Ali məktəbə sənəd verən qızların sayı azalıb

Məleykə Abbaszadə: “Nardaran qəsəbəsində orta məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfəri 11-ci sinfə gəlib çatır”



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə dünən Bakıda keçirilən "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” adlı beynəlxalq konfransda "Buraxılış və qəbul imtahanlarında gender aspektləri” mövzusunda məruzə ilə çıxış edib.

Son illərdə ali məktəbə sənəd verən qızların sayının azalması məsələsinə toxunan Komitə sədri deyib ki, Bakının Nardaran qəsəbəsində orta məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfəri 11-ci sinfə gəlib çatır. "Bu il ali məktəblərə 49 min oğlan, 43 min qız sənəd vermişdi. Qəbulun nəticələri isə fərqlidir. Qəbul olunanlar arasında qızların sayı üstünlük təşkil edir”.

Komissiya sədrinin sözlərinə görə, Azərbaycanda son 5 ildə qız abituriyentlərin orta statistik nəticələri oğlanların nəticələrindən daha yüksək olub: "İnanıram ki, qızların təhsil alması məsələsi həmişə cəmiyyətin mərkəzində olacaq. Çünki savadlı qız yaxşı övlad böyüdə biləcək”.

M.Abbaszadə qeyd edib ki, bu il ölkə üzrə abituriyentlərin 53 faizi qız, 47 faizi oğlandır: "Bu, elə də pis nəticə deyil. Amma bəzi rayonlarda, xüsusilə cənub zonasında oğlan abituriyentlər üstünlük təşkil edir”.

M.Abbaszadə bildirib ki, bu il magistraturaya qəbul olunanların 55 faizi qızdır, 44 faizi oğlandır: "Bu il rezidentura səviyyəsinə qəbul olunanların 77 faizi qız, 28 faizi oğlan olub. Bu da cəmiyyətdə belə bir tendensiya formalaşdırıb ki, müəyyən ixtisaslar "qız”, müəyyən ixtisaslar "oğlan” ixtisasıdır”. M.Abbaszadə deyib ki, daha yüksək bal toplayan qızları valideynləri ali məktəblərin ödənişli ixtisaslarını seçməyə icazə vermirlər: "Əgər qızlar yüksək balla ödənişsiz ixtisaslara qəbul olunmurlarsa, onda qız abituriyentlər daha çox orta ixtisas təhsili müəssisələrini seçirlər”.

Qız uşaqlarının valideynləri tərəfindən yayındırılmasına münasibət bildirən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova rayonlarda yaşayan qızların az hissəsinin ali təhsilli olduğunu deyib. Təşkilat rəhbərinin sözlərinə görə, bölgələrdə, xüsusilə də cənub zonasında valideynlər azyaşlı qızların fikrini elm və təhsildən yayındırmağa çalışır: "Uşaq gözünü açan kimi valideyn onunla ərə getmək barədə danışmaqla azyaşlının fikrini ancaq ailə qurmağa yönəldir”. M.Zeynalova qızların təhsilli olması üçün bir neçə təklif irəli sürüb: "Dünyaya gələn qız uşaqları üçün ailələrin sosial müdafiəsini gücləndirmək lazımdır. Qız uşaqlarının məktəbə gedib-gəlməməsilə bağlı tez-tez təhsil ocaqlarında monitorinq aparmaq lazımdır”.

Ekspert hesab edir ki, bu sahədə qonşu dövlətlərin müvafiq qurumları, eyni zamanda, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa başlamaq mümkündür. Onun fikrincə, burada əhalinin maariflənməsinə xüsusi fikir verilməlidir: "Əlbəttə ki, hansısa ailəyə göstəriş vermək mümkün deyil. Lakin bu addımın gələcək fəsadları barədə məlumat verməklə, onları bu yoldan çəkindirmək olar.

O ki qaldı Azərbaycandakı durumun idarə edilməsinə, bunun üçün sovet dövrünün təcrübəsindən bəhrələnmək lazımdır. Belə ki, sovet illərində orta təhsilini başa vurmayanlar texniki peşə məktəblərinə üz tutaraq müəyyən sənət öyrənirdilər. Bu ənənəni indi də tətbiq etmək olar. Qadınlar, xüsusən də bölgədə yaşayanlar əl işlərinə meyilli olur. Odur ki, onların maliyyə çətinliyini bu yolla qismən həll etmək olar. Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bu məsələyə diqqət yetirilməlidir. Əks halda, vəziyyət daha da ciddiləşə bilər”.

Sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, Azərbaycanda qızların təhsildən yayınmasında valideynlər müxtəlif səbəblər göstərirlər: "Valideynlər deyir ki, qız təhsili davam etdirməyəcəksə, 11-ci sinfə qədər oxumağın da mənası yoxdur. Ona görə də, 3-4-cü sinifdən qızları məktəbdən çıxarıb ev işlərində, təsərrüfatda köməkçi işlədirlər. Başqa bir səbəb Bakıdakı mühitə olan inamsızlıqdır. Çünki indi paytaxtdakı mühit təhlükəlidir. Həmçinin qızın 16 yaşdan sonra yük olduğunu düşünürlər. Qız yaşlandıqca, adına pis sözlər yayılmasından da qorxub tez ərə verirlər. Rayonların təhsil işçiləri valideynlərlə danışmağın mənasız olduğunu deyirlər və bu məsələdə günahı valideynlərdə görürlər”.

Sosioloqun sözlərinə görə, paytaxtla bağlı narahatlıq, həmçinin cəmiyyətin vəziyyəti ilə bağlı düşüncələr ən çox cənub bölgəsində yayılsa da, digər rayonlarda yaşayan valideynlərin də qızlarını təhsildən yayındırması üçün əsas səbəb ola bilər.

Şəymən