“Camaat məni seçəcək, çünki onlar məni tanıyır”

Tahir Kərimli YAP-ın namizədinə də güzəştə getməyəcək




Yeni Azərbaycan Partiyasının namizəd siyahısı açıqlandıqdan sonra bugünə qədər tərəddüd edən bir sıra partiya rəhbərləri seçkiyə qatılmaq qərarına gəliblər. YAP-ın siyahısından sonra deputatlığa namizədliyini irəli sürənlərdən biri də Vəhdət Partiyasının sədri Tahir Kərimlidir.

T.Kərimli namizədliyini 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən verəcəyini deyib. Verdiyi qərarla bağlı "Şərq”ə danışan partiya sədri deyib ki, mövcud vəziyyəti və imkanlarını götür-qoy etdikdən sonra namizədliyini irəli sürüb: "YAP o qədər güclüdür ki, onun yardımı olmadan istənilən namizədin şansı sıfıra bərabərdir. Ona görə də mən gözləmə mövqeyində idim. Hakim partiyanın siyahısı çıxandan sonra münbit şəraiti olan dairə axtardım və mənə doğma olan İsmayıllı seçki dairəsində tapdım. Fikrimcə, ordan deputat seçilmək şansım daha çoxdur. Çünki buranın camaatı mənə doğmadır. Mən 1990-cı ildə İsmayıllı rayonundan Ali Sovetə deputat seçilmişəm. İsmayıllı və Ağsu mənim öz elim-obamdır. O rayonların adamları çox gözəl bilirlər ki, mən onlar üçün vəzifəmi qurban vermişəm. Varımı-yoxumu Qarabağ uğrunda, qaçqınların yolunda qoymuşam. Nəslim min-cür əzab-əziyyətdən keçib. Bacım oğlu müharibədə şəhid olub. Hamı bilir ki, mən necə fədakarlıqlar etmişəm. Ona görə də hesab edirəm ki, camaat məni seçəcək, çünki onlar məni tanıyır və hörmət qoyurlar. Bu baxımdan şansımı yüksək qiymətləndirirəm”.

T.Kərimli onun dairəsindən namizəd olan şəxslərə güzəştə getməyəcəyini söyləyib: "YAP-ın həmin dairədən irəli sürdüyü namizədi tanıyıram. Bütün namizədlərə hörmətim var. Ancaq bu seçkidir, yarışdır, rəqabətdir. Mən də bu marafonda özümü sınamaq qərarına gəlmişəm.

Düşünürəm ki, YAP-ın namizədi ilə ziddiyyətə getməyəcəyik və biri-birimizə hörmət edəcəyik. Yəni qarşılıqlı hörmət şəraitində seçiciləri namizədliyimizi dəstəkləməyə çağıracağıq”.

Vəhdət sədri partiyada namizəd olmaq istəyən digər şəxslərin olduğunu da bəyan edib: "Ola bilsin ki, yaxın günlərdə onlar da namizədlərini irəli sürsünlər. Mən artıq seçki dairəsinə sənədlərimi Vəhdət Partiyası adından təqdim etmişəm. Yaxın günlərdə səlahiyyətli nümayəndələrimiz təsdiq olunacaq”.

T.Kərimli hakim partiyanın onlara dəstək verəcəyini bildirib: "Taktiki məsələlərdə müxalifətçiliyimiz durur, amma biz hər zaman Prezidentimizi ölkə sabitliyinin qarantı saymışıq. YAP-ın siyasi xəttini strateji mənada müdafiə etmişik. Çünki biz Azərbaycanımızı Suriya və İraq kimi görmək istəmirik. Heç kim deyə bilməz ki, o gəlib sabitliyi bundan yaxşı təmin edə bilər. Ona görə də hesab edirəm ki, Vəhdət Partiyasının YAP-a verdiyi dəstək qarşılığında onlar da bizə hörmətlə yanaşacaq və bizə dəstək olacaqlar. Ümid edirəm ki, biri-birimizlə düşmən yox, dost kimi mübarizə aparacağıq”.

İsmayıl