Qazaxdakı namizədləri müxalifət necə dəstəkləyib?

Müsavatın rayon təşkilatının sədri İlqar Mustafayev bəzi mətləbləri açıqladı



Müsavat Partiyası Qazax rayon təşkilatının sədri İlqar Mustafayev qurumdan ayrılan və hazırda İsveçrədə yaşayan jurnalist Elxan Həsənli ilə aralarında yaranmış ziddiyyətə aydınlıq gətirib. O, "Şərq”ə açıqlamasında qeyd edib ki, E.Həsənli ilə bir neçə ay əvvəl feysbukda dostluq qurub:

"Sən demə, 2015-ci il Parlament seçkilərində namizədliyini Qazaxdan verən və hazırda bu rayonun deputatı olan Kamran Nəbizadə E.Həsənlinin qohumu imiş. E.Həsənli də xaricdə oturub, feysbuk vasitəsilə onun təbliğatını aparırdı. Venera Əsgərova isə bitərəf namizəd idi. Sosial şəbəkədə onun təbliğatçısı Fatma Bayramova idi. Xanım dostumuz status paylaşmışdı. Mən də vaxtım az olduğuna görə, statusun əvvəlini oxuyub, feysbukda paylaşdım. Həmin statusu paylaşmağım E.Həsənlinin xətrinə dəyib. Mən də fikir verməmişəm. Bir də gördüm ki, E.Həsənlidən mənə mesaj gəlib. Həmin mesajı olduğu kimi təqdim edirəm: "İlqar bəy, çox sağ ol. Çox sağ ol, İlqar bəy, Fatmaya çox dəstək oldun. Borc olsun”. Nəysə, seçki də əslində ənənəvi üsulla keçirildi. Bir neçə gün əvvəl feysbukda baxdım ki, E.Həsənli bir keçid paylaşıb. Müsavat Partiyası Qazax rayon təşkilatı sədrinin, yəni mənim ünvanıma xoşagəlməyən sözlər yazıb. Bir neçə YAP təbliğatçısı da ona arzuolunmaz rəylər yazmışdı. Mən də özlərinə layiq cavablarını verdim. İndi də müsahibəsini oxudum. Cavab yazmağı özümə borc bildim. E.Həsənlinin mənimlə çəkişməsinin səbəbi budur”.

İ.Mustafayev qeyd edib ki, o, Avropada olanda E.Həsənli bəlkə də orta məktəbdə oxuyardı: "E.Həsənlinin özü də bilir ki, onunla çəkişməyə vaxtım yoxdu. Bu günə kimi öz fikrimlə hərəkət edirəm. Seçki vaxtı feysbukda F.Bayramova ilə olan problemini nə Müsavat Partiyasının, nə də mənim üstümə tökməsin. Onun fikirlərinin, saytlara çıxmağının arxasında siyasi tapşırıq aldığı aydınca görünür”.

Müsahibimiz qeyd edib ki, rayon təşkilatının sədri olduğu dövrdə Müsavat Partiyası Qazax rayon təşkilatı bütün siyasi kampaniyalar zamanı öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirib: "Bunu E.Həsənli də, hamı da yaxşı bilir”.

E.Həsənlinin "Dövlət məmuru parlament seçkisində Qazax müxalifətinə maliyyə ayırıb” iddiasına gəlincə, İ.Mustafayev bildirib ki, E.Həsənli normal jurnalist olsa, nağıl danışmaz: "Söylənən jurnalist fikri fakta söykənməlidir. Mən MSK-nın respublika ərazisi üzrə müşahidəçisiydim. Bizim partiyanın namizədini seçkiyə buraxmadılar. Qazaxda hakimiyyət də, müxalifət də, bitərəflər də bilir ki, mən heç vaxt təmənna güdməmişəm. E.Həsənlinin bu fikirləri təəssüf doğurur. Sadəcə, məsələ budur ki, E.Həsənli mübahisəni xoşlayır”. Qarşı tərəf kimi öz mövqeyini açıqlayan İ.Mustafayevin dediyinin əksinə olaraq E.Həsənli "Şərq”ə açıqlamasında konkret ad çəkməyib. İ.Mustafayevin yox, sadəcə Qazaxdakı müxalifətin dövlət məmurlarının birindən maliyyə almasını və seçki proseslərinə təsir etmələrini söyləyib.

Ayyət Əhməd