12 illik təhsil sisteminə keçək ya yox?

Əjdər Ağayev:“Ölkənin təhsil həyatına 12 illik sistemin tətbiqi qaçılmazdır”
Şahlar Əsgərov: “Bu böyük dəyişiklikləri 11 ilə tədris etmək mümkün deyil”




Ölkə təhsilinin gələcək tərəqqisini özündə ehtiva edən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın fəaliyyət planı bir müddətdir ki, təsdiqlənib. Hazırlanmasına hələ 2013-cü ildə başlanılan strategiya 12 illik ümumi təhsilə keçidi başlıca hədəf seçib. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması istiqamətində artıq işlər gedir. Burada yeni sistemə keçidin təmin olunması məqsədilə mövcud təhsil standart və kurikulumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi, kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təchiz olunması kimi müddəalar da yer alıb. Heç kimə sirr deyil ki, yeni sistemə dair müxtəlif iddialar dolaşmaqdadır. Bunu müsbət dəyərləndirməyənlərlə yanaşı, ölkəmizin təhsil həyatına yüksək dəyişikliklər vəd edəcəyini düşünənlər də mövcuddur.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında qeyd edib ki, ölkənin təhsil həyatına 12 illik sistemin tətbiqi qaçılmazdır: "Dünyaya inteqrasiya məsələsi var. Orta məktəbin məzmununda konkretlik olacaq. 9-11 illik təhsil, 10-12 illik olmalıdı. İxtisaslaşmış fənlər üzrə dərslər keçiriləcək. Şagirdlər tələbə olmaq üçün tam təkmilləşmiş təhsil alacaqlar. 12-ci sinifdə tibbi biliklər kimi, digər sahələr də öyrədiləcək. 12 illik təhsil sistemi düzgün qurulsa, hər şey çox gözəl olacaq”.

Ekspert dünya ölkələrində təhsilin 12 və ya 15 il olduğunu və təhsil proqramlarının da bu çərçivədə ödənildiyini bildirib: "Təhsil proqramları ödənilməyəndə dünya ölkələrində buna natamam təhsil kimi baxırlar. Bu səbəbdən təhsil sisteminin proqramları uyğunlaşdırılmalıdır. Artıq təhsilin 12-ci ilində dərinləşdirilmiş fənlər olacaq. Tutaq ki, təbiət və riyaziyyat üzrə gələcəkdə ali təhsil almaq istəyənlər dərinləşdirilmiş istiqamətdə 12-ci sinifdə oxuyacaqlar. Və yaxud humanitar sahədə oxumaq istəyənlər o sahə üzrə təhsil alacaqlar”.

Ə.Ağayevin qənaətincə, gələcək peşə qazanmanın ilk özülü 12-ci sinifdə qoyulacaq istiqamətlərin müəyyənləşdirilməsidir: "Ali məktəblərin birinci kursunda oxuyanlarla ünsiyyət zamanı şahidi oluruq ki, yarısı "mən bura daxil olmaq istəmirdim, arzum başqa ixtisas üzrə təhsil almaq idi, ancaq balım bura çatdı” deyir. Bax, bu cür məsələlər aradan qaldırılacaq. Bu bir il ərzində onlar düşünüb-daşınıb, hazırlaşıb dəqiq istiqamət müəyyənləşdirəcəklər”.

Ölkədə təhsil islahatının yeni mərhələsinin başlanıldığını deyən şura sədri hesab edir ki, təhsil sistemi dünya təcrübəsi əsasında yeni modellər istiqamətində qurulmalıdır. "Bu yeniləşmənin özü də 12 illik təhsilə keçid tələb edir. Bu sistemə keçid üçün fəaliyyət proqramı və digər proqramlar hazırlanmalıdır. Bir də keçid üçün vaxt lazımdır. Təkcə 12 illiklə məsələ həll olunmur. Amma keçid mümkündür. Hazırlığa qalsa, təhsil məktəblərinin vəziyyəti onsuz da bərbaddır. Ancaq söhbət təşkilatı hazırlıqdan gedir. Ümid edirəm ki, dünyaya inteqrasiya baxımından 12 illik təhsilə keçid əhəmiyyətli olacaq”.

Professor Şahlar Əsgərov da söyləyib ki, 11 illik təhsillə müqayisədə 12 illik təhsil daha yaxşıdır: "Yaşadığımız era elmə, biliyə söykənən eradır. Ona görə də elmdə, xüsusən informasiya texnologiyaları sahəsində çox böyük yeniliklər var. Görünür, bu böyük dəyişiklikləri 11 ilə tədris etmək mümkün deyil. Təhsil müddətini bir az da artırmağın səbəbi bilikləri gənclərə daha çox mənimsətməkdir. Bunu alqışlamaq lazımdır. Ola bilsin ki, gələcəkdə orta məktəbdə lap 13-14 il oxusunlar”.

Ekspertin fikrincə, təhsildə 12 illiyə gedilirsə, dərsliklərin çoxu dəyişdirilməlidir: "Bu, ən azı yuxarı sinif dərsliklərinə aiddir. Dərslikləri dəyəri olmayan mövzulardan uzaqlaşdırmaq lazımdır. Fəlsəfi mahiyyəti olan mövzulara üstünlük verilməlidir. Dərsliklər elə olmalıdır ki, şagird orta məktəbi qurtaranda dost və düşmənini tanıya, yaxşı və pisi seçə bilsin”.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də diqqətə çatdırıb ki, 12 illik təhsilə keçid Azərbaycan təhsil sisteminin, xüsusən də orta məktəb bölümünün Avropaya inteqrasiyasında yeni imkanlar açacaq: "Orta məktəblərdə təhsilin bu istiqamətdə aparılması məktəblər qarşısında geniş imkanlar yaradacaq. Bundan əlavə, təhsil şagirdlərə bilik və bacarıqlar imkanı qazandıracaq. Proqramların dəyişdirilməsi, daha da modernləşdirilməsi, 21-ci yüzilliyin fənlərinin orta məktəbdə daha geniş tədris olunmasına imkan yaradacaq”.

Birlik sədri bəyan edib ki, yeni sistem hazırkı dövrdə çox məşhur olan repetitorluğun qarşısının alınmasına kömək edəcək. "Orta məktəb təhsilinin yuxarı pilləsində təmayüllər üzrə təlimin aparılmasına imkan yaradacaq. Uşaqların dərsə davamiyyəti bərpa olunacaq. Xüsusən yuxarı siniflərdə işləyən müəllimlərin sosial vəziyyətinin yaxşılaşması üçün şərait yaranacaq. İdarəetmədə yeni innovativ üsullardan istifadə olunması imkanlarına yol açacaq. Bu da Azərbaycan orta təhsilinin Avropaya inteqrasiyasına gətirib çıxaracaq”.

Ekspert vurğulayıb ki, birdən-birə 12 illik təhsilə keçid mümkün deyil: "Bu iş mərhələlərlə aparılmalıdır. Əvvəlcə pilot məktəblərdə eksperiment kimi həyata keçirilməlidir. İqtisadi əsasları öyrənilməli, kənd məktəblərində hansı nəticəni verəcəyini ortaya çıxarmalıdır. Mərhələli keçid müəyyən tədqiqatlara əsaslanaraq həyata keçirilməlidir. Ölkələr var ki, 12 illik təhsili tətbiq edir. Onların təcrübəsinin, mənfi və müsbət cəhətlərinin öyrənilməsi, Azərbaycan mühitinə
adaptasiyası lazımdır. Müəyyənləşdirməliyik ki, Avropa, MDB ölkələrinin təhsil sistemindən hansı elementləri Azərbaycana tətbiq edə bilərik. Köklü araşdırmalardan, 2-3 illik eksperimentlərdən sonra bu təhsil sisteminə keçid mümkün ola bilər. Təbii ki, bu prosesə keçid ibtidai sinifdən başlayacaq”.

Qazaxıstan təhsil sisteminin təcrübəsinə toxunan həmsöhbətimiz bildirib ki, onlar bunu öncə 8 məktəbdə eksperiment kimi aparıblar: "Hazırda Qazaxıstanın 45 məktəbində həyata keçirilir. Gələn ildən artıq bu, bütün ölkə üzrə mərhələli şəkildə tətbiq olunacaq. 2020-ci ildə prosesi başa çatdıracaqlar. Demək, proses üçün 17 il vaxt lazım olub. Biz də birdən-birə deyə bilmərik ki, bu gün Azərbaycanın təhsil sistemi, onun proqramları, onu idarə və tədris edənlər bu keçidə hazırdır və gələn il bu prosesə başlaya bilərik. Bu, qeyri-mümkündür. Sovet dönəmindəki 6 yaşlıların təhsilinə bənzəyəcək. Azərbaycan ittifaq respublikaları arasında bunu eksperimentsiz və hazırlıqsız birinci tətbiq etməyə başladı. Sonra da imtina etməli oldu. Eyni vəziyyəti yaşamamaq üçün mərhələli, düşünülmüş bir addım olmalıdır. O cümlədən, Ukrayna da 12 illik təhsilə keçib. Onların təhsil sistemindən imtina etmək məsələləri müzakirə olunur. Təbii ki, bu prosesin tərəfdarları ilə bərabər əleyhdarları da var. Təhsil naziri birbaşa sual qoyur ki, "12 illik təhsil bizə nə verdi? Biz bundan imtina etsək, daha yaxşı olar”. Bax bu, həmin tələskən keçidin nəticəsidir. Zənnimcə, bizim təhsil sistemində də 12 illiyə keçiləndə tələskənliyə yol verilməməlidir. Ümid edək ki, 12 illik təhsilə keçiddən sonra ukraynalıların dediyi kimi, "12 illik təhsil bizə nə verdi” sualını təəssüflə verməyəcəyik”.

Ayyət Əhməd