqət mərkəzindədir.