Elçibəyin halal “villası”: O evin inşasında bəy özü də işləyib

Almurad Əliyev: “Aqilin özü də yayda o evdə qalıb. Yəqin elə onlar selafanlayıblar”



Bu günlərdə feysbuk sosial şəbəkəsində Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli bəyin doğulub boya-başa çatdığı mənzilin fotosu paylaşılıb. Və o, bu şəklə belə bir şərh yazıb: "Bu şəklə diqqətlə baxın. Bu, prezident Elçibəyin Kələkidəki ata evidir. Bəli, o, prezident olanda da, devrildikdən sonra da məhz bu evdə yaşadı!”

İndi Kələkidəki bu ev bir az düzəldilib - o da Bəydən sonra...” Qeyd edək ki, son günlər əksər şəbəkə istifadəçisi "bəzi məmurlar buna baxıb dərs götürməlidir, acgözlük etməməlidir” başlığı ilə həmin şəkli öz səhifələrində paylaşırlar. Bu faktı nəzərə alıb, həmin mənzilin inşa tarixi və indiki vəziyyətini öyrənmək məqsədilə keçmiş liderin qardaşı Almurad Əliyevlə əlaqə saxladıq. O, "Şərq”ə söylədi ki, bu evin yaşı ondan da böyükdür: "O ev mən anadan olmazdan öncə tikilib. Amma konkret il deyə bilmərəm. Orada əvvəlcə əmim yaşayıb. Atam evlənəndən sonra əmim ayrılıb və bu ev atama qalıb. Atamdan sonra da evlənib mən yaşadım. Elçibəy də, mən də həmin evdə anadan olmuşuq. Orada yaşamışıq. Yaylağa da gedib gəlirdik. Onda o ev iki otaqdan ibarət idi. Lakin sonra alt-üst otaqlar və bir dəhliz tikdim. Bakıdan qayıtdıqdan sonra bəy də bir otaq tikdirdi və indi 4 otaq, bir dəhlizi var. Yaxşı da evdir. Kim nə deyirsə, desin. Həyəti də var. Hər şey yaxşıdı”.

A.Əliyev bildirib ki, hazırda orada yaşayış yoxdur: "Kirvəmiz evə nəzarət edir, baxır. O ev sonuncu dəfə bəyin vaxtında təmir olunub. Ev qəşəngdi. İndi ola bilər pəncərələrinə selafan tutublar. Amma ev çox qəşəngdi. Yayda istirahətə gedəndə o evdə qalırıq. Aqilin özü də yayda o evdə qalıb. Yəqin elə onlar selafanlayıblar. Elçibəyin uşaqlığı orada keçib. 7-ci sinfə kimi orada oxuyub. 3 il də Ordubadda oxuyub. İnşasında bəy də işləyib. Fəhləlik edirdik. O bizim təmiz, pak evimizdir. Orada haram, yoxdur. Halal zəhmətlə tikilmiş evdir”.

A.Əliyev qeyd edib ki, həmin ev ona daha çox atasını və bəyi xatırladır: "Atamı xatırladır. Atam dünyasını çox tez dəyişib. Onda mənim 8-9 yaşım vardı. Atamın dağdan gəlməsi, xurcuna yemişan yığıb gətirməsi yadıma gəlir. Atam çoban idi. Qoyun otarırdı. Bəyin də əsgərliyə getməyini xatırladır”.

Həmsöhbətimiz vurğulayıb ki, gedib həmin evdə yaşamaq fikri var: "Amma uşaqlar burdadırlar. Gərək uşaqları yerləşdirək, sonra gedək. Ötən yay 1-2 ay bəyin oğlu Ərturqut da orada qaldı”.

Ayyət Əhməd