Müğənnilər vergiyə cəlb olunacaq

Dünyada bu işlərin çarəsi çoxdan tapılıb
Qurban Məmmədov: “Bunun müxtəlif üsulları da mövcuddur. Dünya təcrübəsinə baxmaq lazımdır”


Hazırda Türkiyənin ATV telekanalında yayımlanan "Eşkiya dünyaya hökmdar olmaz” dizisində müğənni Dəniz Səki də yer alıb. Məlumdur ki, Dəniz Səki narkotik maddə ticarəti və istifadəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Dizidə Məryəm - Dəniz Çakır həbsxanada müğənni xanımla qarşılaşır. Və onların arasında səmimi ünsiyyət yaranır. Dəniz Səki də başına gələnləri öz diliylə danışır. Əslində filmin yaradıcıları Dəniz Səkini çəkilişlərə cəlb etməklə bir güllə ilə iki dovşan vurublar. Həm Dəniz Səki fanatları dizi izləyicilərinin sayını əməllicə artırıb, həm də müğənninin həbsinə etiraz edilir. Amma Türkiyə məhkəmə sistemi müğənni xanımın həbsinə qərar verməklə, qanun qarşısında hər kəsin bərabər olduğu prinsipindən çıxış etdiyini təsdiqlədi. İstəyir bu, minlərin, milyonların sevimlisi müğənni, sənət adamı olsun, istəyir lap, hansısa yüksək çinli məmur, rəsmi şəxs.

Eyni yanaşmanı İspaniya məhkəməsi də sərgiləyib. Dünyaca məşhur opera müğənnisi Monserrat Kobalye 6 aylıq həbs cəzasına məhkum edilib. Həm də vergidən yayındığına görə. Kobalye qonorarının məbləğini vergi orqanlarından gizlədirmiş. Andorrada yaşayan müğənni vergi ödəməsin deyə, konsertlərindən əldə olunacaq gəlir barədə müqavilələri xarici şirkətlərlə bağlayırmış. Amma İspaniya hökuməti müğənninin hüquqa zidd əməllərini üzə çıxarıb və 82 yaşlı qadına 6 aylıq həbs cəzası kəsilib.

Bizim müğənnilər, şou-biznes nümayəndələri isə hələ də asudə dolanır, bir gecədə qazandıqları fantastik məbləğdən dövlətə bir qəpik də ödəmirlər. Bu mövzu dəfələrlə gündəmə gəlib, lakin hər dəfə də nəticəsiz qalıb. Vergilər nazirinin birinci müavini Natiq Əmirov isə bu günlərdə KİV-ə açıqlamasında müğənnilərin vergidən yayınmasına yaxın zamanda son qoyulacağını deyib. Nazir müavini bildirib ki, şou-biznes nümayəndələrinin gəlir vergisi ödəməməsi uzun müddət davam etməyəcək: "Dünyada ən doğru vergiyə cəlbolunma mexanizmi əldə edilmiş gəlirlərə görə müəyyənləşdirilən vergidir. Yəni, hər kəs özünün qazandığı, əldə etdiyi gəlirlərinə münasib vergi ödəməlidir. Bunun üçün ən mühüm şərt gəlir və xərclərin şəffaf uçotunun aparılmasıdır. Bizim şou-biznes nümayəndələrinin əldə etdiyi gəlir və xərclərin uçotu yoxdur. Bu insanlardan bir qismi obyektiv, bir qismi isə subyektiv səbəblərdən bizə öz gəlir və xərclərinin uçotunu təqdim etməkdə həvəsli deyil”. Nazir müavini qeyd edib ki, şou-biznes nümayəndələrindən gəlir və xərclərini bəyan etmələri xahiş olunub. Bu, effekt verməsə, onların vergiyə cəlb olunması üçün lazımi mexanizm tapılacaq. N.Əmirov Vergilər Nazirliyinin şadlıq saraylarını nəzarət altına almaq və müğənnilərin gəlirlərini hesablamaq imkanlarının olduğunu da deyib.

Təbii ki, müğənniləri vergiyə cəlb etməyin yolları mövcuddur. Necə ki, Avropada, Türkiyədə bunu edirlər. Monserrat Kobalyenin həbsi vergidən yayınmaya görə məsuliyyətə cəlb edilmənin bariz nümunəsidir. Demək ki, hər kəsi vergi ödəyicisi olmağa cəlb etmək mümkündür. O cümlədən də müğənniləri. Dünyada bu işlərin çarəsi çoxdan tapılıb. Hollivud "ulduzları”ndan tutmuş, az tanınan, yenicə səhnəyə ayaq açanlaradək hər kəs vergi ödəməyə cəlb edilir. Təkcə, Azərbaycanda bu belə deyil. Dünənədək bəzi müğənnilər şəstlə elan edirdilər ki, toya 10 min manata, 15 min manata gedirik. Ən aşağı "qonorar” 2 min manatdır. O da yeni, təzə-təzə şou-biznes qapısını döyənlərə aiddir. Amma elə ki, vergi söhbəti ortaya çıxdı, müğənnilər daş atıb başlarını tutdular ki, "Nə qazanırıq?! Qazandığımızı şadlıq sarayına, musiqiçilərə, vizajistə, prodüserə, "toy tutmaqda” kömək edənlərə veririk. Özümüzə heç nə qalmır”. Amma dünənədək iki mahnı oxumağa görə 10 min manatdan dəm vururdular. Bir-birilə bəhsə girişmişdilər - kim toya daha baha qiymətə gedir deyə. Vergi məsələsi qalxan kimi ziyana uğrayanlardan oldular. Ümumiyyətlə, bizdə həmişə incəsənət adamlarına sayğı olub. Son dövrlərdə isə əsasən şou-biznes nümayəndələri sanki "toxunulmaz” elan ediliblər. Müğənnilərin toxunulmazlığı az qala deputatları da üstələyir. Məgər bizim şou-biznesdə narkotik maddə istifadəçiləri yoxdu? Niyə Türkiyə polisi narkotik maddə istifadəsi ittihamı ilə bir müğənnini gözaltına ala bilir, amma bizim nəinki müğənniləri, heç onların çanta, disk daşıyanlarını, prodüserlərini də qanuna tabe etdirə bilmirlər?

Məsələyə münasibət bildirən hüquqşünas, vəkil Qurban Məmmədov "Şərq”ə açıqlamasında qanun qarşısında hamının bərabərliyinin vacib şərt olduğunu qeyd etdi:

- Öncə qanunun aliliyi təmin edilməlidir və hamı qanun qarşısında eyni olmalıdır. Yoxsa, bu müğənnidir, güzəşt edək, o birisi aktyordur, cərimə etməyək. Belə yanaşma tərzi ilə lazım olduğu, gərəkən formada hüquqi dövlət qurmaq çətindir. Ona görə də indiyədək vergidən yayınma halları çox olub. Bir sıra sahələrlə bağlı ümumiyyətlə, vergiyə cəlbetmə mexanizmləri işlənməyib. O cümlədən də müğənnilərlə bağlı. Fikir verin, təzada baxın, dünya elminə böyük nailiyyətlər bəxş etmiş, ömrünü elmə, təhsilə sərf etmiş alimlər 200-300 manat əmək haqqı alır, amma hansısa müğənni toyda bir saatlıq atlanıb-düşməyə görə, aşağısı 5 min manat qazanır. Bu, ilk növbədə ədalət prinsipinin pozulmasıdır. Bu müğənnilər hansı dəyərlərin daşıyıcılarıdır ki, onlara bu qədər yüksək qonorar ödənir? Ailəsini qoruyub saxlaya bilməyən, cəmiyyətə əxlaqsızlıq, ədəbsizlik aşılayan bəzi müğənnilər efirə çıxıb mənim 10 uşaq dünyaya gətirib tərbiyə etmiş, elm, savad ardınca göndərmiş anama "ailə dərsi” keçir. Dünyada yüksək məbləğ qazanan musiqiçilər, müğənnilər, aktyor və aktrisalar var. Hollivud "ulduz”ları var ki, bir çəkilişə görə 2 milyon dollar qonorar tələb edir. Amma fərq burasındadır ki, onlarda qazanc da şəffafdır, gəlir də, vergi də. Siz fikir vermisinizsə, Türkiyədə nəhəng şirkətlərin rəhbərləri kim dövlətə daha çox vergi ödəyir yarışına çıxırlar. Ən çox vergi ödəyən bununla qürur duyur ki, dövlət büdcəsinə bu qədər vəsait verib. Vergi ödəmək ilk növbədə Vətənə məhəbbət, dövlətə sədaqətdir. Vergidən yayınanlar mənim nəzərimdə Vətən xainləridir.

Q.Məmmədov müğənnilərin vergiyə cəlb edilməsinin vacib olduğunu dedi:

- Müğənnilər mütləq vergiyə cəlb edilməlidir. Vergilər Nazirliyinin bunun üçün müstəsna hüquq və səlahiyyətləri var. Bunun müxtəlif üsulları da mövcuddur. Dünya təcrübəsinə baxmaq lazımdır. Elə deyil ki, görünməmiş bir iş olsun, biz də yollarını axtaraq. Başqaları necə, biz də elə. Vergi ödəyən şəxs bilməlidir ki, bu vəsaitdən polis və Silahlı Qüvvələrə xərclənir. Bəs bu müğənnilərin təhlükəsizliyini kim qoruyur, onlar rahatca atlanıb-düşsünlər deyə, ictimai asayişin keşiyində kimlər dayanır? Onları xarici təcavüzkardan qoruyan əsgərlərimiz var. Buyursunlar, vergi ödəsinlər, o puldan da əsgərlərimizə sərf olunsun. Ölkədə iki ən mühüm sahə - biri təhsildir, biri də səhiyyə. Toplanan vergi vasitəsilə bu sahələrə də maliyyə ayrılır. Müğənnilərin də övladları məktəbə gedir, tibb xidmətlərindən istifadə edir. Müğənnilərin qazancını, gəlirini-çıxarını hesablamaq çətin deyil. Hesablasınlar, hər kəs də qazancı müqabilində buyursun, vergi ödəsinlər. Əks halda, məsuliyyətə cəlb edilsinlər. Kobalyedən nə artıqdırlar, nə də məşhur.

Məlahət Rzayeva