Novella Cəfəroğlu: "Onlar Azərbaycanda yaşamaq istəyirlər"




"Vaan Martirosyanın Azərbaycana keçməsi bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan nə qədər tolerant ölkədir”.
APA-nın məlumatına görə, bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, bu ailəyə qapılarını açıb: "Gürcüstandan yaxın dostlarım olan hüquq müdafiəçiləri mənə müraciət etdilər ki, Vaan Martirosyanın ailəsi pis vəziyyətə düşüb, Serj Sarkisyanın adamları onun ailəsini döyüb, həyat yoldaşı Karina övladını itirib. Onlar Azərbaycandan daimi yaşayış hüququ istəyirlər. Bu çağırışa tək cavab verə bilməzdim. Milli Məclisin deputatı Azay Quliyevlə görüşdüm. Onun səyi nəticəsində müsbət cavab aldıq”.
Qeyd edək ki, Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü "Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.