Böyük şəhər bələdiyyələrinin yaradılması məsələsi yenidən gündəmə gəlib.
Bakı, Sumqayıt kimi iri şəhərlərdə, həmçinin mübahisəli zonalarda bələdiyyələrin sərhədlərinin dəqiqləşdirilməsi, xəritələrin hazırlanmasının indiyə qədər mümkün olmadığını deyə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir. Onun sözlərinə görə, bələdiyyələrə torpaq mülkiyyəti verilməli və əraziləri dəqiq müəyyənləşdirilməlidir. Bu iş tezliklə başa çatdırılmalıdır.
Böyük şəhər bələdiyyəsinin yaradılmasının vacib olduğunu vurğulayan millət vəkili deyib ki, yeni yarananda respublikada 2570-dən artıq bələdiyyə vardı. Təkmilləşmə nəticəsində onların 1607-si qalıb. Hesab edirəm ki, bələdiyyələr inkişaf etdikcə, böyük şəhər bələdiyyəsinin yaradılması zərurətə çevriləcək.
İqtisadçı Azər Mehtiyev hesab edir ki, Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması gündəmdə çox ciddi problem kimi qalıb: "Avropa Şurasının Yerli Özünüidarəetmə haqda Xartiyasının tələblərindən biri odur ki, hakimiyyət mümkün qədər əhaliyə yaxın olmalıdır. Bu gün Azərbaycanda seçkili orqan yalnız parlamentdir. Əsas hakimiyyət də icra hakimiyyətidir. Xüsusən rayonlarda bütövlükdə hakimiyyət icra hakimiyyətinə məxsusdur. Bu gün Azərbaycanda yalnız mərkəzi səviyyədə seçilmiş qanunverici orqan - Milli Məclis mövcuddur. Yerli səviyyədə, rayonlar səviyyəsində seçkili qanunverici orqan yoxdur. Yerlərdə bələdiyyələr mövcuddur ki, onların da hakimiyyət statusu yoxdur. Hakimiyyətin əhaliyə yaxınlaşması baxımından bölgələr səviyyəsində seçki orqanlı şuraların yaradılmasına böyük ehtiyac var. Bu, ölkədə demokratik inkişafı təmin edən elementdir. Bu baxımdan Böyük Şəhər Bələdiyyəsi də şəhərin idarə edilməsi üzrə seçkili orqanın - bələdiyyə şurasının yaradılmasını nəzərdə tutan bir prosesdir. Və olduqca vacib prosesdir. Əgər Bakıda vahid bələdiyyə şurası - real yerli hakimiyyət olarsa, bu halda həmin şura tərəfindən bütün şəhəri əhatə edən qərarlar qəbul edilər. Onlar Bakıdakı bütün proseslərə ümumi nəzarəti həyata keçirə bilər. Bu, bütün dünyada sınaqdan keçmiş metoddur”. A.Mehtiyevin fikrincə, böyük şəhər bələdiyyəsi yaradılacağı halda ortaya yeni seçkili orqan atılır: "İstənilən seçkili orqan nə qədər pis olsa da, o, əhalinin ehtiyaclarına çevik reaksiya vermək iqtidarındadır. Bu gün bələdiyyələrin səlahiyyəti olmasa da, əhali bir çox problemlərlə bağlı onlara üz tutur. Deməli, meriya institutunun yaradılması əhaliyə yaxınlaşmaq baxımından çox ciddi bir addımdır. Bu, seçkili orqan olduğundan və belə orqanların tədricən icra hakimiyyətlərinin nəzarətindən çıxdığından hakimiyyət buna getmək istəmir”.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli də hesab edir ki, Bakı Şəhər Bələdiyyəsinin yaradılması üçün hələ müəyyən problemləri həll etmək lazımdır: "Parlamentarilər tərəfindən Bakı Şəhər Bələdiyyəsi ilə bağlı müzakirələrin aparılması və onun gündəmə gətirilməsi mütərəqqi haldır. İlk olaraq nəzərə almaq lazımdır ki, bu bizim öhdəmizə götürdüyümüz məsələlərdən biridir. Digər bir məsələ isə onun verəcəyi üstünlüklərlə əlaqədardır. İlk olaraq onu qeyd edim ki, Bakı Şəhər Bələdiyyəsinin yaradılması bələdiyyə institutunun formalaşmasına gətirib çıxaracaq. Əgər bu gün vətəndaş hansısa məsələyə gözucu baxırsa, gələcəkdə o, bələdiyyə seçicisi olaraq, bu kimi problemlərin həllində maraqlı olacaq. Bir növ vətəndaşın öz çiyninə də yük düşəcək”. Ekspert eyni zamanda Bakı Şəhər Bələdiyyəsinin yaradılmasının real görünmədiyini də vurğulayıb: "Hazırda Bakı Şəhər Bələdiyyəsinin yaradılması real görünmür. Çünki bunun üçün bizim nə hüquqi, nə də maddi-texniki bazamız var. Bakı bələdiyyəsinin büdcə gəliri hardasa 10 milyon manat ətrafındadır. Bu məbləğlə 4 milyon sakini olan bir şəhərdə heç bir iş görmək olmaz. Birinci növbədə hüquqi baza yaradılmalıdır. Daha sonra kadr potensialı müəyyən edilməlidir. Kimin hansı işi görəcəyini bilmək üçün vəzifə bölgüsü aparılmalıdır”.
V.Tofiqli bildirib ki, ümumiyyətlə, paytaxtda və iri şəhərlərdə vahid bir bələdiyyənin olması çox vacib bir məsələdir: "Bu, istənilən halda Azərbaycan bələdiyyəsinin inkişafına, onun qarşılaşdığı problemlərin həllinə müəyyən mənada təkan vermiş ola bilər. Bunun çox müsbət tərəfləri var. Bilavasitə Böyük Şəhər Bələdiyyəsinin yaradılması seçicinin üzərinə müəyyən məsuliyyət yükü qoyur. Hər bir seçici öz ərazisindəki problemlərin həllində bilavasitə məsuliyyət daşıyır. Bu baxımdan Böyük Şəhər Bələdiyyəsinin yaradılması çox vacib və zəruridir. Ancaq o məsələnin yaradılması hələ ki, real görünmür”.
Vüqar Tofiqlinin sözlərinə görə, real görünmədiyi üçün məsələnin çox da qabardılmasının əhəmiyyəti yoxdur”.
Şəymən