Azad İsazadə: “Əmək haqları qaldırılmalıdır ki, həkimlərdən keyfiyyət tələb edək. Əmək haqları yüksək olsa, həkim şəhər, ya kənd, fərq qoymaz. Kəndə də işləməyə gedər”
Şəmsiyyə Namazova: "Hər kəs çalışır ki, şəhərdə özünə iş tapsın. Bilirlər ki, rayon yerində işləmək çətindir”
"Bölgələrdə çalışan həkimlərlə bağlı 5 illik dövlət proqramının müddəti başa çatıb və Səhiyyə Nazirliyi yenidən həmin həkimlərə güzəştlərin tətbiq edilməsi üçün növbəti yeni dövlət proqramı hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib”. Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O qeyd edib ki, ildən-ilə bölgələrdə həkim problemi azalsa da, sözsüz ki, həkim təminatında yenə də problemlər qalır.
Qeyd edək ki, sözügedən Dövlət Proqramı qəbul olunan zaman nazir müavini Azərbaycanın bölgələrində çalışan həkimlərə müəyyən güzəştlər ediləcəyini, onlara əlavə əməkhaqqı veriləcəyini, sosial təminatlarının yaxşılaşdırılacağını bildirmişdi.
Bəs ötən 5 ildə nə dəyişdi? Güzəştlər həkimlərin bölgələrə üz tutmasını şərtləndirdimi?
Məsələyə münasibət bildirən həkim-psixoloq Azad İsazadə hazırda əsas problemin əməkhaqqı ilə bağlı olduğunu dedi:
- İndi həkimlərin əsas problemi maaşlarla bağlıdır. İlk növbədə bu məsələ həllini tapmalıdır. Əmək haqları qaldırılmalıdır ki, həkimlərdən keyfiyyət tələb edək. Əmək haqları yüksək olsa, həkim şəhər, ya kənd, fərq qoymaz. Kəndə də işləməyə gedər.
A.İsazadə bildirdi ki, sovet dönəmində tibb institutunu bitirənlər 3 illik rayonlara işləməyə göndərilirdi:
- O zaman qayda belə idi. Mütləq 3 il rayonda işləməliydin. 3 il başa çatdıqdan sonra aspiranturaya da daxil ola bilərdin, harada istəsən, işləyə də bilərdin. İndi məzunları göndərmirlər. Kim harada bacardı, orada iş tapır, işləyir. Mən bilmirəm, Dövlət Proqramında həkimlər üçün konkret hansı güzəştlər nəzərdə tutulub. Amma ilk növbədə əmək haqları ilə bağlı dəyişikliklər edilməsini istərdim.
Həkim-terapevt, fəlsəfə doktoru Şəmsiyyə Namazova da bölgələrdə həkim çatışmazlığının olduğunu təsdiqlədi:
- İstər həkim, istərsə də orta tibb işçisi, bəli, bölgələrdə kadr çatışmazlığı var. Bunun bir çox səbəbləri var, eləcə də əmək haqqı, sosial təminat məsələləri də burada böyük əhəmiyyət daşıyır. Təbii ki, şəhərdə çalışan həkimin iş şəraiti ilə regionlarda, yaxud da sərhəd bölgələrində çalışanların şəraiti eyni deyil. Düzdür, bölgələrdə müasir klinikalar, diaqnostika mərkəzləri tikilib, müasir tibbi avadanlıqlarla təchiz edilib, ancaq regionlarda, sərhəd zonalarında həkimlər də, tibb işçiləri də ağır şərtlər altında çalışırlar. Məsələn, biz burada rahat kabinetlərdə əyləşirik, pasiyent qəbul edirik, amma xüsusən də sərhəd bölgələrində, erməni silahlıları ilə təmas xəttində yerləşən zonalarda çalışanlar isə daim atəş altındadırlar. Hesab edirəm ki, hansısa bir güzəşt tətbiq ediləcəksə də, ilk növbədə sərhəd zonalarında çalışanlar üçün olmalıdır. İlk növbədə onların əmək haqqı yüksəldilməlidir. Xüsusilə də, səhra hospitallarında, hərbi hospitallarda çalışan həkimlərin, tibbi personalın. Hətta regionlardakı klinikalarda, xəstəxanalarda, tibb müəssisələrində çalışan sanitarların da əmək haqqı şəhərdəkilərə nisbətən yüksək olmalıdır. Çünki elə tibb işçiləri var, rayon mərkəzində hansısa klinikada, sağlamlıq mərkəzində çalışır, amma kənddə yaşayır. Orta tibb işçisi 90 manat maaş alırsa və hər gün rayon mərkəzindən kəndə evinə gedib-gəlirsə, onun maaşı yolpuluna xərclənəcək. Bölgələrdə yaşayanlar üçün gündəlik işə gedib-gəlmək də çox çətindir. Təmas xəttində işləyənlər üçün lap çətindir. Doğrudur, hansısa bir hadisə baş verdikdə, əsgərlərin, zabitlərin müalicəsi Bakıda davam etdirilir, vəziyyət tələb etdikdə, ağırlaşma halları olduqda yaralılar paytaxta gətirilir. Amma bununla belə istər hərbçilər olsun, istərsə də mülki əhali, onlara ilk yardımı yerli həkimlər göstərir. Biz 25 ildir müharibə şəraitində yaşayan ölkəyik. Ona görə də cəbhə bölgələrində yaşayan və çalışan həkimlərin sosial təminatı daha yüksək olmalıdır. Və burada həkimin hərbi və ya mülki olmasına da heç bir fərq qoyulmamalıdır. Bu zonalarda çalışanların hamısı fədakar insanlardır. Əgər qəbul olunacaq Proqram sayəsində regionlarda və sərhəd bölgələrində çalışan həkimlərin, tibb işçilərinin əmək haqları yüksələcəksə, mən bunu alqışlayıram.
Ş.Namazova hətta şəhərdəki klinikaların da servis xidmətlərinin olmamasına diqqət çəkdi:
- Bu yaxınlarda Rusiyada sahə həkimlərinin əmək haqqının qaldırılması məsələsi qaldırıldı və bunu həyata keçirdilər. Nəzərə alındı ki, sahə həkimi pereferiyaya gedirsə, bu, artıq ağır iş rejimi deməkdir. Sahə həkimi gün ərzində neçə evə gedir, neçə qapını döyür. Bunun hamısı fiziki güc, zaman tələb edən işdir. Bölgələrdə də tibb işçisinin yaşadığı ünvanla iş yeri arasında məsafə böyükdürsə, bu da əlavə xərc tələb edir. Belə vəziyyətdə xəstəxananın, ya da klinikanın servis xidmətinin olması lazımdır. Təəssüf ki, bu imkanlar yoxdur.
Ş.Namazova son zamanlar həkimlərin regionlara könüllü işləməyə getmələri hallarına rast gəlmədiyini dedi:
- Mən görmədim, eşitmədim ki, hansısa həkim könüllü rayona işləməyə getsin. Hər kəs çalışır ki, şəhərdə özünə iş tapsın. Bilirlər ki, rayon yerində işləmək çətindir. Amma regionlarda professional qaydada tibbi yardım göstərən, müxtəlif cərrahi əməliyyatlar keçirən həkimlər də olur. Amma bu, daimi deyil, epizodikdir. Tanıdığım elə adamlar var ki, Tibb Universitetini bitiriblər, amma öz ixtisasları üzrə çalışmırlar. Sərhəd bölgələrində, sanitar hissələrdə, səhra hospitallarında çalışan həkimlər isə artıq Tibb Universitetinin hərbi fakültəsini bitirmiş şəxslərdir. Biz əgər istəyiriksə ki, regionlarda tibb işçisi çatışmazlığı yaşanmasın, bu sahə üzrə imtiyazlar tətbiq edilməlidir.
Məlahət Rzayeva