Tibb kolleclərini bitirən oğlanların diplomlarına “tibb qardaşı” yazmaq olar

Səhiyyə Nazirliyi də, millət vəkili də bunu daha düzgün hesab edirlər, ancaq Adil Qeybulla fərqli fikirdədir



Sosial şəbəkələrdə Lənkəran Tibb Kolleci tərəfindən Anar Quluzadə adlı məzuna verilən diplomun fotosu müzakirələrə səbəb olub. Məsələ burasındadır ki, diplomda kişi məzuna "tibb bacısı” ixtisasının verildiyi yazılıb.

Bir çoxlarının fotoya münasibəti birmənalı olmayıb. Hətta fotonu məsxərəyə qoyub, gülüş obyektinə çeviriblər. Nəzərinizə çatdıraq ki, qonşu Rusiyada "medsestra” ilə yanaşı, "medbrat” ixtisası da var. Bəs Azərbaycanda belə bir ixtisas var?

Yoxsa "tibb bacısı” ixtisasına ancaq xanımlar yiyələnə bilər? Səhiyyə Nazirliyi məsələyə rəsmi münasibət bildirib. Mətbuat xidmətinin rəhbəri Liya Bayramova Azərbaycanda "tibb qardaşı” ixtisasının mövcud olduğunu deyib: "Nazirlər Kabinetinin "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarına əsasən, hazırda "tibb bacısı işi” üzrə orta ixtisas təhsili verilir. Səhiyyə müəssisələrində isə "tibb qardaşı” vəzifəsi mövcuddur”.

Millət vəkili, akademik Nizami Cəfərovun sözlərinə görə, bu məsələ terminologiyada öz həllini tapana qədər tibb kolleclərində təhsil alan oğlanların diplomuna "tibb qardaşı” yazmaq olar: "Tibb kolleclərində daha çox qızlar təhsil alır. Oğlanlar bu sahəyə üz tutmadığı üçün onlar üçün

hansısa ad formalaşmayıb. Ancaq onlar üçün belə bir ixtisas yoxdu deyə, oğlanın diplomuna "tibb bacısı” yazmaq da düzgün deyil. Bir halda ki, bu ixtisas rus dilindən tərcümə edilərək "tibb bacısı” götürülüb, eləcə də "tibb qardaşı” yazmaq olar. Hələlik bundan başqa variant ağlıma gəlmir”.

Tibb kollecini bitirən məzunların diplomuna oğlan, qız ayrıcalığı qoymadan "tibb işçisi” yazılması ilə bağlı təkliflərə gəldikdə isə millət vəkili deyib ki, bu ad eyni mahiyyəti kəsb etmir: "Tibb işçisi çox geniş anlayışdır. Bu ad bütün səhiyyə işçilərinə aid edilə bilər. Cərrah da, ürək həkimi də, oftolmoloq da, "tibb bacısı” tibb işçiləri hesab olunur. Bəlkə də, "tibb işçisi” anlayışının əvvəlinə "kiçik” təyinini artırmaqla bu adı razılaşdırıb istifadə eləmək olar. Ən əsası odur ki, həmin ad gülməli səslənməsin və populyarlaşa bilsin. Hesab edirəm ki, Səhiyyə Nazirliyi Terminologiya Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bu anlayış ətrafında müzakirə təşkil etməli və bir termin üzərində qərarlaşmalıdırlar”.

Tibb eksperti, professor Adil Qeybulla isə tibb kollecini bitirən oğlanların diplomuna "tibb bacısı” yazmasını həmin qurumda çalışan insanların bilgisizliyi ilə əlaqələndirib: "Tibb bacısı” termini özündə bir neçə fəaliyyət sahəsini ehtiva edir. Mama-ginekoloqlar, müalicə işi üzrə təhsil alan tibb bacıları olur. Eyni zamanda sanitar-gigiyena idarələri üçün nəzərdə tutulan tibb bacıları olur ki, onlara "feldşer” deyilir. Oğlanlar da adətən bu sahə üzrə təhsil alırlar. Əslində bizim anlayış olaraq qəbul etdiyimiz "tibb bacısı” cinsi mənsubiyyət daşımır. Sadəcə olaraq, biz bu sözü rusların "medsestra”dan götürmüşük deyə bu cür fikir formalaşıb. Ancaq xarici ölkələrdə bu anlayış tamamilə fərqli mahiyyət kəsb edir”. Tibbdə "tibb qardaşı” deyə bir anlayış olmadığını vurğulayan A.Qeybullanın sözlərinə görə, ümumiyyətlə bu günə qədər Azərbaycanda oğlan xeylağının "tibb bacısı” işləməsi nümunəsinə rast gəlinməyib: "Oğlanlar bu sahəyə üz tutmadığı üçün onlar üçün xüsusi bir ad da formalaşmayıb. Ancaq "feldşer” kimi əməliyyat otaqlarında və həkim köməkçisi kimi fəaliyyət göstərən oğlanlara rast gəlmək olur”.

Şəymən