Bu il noyabrın 1-də keçirilən parlament seçkisi həm yerli, həm də xarici media qurumları tərəfindən geniş şəkildə işıqlandırılıb. Seçki günü anbaan prosesi izləyən, məntəqələrdə reportaj hazırlayan, namizədlər və seçicilərlə sıx ünsiyyətdə olan media nümayəndələri ölkə ictimaiyyətini informasiya ilə hərtərəfli təmin ediblər. Bununla yanaşı, jurnalistlərimiz daxildə və xaricdə seçkinin nəticələrini saxtalaşdırmağa çalışan, cəmiyyəti yanlış istiqamətə yönləndirən qərəzli mətbu orqanlara da tutarlı cavab veriblər. Medianın seçkinin nəticələri ilə bağlı yazıları seçkidən sonra da davam etməkdədir.
Parlament seçkisi xarici mediada necə işıqlandırıldı?
Dünyanın bir sıra nüfuzlu nəşrləri V çağırış parlament seçkisinə xüsusi diqqət ayırıblar. Seçkinin gedişi, səsvermə prosesi və nəticələrlə bağlı öz səhifələrində geniş məqalələr yerləşdirən xarici nəşrlər daha çox diqqəti hakim Yeni Azərbaycan Partiyasının qələbəsinə ayırıblar. Rusiya nəşrləri bu sırada xüsusi fəallıq nümayiş etdiriblər. "Nezavisimaya qazeta”da dərc edilən məqalədə iqtidar partiyasının səslərin böyük əksəriyyətini əldə etdiyi vurğulanıb. Yazını Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun verdiyi məlumatla başlayan müəllif tək YAP deyil, digər partiyaları da təmsil edən namizədlərin qalib gəldiyini yazıb. O, yazısında xüsusi vurğulayıb ki, beynəlxalq müşahidəçilər seçkilərin nəticələrinə müsbət rəy veriblər. Nəşr AŞ PA missiyasının verdiyi rəyi də xüsusi bəyan edib. Mətbu orqan yazıb ki, Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilib: "Seçkilərin nəticələrini şərh edən Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Vladimir Çurov isə bildirib ki, Azərbaycan Avropada seçicilərin sayı ilə bağlı ən yüksək dəqiqlik nümayiş etdirib. Yəni hər hansı bir seçki məntəqəsində seçicilərin əlavə siyahısına rast gəlmək mümkün olmayıb. Bu, fenomenal bir haldır. Belə bir hala nə Böyük Britaniyada, nə də Almaniyada, heç bir yerdə rast gəlinməyib”.
Rusiya mediasında seçkinin nəticələrinə geniş yer ayrılıb
"Moskovski komsomolets” də parlament seçkisindən yazıb və vurğulayıb ki, bu kiçik Qafqaz ölkəsi Rusiyaya qarşı əvvəlkitək dost münasibət bəsləyir. Nəşrə görə, rəsmi Bakı Qərblə münasibətlərin pozulmasına belə səbəb olsa, Kremllə münasibətləri kəsmək istəməz: "İndiki seçkilərin arxasında böyük siyasət durur. Bu oyuna Avropa və Amerika qarışıb. Ancaq seçkilərdə Prezident İlham Əliyevin sədrlik etdiyi partiyanın qalib gələcəyinə heç kimin şübhəsi yox idi. Ekspertlər əvvəlcədən seçicilərin 80 faizinin YAP-a səs verəcəyini proqnoz edirdilər”. Məqalədə daha sonra seçkiləri müşahidə etməkdən boyun qaçıran ATƏT missiyasının tənqidinə keçilib: "Onlar seçkilərdə 400 müşahidəçi ilə təmsil olunmaq istəyirdilər. Rəsmi Bakı isə buna razılıq vermədiyindən qurum incidi. Məqalədə, həmçinin, seçkilərdə "exit-poll” təşkilatlarının fəaliyyətinə də toxunulub. Yazar Azərbaycanın iqtisadi inkişafına da yer ayırıb. Son 10 ildə ümumdaxili məhsulun 5 dəfə, xarici investisiyaların artdığı, Azərbaycan iqtisadiyyatının dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına çevrildiyi göstərilib. "İzvestiya”, "Komsomolskaya pravda”, "Ria Novosti”, "Kommersant” nəşrləri də seçkilərə xüsusi yer ayırıblar. "Rossiyskaya qazeta”nın məqaləsində qeyd edilib ki, Azərbaycan hökuməti bir sıra sahələr üzrə dəyişikliklər həyata keçirir: "Dövlət idarələri ilə vətəndaşların ünsiyyəti maksimum dərəcədə asanlaşdırılıb, vaxt itkisi minimuma endirilib. "ASAN xidmət” mərkəzlərinə gələn vətəndaşlar burada əsl psixoloji rahatlıq tapır, onları üzügülər xidmət heyəti gözləyir. Bütün bunlar Azərbaycan təcrübəsini unikal edən, vətəndaşların öz ölkələri ilə qürur duymasına əsas verən, Yeni Azərbaycan Partiyasının hər dəfə seçkilərdə qalib gəlməsinə imkan yaradan amillərin yalnız bir hissəsidir”.
Türkiyə KİV-ləri seçki islahatlarına, namizədlər üçün yaradılan bərabər şəraitə böyük diqqət göstərib
Rusiya mətbuatı ilə yanaşı, qardaş Türkiyənin də media orqanları seçkilərə xüsusi diqqət ayırıb. Türkiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri noyabrın 1-də keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qazandığı inamlı qələbədən yazıb. "Anadolu”, "Cihan” agentlikləri, "Hürriyyət” qəzeti, TRT Haber, TRT türk televiziya kanalları da daxil olmaqla, Türkiyə mediası Prezident İlham Əliyevin səsvermədə iştirakı, habelə yüksək seçici fəallığı barədə geniş məlumatlar dərc edib. Məlumatlarda dövlət başçısının ailə üzvlərinin, o cümlədən oğlu Heydər Əliyevin ilk dəfə səs verməsinə də geniş yer ayrılıb. Qardaş ölkənin KİV-ləri Azərbaycanda həyata keçirilən seçki islahatlarına, Mərkəzi Seçki Komissiyasının uğurlu fəaliyyətinə, deputatlığa namizədlər üçün yaradılan bərabər şəraitə, Milli Məclisin yeni tərkibinə böyük diqqət göstərib. Azərbaycan və Türkiyədə eyni gündə parlament seçkilərinin keçirilməsi dünya ictimaiyyətinə demokratiyanın nümayişi kimi təqdim olunub.
Azərbaycan mediası parlament seçkisini yüksək səviyyədə ictimaiyyətə çatdırıb
Şübhəsiz ki, 1 noyabrda keçirilən parlament seçkisini və onun nəticələrini ən geniş və obyektiv şəkildə yerli media orqanları işıqlandırıblar. Seçki günü Mətbuat Şurasının yaratdığı "qaynar xətt” və Şuranın İdarə Heyətinin üzvlərindən, media nümayəndələrindən ibarət monitorinq qrupunun fəaliyyət göstərməsi də ölkə mətbuatının seçkiyə necə yanaşdığını sübut edir. Seçki günü media mənsubları məntəqələrində sərbəst şəkildə vəzifələrini icra ediblər. MŞ-nin monitorinq qrupu da məntəqələrdə jurnalistlər üçün yaradılmış şəraitin yüksək səviyyədə olduğunu vurğulayıb. Gün ərzində MŞ sədrinin müavinləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvlərindən "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bir sıra məntəqələrdə seçkinin gedişini izləyib, jurnalistlərə yaradılmış şəraitlə yaxından tanış olublar. Şura üzvlərinin qənaətincə, ümumən Azərbaycan mediası 1 noyabr parlament seçkisini yüksək səviyyədə işıqlandırıb. Materialların mütləq əksəriyyətində peşə prinsiplərinə riayət edilərək tam tərəfsizlik gözlənilib.
"Seçkilərin işıqlandırılmasında mediamız böyük zəhmət çəkdi və uğurlara imza atdı”
Yerli mediamızın seçkini işıqlandırması ilə bağlı "Şərq”ə danışan "Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, seçkini ictimailəşdirmək medianın üzərinə düşən ən mühüm vəzifə borcudur: "Seçki prosesi müəyyən bir dövrü əhatə edir. Azərbaycan iqtidarı hər zaman seçki prosesinin aşkar və şəffaf şəkildə keçirilməsinə nail olub. Bu aşkarlığı, şəffaflığı təmin edən məsələlərdən biri də KİV-lərdir. Yəni ayrı-ayrı yerlərdə, məntəqələrdə, coğrafi ərazilərdə baş verən prosesləri bütövlükdə hamının malı etmək, ictimailəşdirmək üçün şübhəsiz ki, böyük jurnalistlər ordusunun və medianın üzərinə mühüm vəzifə düşür. Əlbəttə, mən iddia edə bilmərəm ki, bütün qəzetlər, KİV-lər bu işin öhdəsindən yüksək səviyyədə gəlirlər. Amma bütövlükdə Azərbaycan mətbuatı ölkədə keçirilən V parlament seçkilərinin işıqlandırılmasında böyük zəhmət çəkdilər və uğurlara imza atdılar”. Baş redaktor bildirib ki, seçki prosesi bir anlıq məsələ deyil. Mətbuatda seçkilərə hazırlıq prosesi, namizədlərin irəli sürülməsi, səsvermə və nəticələrlə bağlı çoxsaylı məsələlər, mövzular müzakirə edilir. Şərhlər verilir, seçkinin aktiv və passiv iştirakçılarının rəyləri öyrənilir. Eyni zamanda yerli və xarici müşahidəçilərin, beynəlxalq qurumları təmsil edən ekspertlərin münasibətləri alınır. Bunların hamısı rəngarəng proseslərdir. Sadaladığım bütün məsələləri gündəmdə saxlamaq, şəxslərdən müsahibə götürmək, açıqlamaları dəqiq və obyektiv şəkildə qəzet səhifəsinə daşımaq böyük fərasət tələb edir. Əlbəttə, bu, asan məsələ deyil. Bu işdə jurnalistlərdən müəyyən peşəkarlıq, zəhmətsevərlik və əziyyətə qatlaşmaq tələb olunur. Bu baxımdan mən həm jurnalist, həm də seçki prosesinin passiv iştirakçısı kimi medianın seçkini işıqlandırmasından razıyam. Bütün məsələlər barədə obyektiv analiz aparmaq, məsələyə düzgün mövqedən yanaşmaq, qərəzli fikirləri zərərsizləşdirmək hər jurnalistin işi deyil. Hesab edirəm ki, parlament seçkiləri media nümayəndələri üçün böyük bir imtahan oldu və jurnalistlər bu sınaqdan uğurla çıxa bildilər”.
B.Sadıqovun sözlərinə görə, V parlament seçkisinin ən mühüm xüsusiyyətlərindən biri qərəzli media qruplaşmalarının, milli maraqlardan kənarda duran qəzet və saytların, həmçinin, "beşinci kalon”un prosesdən kənarda qalmasıdır: "Azərbaycanda seçkilər o qədər peşəkarcasına, demokratik və insanların fəallığı ilə keçdi ki, bu insanlar hər hansı fakt, qüsur tapa bilmədilər. Hansısa ciddi qanun pozuntusu, saxtakarlıq faktı əldə edə bilməyən "jurnalistlər” özlərindən nələrsə uydurmağa başladılar. Ancaq onların niyyəti baş tutmadı. Çünki seçkinin və seçicilərin fəallığı bütün ittihamları puç etdi. İndi təkcə namizədlər yox, ictimaiyyətin bütün nümayəndələri seçki təcrübəsinə yiyələnib”.
(Davamı var)
İsmayıl