“Hamam söhbəti” artıq köhnəlib

Məşədi İbad və hambalından da maraqlı olmayacaqsız ki?!



Dünən redaksiyada işə başlayanda ciddi məlumatlar əldə etmək məqsədilə bir neçə xəbər saytına daxil oldum. Etibarlılığına güvəndiyimiz ANS Press.com-da qarşıma nə çıxsa yaxşıdı? Müğənni Günay İbrahimlinin hamam şəkilləri. Həm də necə bir təqdimatda; "Azərbaycanlı məşhur müğənni (?! - red.) Günay İbrahimli "İnstaqram” hesabında makiyajsız şəkil paylaşıb.

ANS PRESS-in məlumatına görə, "İnstaqram”da aktiv olan müğənni Günay İbrahimli hamamdan şəkil paylaşıb. İfaçı bu gün hamam günləri olduğunu qeyd edib. Müğənni ilə birlikdə onun bacısı İlahə İbrahimli və meneceri Nura Allahverdizadə də türk hamamında olublar”. Xanımlarımızın hamam xalatında şəkilləri də saytın səhifəsində yerləşdirilib. Belə bir sonluqla:

"Müxtəlif ölkələrin şou-biznes ulduzlarının makiyajsız fotolarının sosial şəbəkədə yayılmasına tez-tez rast gəlinir. Gözəlliklərini şəxsi sosial media hesablarında paylaşan məşhur adlar, bu görünüşləri ilə də heyranlarının ürəklərini fəth etməyi bacarır.

Cennifer Lopez, Beyons və Ledi Qaqa kimi məşhur adların makiyajsız şəkilləri sosial şəbəkələrdə milyonlarla pərəstişkarları tərəfindən bəyənilib”.

Müğənninin hamam şəklini paylaşmasını da gördük. Amma bir neçə əskik var, məncə. Gərək, "Məşədi İbad”dakı hamam mahnısı oxuyaydılar. Hər necə olmasa, arada müğənni söhbəti var axı. Bundan əlavə hamamçını da, kisəçini də şəkil çəkdirməyə dəvət edəydilər. Onları niyə görməzdən gəliblər? Camaatımız "məşhur müğənninin” kimə belini sürtdürdüyünü, kimə masaj elətdirdiyini də görəydi, biləydi, tanıyaydı və Günay İbrahimli "eşqinə” ancaq o hamama gedəydi, o kisəçini belini sürtməyə çağıraydı. Bəs necə, məşhur müğənninin kisəçisi də gərək məşhur kisəçi olsun!..

Bu qədərini yalnız bizim müğənnilərdən gözləmək olardı, oldu da. Ümumiyyətlə, "facebook”, "instaqram” xəstəliyinə son illər yoluxanların sayı durmadan artır. Bu da bir axındır, içi biz qarışıq dünyanı arxasınca sürüyür. Hara apardığı da artıq bəllidir. İnsanlar ünsiyyət yaratmaq bacarığını itirirlər, dostluq, qohumluq əlaqələri böyük hesabla kasadlayır. Bir neçə il əvvələ kimi, mobil telefonla danışanlar artıq buna da ehtiyac duymur və ancaq yazışmalar, şəkil paylaşmalarla biri-birindən xəbər tutur. İnsanlar arasında bağlar itir, yadlaşma prosesi gedir.

Problemin başqa bir tərəfi isə bizim camaatın internet resurslardan düzgün istifadəni bilməməsidir. Bizim böyük əksəriyyətimiz üçün internet yalnız şəkil paylaşmalar və hansısa bir sözə, xəbərə şərhlər yazmaqla məhdudlaşır. Dünyada insanlar internetin imkanlarından sürətli xəbərləşmə, elmi nailiyyətlər əldə etmək və təbliğat vasitəsi kimi istifadə etdiyi halda, biz sosial şəbəkələri mətbəx söhbətləri üçün məkan etmişik.

Ən çox da bundan şou-biznes nümayəndələri "faydalanır”. Bu gün nə səhər nə yedim, nə içdim, hara getdim, hardan gəldim, nə geyindim, necə soyundum. Kiminlə harada nə etdim... Bu minvalla müğənniciklərin və onların "menecerlərinin”, "prodüserlərinin” alabəzək fotoları sosial şəbəkələrdə özünə yer eləyir. Deyə bilərsiniz ki, müasir dünyanın tələbi budur. Gərək reklam olunasan. Amma reklamı da mənalı və gərəkli hala salmaq mümkündü. Necə ki, bunu xarici müğənnilər edir. Daha bizimkilər kimi, yersiz, düşük şəkillər paylaşmaqla yox. Sanki bunlar dünya şöhrətli "ulduz”dur, bazara və ya hamama getməkləri külli-əhalinin fikrini məşğul edib. Hara getdiklərini, kiminlə oturub-durduqlarını bilməsək, ürəyimiz para-para olacaq!.. Məlum məsələdir, sənəti ilə önə çıxmaq şansı olmayanlar, hər zaman yardımçı vasitələrdən yararlanmağa çalışır. Yardımçı vasitələr də - ərə gedib boşanmaq, küsüb-barışmaq, soyunub-geyinmək və təzəlikcə həm də hamamda şəkil çəkdirmək oldu. Gərək çimən yerdə şəkil çəkib paylaşardınız, çünki hamam xalatında diqqəti az cəlb edirsiniz. "Hamam söhbəti” köhnəlib artıq. Hamamla daha heç kimi maraqlandırmaq olmur. Məşədi İbad və hambalından da maraqlı olmayacaqsınız ki?!

Həyatını da mənasız, dəyərsiz işlərə sərf edən, gününü sosial şəbəkələrdə yazışmağa, fotolar paylaşmağa sərf edənlərin, çox güman ki, başqa peşələri yoxdur. İşsizlikdən belə edirlər. Ya da, sadəcə, internet xəstəliyinə yoluxublar.

Bəzi insanların internet aludəçiliyini sosial bəla adlandıran sosioloq Əhməd Qəşəmoğlu isə bu insanların natamamlıq kompleksinə düçar olduqları fikrindədir:

- Bu, cəmiyyətdəki intellekt çatışmazlığı və yarımçıqlıq - natamamlıq kompleksinin dərin olması ilə bağlıdır. Mən bir sosioloq, həm də psixoloq kimi bunun səbəbini idrak çatışmazlığı ilə əlaqələndirirəm. Yersiz, heç bir məna yükü olmayan məsələlərin qızğın müzakirələrə səbəb olması, gündəmin baş mövzusuna çevrilməsi cahillikdir. Bir cəmiyyət bu cür mənasız məsələləri geniş reklam edir, müzakirəyə çıxarır və ona köklənirsə, deməli, o cəmiyyət qüsurludur. Belə mövzulara şərh yazanların da intellekt, savad problemi var.

İnsanlar var ki, nə yolla olursa-olsun, gündəmdə qalmaq istəyirlər. Bu, artıq bizim cəmiyyətdə xəstəliyə çevrilib. Bu təkcə müğənnilərə, şou-biznes əhlinə aid deyil, bəzi siyasətçilər, ziyalılar da diqqət mərkəzində olmağa çalışırlar. Məsələn, bir siyasətçi özünə yalançı, şişirtmə bir imic formalaşdırıb. Kimsə onu tənqid edəndə, sərt, kəskin reaksiya verir. Çünki formalaşdırdığı yalançı imicin dağılacağından ehtiyatlanır. Ciddi adamlarsa reklam olunmağa, gündəmdə qalmağa ehtiyac duymurlar. Mən nə qədər elm adamı, ziyalı tanıyıram ki, tutarlı elmi əsərlər müəllifidirlər, elmi kəşfləri var. Amma heç yerdə çıxıb danışmırlar, kimdənsə də bunu rica etmirlər. Səssiz, sakitdirlər. Çünki gec-tez elmlərinin üzə çıxacağını bilirlər. İstedadlı insan, alim gec-tez qiymətini alır. Müəllim kimi müşahidə etmişəm ki, əlaçı tələbə heç vaxt müştəbeh olmur. Təmkinli, sakit davranır. Amma zəif tələbə çalışır özünü müəllimə təqdim etsin, yardımçı vasitələrlə - geyimi, rəftarı, danışığı ilə seçilsin. Çünki onun elmi, savadı ilə seçilmək imkanı yoxdur. Gündəmdə qalmağa çalışan müğənnilər də, bəzi ziyalılar, siyasətçilər də bu qəbildəndir. Özlərini daim mərkəzdə görmək istəyi onları hər cür absurd, mənasız işə təhrik edir. Cəmiyyət də cahilliyi ucbatından buna aldanır.

Ə.Qəşəmoğlu təəssüflə qeyd etdi ki, sosial şəbəkələr ölkəmizdə hələ də ciddi məlumat mənbəyinə çevrilməyib:

- Sosial şəbəkələr paylaşım meydanıdır. Ən müxtəlif mövzular qoyulur, fikir bildirilir. Amma müqayisəli götürdükdə, bəli, sosial şəbəkələr ciddi məlumat mənbəyinə çevrilməyib. Ona görə müzakirə olunan mövzular da ikinci dərəcəlidir. Sosial şəbəkələr sərbəstdir, azaddır, düzdür, bu, bəzən mənfi halların yaranmasına səbəb olur. Sosial şəbəkələrdə aktivlik var. Lakin biz məsələn, ziyalıların, millət vəkillərinin, elm adamlarının sosial şəbəkələrdə müzakirəyə qoşulduğunu görmürük. Amma Avropada belə deyil. Avropada sosial şəbəkələrdə ciddi elmi mövzular müzakirə olunur. Millət vəkilləri öz şəxsi səhifələrində yazışmalar aparırlar. Təəssüf ki, biz eyni halı Azərbaycanda müşahidə etmirik. Sosial şəbəkələrdə kütlə çoxluğu var, amma mahiyyət ifadə etməyən bir çoxluq. Sosial şəbəkələrdə əsasən gənclər və bir az da orta yaşlılardır. Cəmiyyət olaraq da biz hələ sosial şəbəkələrin daşıya biləcəyi böyük yükü qavraya bilməmişik. Bir nənə üçün sosial şəbəkə nəvəsinin şəklini yerləşdirmək yeridir. Bir gənc üçün gəzdiyi məkanların şəklini paylaşmaq yeri. Amma ölkələr var ki, sosial şəbəkələrdə ciddi mövzuları, milli məsələləri müzakirəyə çıxarırlar. Bizdə belə halın müşahidə edilməməsi, təəssüf doğurur. Sosial şəbəkələrdə ciddi mövzuların qoyulması və müzakirə açılması istənilən, arzuolunan səviyyədə deyil.

Məlahət Rzayeva