Məktəbdə müəllim jurnalistin oğlunu döydü

Pedaqoji şura çağırıldı, müəllim həmin sinifdən xaric edildi, bununla iş bitdi
Elşad Məmmədli: “Müəllim savadlı ola bilər. Amma bu o demək deyil ki, o çox gözəl pedaqoqdur”


Bəzi orta məktəblərdə müəllimlərin şagirdi döyməsi hallarına tez-tez rast gəlinir. Doğrudur, bu məsələ zaman-zaman mətbuatın gündəminə gəlir, ətrafında ciddi müzakirələr açılır və bu hal kəskin tənqid olunur. Buna rəğmən orta təhsil müəssisələrində müəllimlər qanunsuz və arzuolunmaz davranışlarından əl çəkmirlər. Dəhşət doğuran məsələ isə budur ki, sözügedən proses hansısa ucqar kənd məktəblərində deyil, Təhsil Nazirliyinin və ya məktəblərə nəzarəti həyata keçirən Bakı Şəhər Təhsil İdarəsinin gözü qabağındakı paytaxt məktəblərində qeydə alınır.

Məsələn, bu günlərdə tanınmış jurnalist Elşad Məmmədli öz feysbuk səhifəsində oğlunun müəllimi tərəfindən amansızca döyülməsindən şikayətlənib. Həmkarımız qeyd edib ki, övladının oxuduğu məktəbin bir "müəlliməsi” sırğasını yolda itirdiyi üçün sinifdə oğlunun başına-başına döyüb, hirsini çıxıb. Jurnalist onu da əlavə edib ki, həmin "müəllim”lə bağlı prokurorluğa müraciət edəcək. Şübhəsiz ki, mövcud vəziyyət orta məktəblərdə müəllimlərin şagirdlərə qarşı zorakı davrandığını əyani şəkildə ortaya qoyur. Təəssüf ki, şagirdlərlə elm və təhsillə yanaşı, davranış qaydalarını öyrətməli olan bəzi müəllimlərin özləri rəftarın nə olduğunu anlamır, bilmir. Əlbəttə, belə neqativ işlər məktəblərdə uşaqların hüquqlarının tam şəkildə qorunmamasından xəbər verir. Görəsən, müəllimlərin şagirdlərə qarşı zorakı davranışının səbəbləri nədir? Nədən valideyn-müəllim assosiasiyası bu kimi neqativ halların qarşısını almaq üçün real fəaliyyət göstərmir? Ümumiyyətlə, məktəbdə uşaqların hüquqları necə qorunmalıdır?

Övladının başına gətirilənlərlə bağlı məktəb direktoruna şəxsən müraciət etdiyini söyləyən E.Məmmədli "Şərq”ə bildirib ki, məsələni direktor səviyyəsində müzakirə ediblər: "Pedaqoji şura çağrıldı. Həmin müəllim oğlumun oxuduğu sinifdən xaric edildi. Daha onlara dərs deməyəcək. Həm də son xəbərdarlıq edildi ki, bundan sonra xırda bir nöqsana görə, müəllimlik fəaliyyətinə xitam verilə bilər. Qətiyyən istəməzdim ki, məktəblərdə belə hallar baş versin.

Çünki biz uşaqları məktəbə qorxu altında saxlanılmaları üçün deyil, yetişmələri üçün göndəririk. Heç bir uşaq döyülməklə adam olmayıb”.

Jurnalistin qənaətincə, məktəblərdə uşaqların döyülməsi hallarına çox rast gəlinir: "Təəssüf ki, Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin müəyyən qismi nöqsanlara yol verirlər. Müəllim savadlı ola bilər. Amma bu o demək deyil ki, o çox gözəl pedaqoqdur. Bəzi müəllimlərin pedaqoji bacarıqları zəifdir. Buna diqqət yetirilməlidir”.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu da bildirib ki, bu, sovet müəlliminə xas olan əlamətdir: "İntellekti olanı da, olmayanı da müəllim adlandırıb, auditoriyaya göndəririk. Bunlar təhsil sistemimizin bəlalarıdır. Bu bəlalar yaşadıqca, güman edirəm ki, belə müəllimlərin sayı artacaq”.

Digər təhsil eksperti Etibar Əliyevin fikrincə, məktəb direktorları demək olar ki, öz funksiyalarını yerinə yetirmir: "Onlar yalnız məktəbdə yuxarı sinif şagirdlərinin dərsdən yayınma və onların repetitorun yanına getməsilə bağlı valideynlərlə bazarlıq edirlər. Məktəb direktorunun əksəriyyətinin 20-30 illik iş stajı olsa da, onlar məktəbə bir yenilik verməyiblər. Bu məqamların özünü də müəllimin şagirdlə zorakı davranışına səbəb olan bir faktor kimi qiymətləndirmək olar”.

E.Əliyev hazırkı şəraitdə məktəblə valideyn arasında əlaqələrin zəif olmasını da sözügedən neqativ halların baş verməsinə rəvac verən hal kimi dəyərləndirib: "Sovetlər dönəmində hər bir müəllim həm də tərbiyəçi funksiyasını yerinə yetirirdi. Məktəbdə istənilən neqativ hal üçün məktəb şurası, valideynlər, tədris və tərbiyə ilə məşğul olan məktəb müəllimləri cavabdehlik daşıyırdı. O dövrdə müəllimlər valideynlərlə əlaqə qururdu. Bütün bunlar isə normal məktəb mühitinin formalaşmasında mühüm əhəmiyyət daşıyırdı. Hazırda bu dəyərlər məktəbdə yoxa çıxıb. İndi məktəb özü-özlüyündə qapalı sistemə çevrilib. İstənilən məktəb direktoru istəyi çərçivəsində olmayan hər hansı bir məsələnin məktəbdən kənara çıxmamasına var güclərilə çalışırlar. Düşünürəm ki, məktəblərdə müəllimin şagirdlə zorakı davranışı halları daha çoxdur. Bunlar barədə məlumatlar alıb məktəbin tabe olduğu müvafiq strukturlara müraciət edirik. Sumqayıtın 17 saylı məktəbindəki hadisə lentə alınıb ictimailəşməsəydi, həmin müəllim öz fəaliyyətini davam etdirəcəkdi”.

Həmsöhbətimiz məktəblərdə zorakı davranışların baş verməsinin səbəblərindən birini də məktəblərə ictimai nəzarətin zəif olmasında axtarmağı lazım bildi: "Valideynlər nə valideyn iclaslarına gedir, nə də dərsin keyfiyyətinin ictimai ekspertizasını həyata keçirir. Onlar hesab edir ki, məktəb artıq heç nə vermir. Belə olan halda müəllim-şagird münasibətləri bəzən zorakı müstəviyə gəlib çıxır”.

Ekspert özünü normal aparmayan şagirdə qarşı, ancaq mədəni tənbeh tədbirlərinin görülməli olduğunu da diqqətə çatdırıb: "Ümumiyyətlə, şagirdlərə qarşı zorakılıq yolverilməzdir. Valideynlərin məktəbə dəvət olunması, valideyn-müəllim assosiasiyasının aktiv fəaliyyəti həyata keçirilməlidir. Təəssüf ki, valideyn-müəllim assosiasiyası ölü bir quruma çevrilib. Qaydalara riayət etməyən şagirdi döymək deyil, ona töhmət verilə bilər, onun məktəbdən uzaqlaşdırılması ilə bağlı addım atıla bilər.

Məktəbdə uşaqların hüquqları "Uşaq Hüququ Konvensiyası” və "Təhsil haqqında” qanunda öz əksini tapıb. Savadlı valideynlər ortaya çıxıb bu hüquqlarının məktəb kollektivi tərəfindən qorunmasını tələb etməyi bacarmalıdırlar. Amma nədənsə valideynlər məktəblərə etinasız yanaşırlar. Çünki məktəbin perspektivinin olmadığı qənaətindədirlər. Valideynlər uşaq hüquqlarını təkrar-təkrar məktəb rəhbərliyinə çatdırmalıdırlar. Qanunla qeyri-hökumət təşkilatları təhsil strukturuna daxildir. Amma valideynlər həmin qeyri-hökumət təşkilatlarının məktəbdə hər hansı bir monitorinq aparması, hər hansı bir məsələnin izlənilməsinə yardımçı olmurlar, əksinə, maneçilik yaradırlar. Bu da təfəkkür problemindən irəli gəlir”.

Ekspert Məlahət Mürşüdlü də müəllimlərin şagirdlərə qarşı zorakı davranışlarının səbəbini dərs deyənlə yanaşı, dərsə qulaq asanda da axtarmağı lazım bilib: "Müşahidələrimizə görə müəllimlə şagirdlər arasında savaşlar əsasən yuxarı siniflərdə baş verir. Bu pillədəki uşaqların psixologiyası da formalaşır. Onlarla müəllimin dərs aparması olduqca çətin olur. Müəllim də insandır. Demirəm ki, uşaq döyülməlidir, bu, "Uşaq Hüquqları Konvensiyası” və qanunlara ziddir. Ancaq müəllimlər arasında da əməkdaşlığı doğru-düzgün, yüksək səviyyədə qura, sinfi idarə edə bilməyənlər var. Bəzi müəllimlər əsəblərini cilovlaya bilmir, belədə də hirsini şagirddən çıxır. Eyni zamanda, zəif göstəricilərə malik uşaqlar adətən dərs zamanı oxumaq əvəzinə, digər məşğuliyyətə üstünlük verirlər. Bu da bir sıra hallarda müəllimlə şagird arasında insidentin olmasına rəvac verən səbəblərdəndir. Belə neqativ hadisələrə qarşı yerində ölçü götürülməlidir. Prosesin qarşısını zamanında almaq üçün pedaqoji şuralarda, valideyn-müəllim assosiasiyasında ciddi araşdırma aparılmalıdır. Günahkar olan müəllimin məktəbdə qalmasına heç cürə yol vermək olmaz. Günahkar şagird də eyni cür qiymətləndirilməli idi!”.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev vurğulayıb ki, şagirdin davranışında cinayət tərkibi varsa, məktəbdən xaric oluna bilər. Ancaq hər hansı davranışa görə şagirdin döyülməsi yolverilməzdir: "Cəzalandırmanın pedaqoji növləri var - danlaq, məzəmmət, şifahi, yazılı töhmət, başqa sinfə keçirmək və s. Bəzən şagird elə hərəkət edir ki, döyməkdən başqa yol qalmır. Çünki şagirdlərin hər biri müxtəlif tərbiyəli ailələrdən gəlir. Amma şagirdə əl qaldırmaq müəllimin acizliyidir. Şagirdləri özünə cəlb etməyən müəllimlər şagirdə qarşı güc tətbiq edirlərsə, demək, onların savadı yoxdur. Bu şəxslər müəllimlikdən pul qazanmaq üçün sinfə girənlərdir. 50 ildən artıqdır pedaqoji fəaliyyətlə məşğulam, heç zaman şagirdi vurmamışam. Belə bir pedaqoji tezis var, pis şagird yoxdur, pis müəllim var. Mən də bu tip uşaqlarla rastlaşmışam. Amma müəllimin peşəkarlığı məhz həmin uşaqları tərbiyə etməkdədir. Bu da çox çətin deyil, sadəcə, şagirdin marağının hansı sahəyə olduğunu müəyyən etmək lazımdır”.

Ekspertin fikrincə, şagirdi döyüb müstəqilliyini əlindən almaq olmaz: "Fiziki cəza görən uşaq hər zaman səhvlərini gizlətməyə çalışır, bu isə yalançılıq, yaltaqlıq, ikiüzlülük kimi halların yaranmasına gətirib çıxarır”.

Ayyət Əhməd