Dövlət Sosial Müdafiə Fondu (DSMF) gələn il üçün gəlirləri və xərcləri haqqında məlumat açıqlayıb.
Gəlirin 82%-nin əhaliyə ödənişlərə xərclənəcəyi bildirilib. Bu isə 3 milyard 11,2 milyon manat deməkdir.
Fondun sədri Elman Mehdiyevin sözlərinə görə, əhaliyə ödənişlərin 97,1%ni və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9%-ni və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.
O, fondun 2016-cı il üçün büdcə göstəricilərində artımın olduğunu da bildirib: "Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcə göstəriciləri builkindən daha çoxdur. Gələn il DSMF-nin büdcəsi artımla proqnozlaşdırılır. Yəni biz 3 milyard 78 milyon manat proqnozlaşdırırıq ki, bu da cari ilin proqnozundan təqribən 22 milyon manat çoxdur".
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, bu artım 2016-cı ildə pensiyaların inflyasiya göstəricilərinə uyğunlaşdırılmasına sərf ediləcək. "Gələn ilin yanvar ayında pensiyalar indeksasiyalaşdırılacaq.
Məqsəd inflyasiyanın pensiyanın real dəyərini azaltmasının qarşısını almaqdır. Beləliklə, DSMF-nin büdcə göstəricilərindəki artım müəyyənləşdirilən pensiya xərclərinin ödənilməsinə və vaxtında verilməsinə xərclənəcək". Bu isə o deməkdir ki, gələn ilin əvvəli inflyasiyanın səviyyəsinə uyğun olaraq pensiyalar artırılacaq. (anspress)
Eyni zamanda gələn ilin fondun büdcə xərclərinin məbləği və onların sərf ediləcəyi sahələr də açıqlanıb.
DSMF sədri gələcəkdə pensiyaların hesablanması qaydasının dəyişə biləcəyini də qeyd edib. O, artımın mümkünlüyünü, lakin bunun fərdi pensiya kapitallarının artırılması yolu ilə reallaşa biləcəyini deyib.
"Pensiya sisteminin bugünkü inkişaf səviyyəsi onu deməyə əsas verir ki, biz yeni mərhələyə qədəm qoya bilərik. Yəni pensiyaların artırılmasının yalnız fərdi hesablara toplanan kapitallara istinad etməklə reallaşdırılması mexanizminə keçməliyik". Beləliklə, əgər bu mexanizm reallaşarsa, pensiyalarda artım yalnız şəxsin öz hesabına köçürdüyü vəsait hesabına mümkün olacaq.
Qadın və kişilərin pensiya yaş həddinin dəyişdirilməsi məsələsi isə pensiya islahatları çərçivəsində hazırlanacaq konsepsiyanın tərkib hissəsisdir.
"Cari ayın sonunda Azərbaycanda pensiya sisteminin maliyyə dayanıqlılığının aktual qiymətləndirilməsi və pensiya islahatlarının aktual hesablamalarının nəticələri ictimai müzakirəyə təqdim ediləcək. Həmin prosesdə həyata keçirilməsi vacib olan islahat tədbirləri, müxtəlif alternativlər təqdim olunacaq və həmin alternativlərdən yalnız biri seçiləcək. Ancaq onda aydın olacaq ki, Azərbaycanın pensiya islahatlarında hansı zəruri addımlar atılmalıdır", - deyə Elman Mehdiyev əlavə edib.
Dövlət Sosial Müdafiə Fondu vətəndaşlar göstərilən xidmətin keyfiyyətini artırma məqsədilə 3 yeni elektron xidmətini istifadəyə verib. Bu xidmətlər əsasən "Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, "Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və "Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” ilə bağlıdır.
Elman Mehdiyevin sözlərinə görə, 2015-ci il ərzində bir sıra yeni elektron xidmətlər də əhalinin istifadəsinə veriləcək və həmin xidmətlərlə bağlı işlər artıq yekunlaşmaq üzrədir.