16 saatdan sonra razılıq əldə olundu

Fevralın 15-də Rusiya-Ukrayna arasında atəşkəs elan olunacaq
Belarusun paytaxtı Minskdə Vladimir Putin, Fransua Olland, Angela Merkel və Pyotr Poroşenko arasında srağagün axşam başlayan danışıqlar dünən səhər saatlarında başa çatıb. Rusiya mətbuatının məlumatına görə, Ukraynadakı böhranı müzakirə etmək üçün Minskə toplaşan Rusiya, Ukrayna, Fransa prezidentləri və Almaniya kanslerinin bağlı qapılar arxasında davam edən danışıqları 16 saata yaxın davam edib. Danışıqların aparıldığı zaldan öncə Pyotr Poroşenko, sonra Vladimir Putin, daha sonra isə Merkel və Olland çıxıblar.
"Hələ ki yaxşı xəbərlər yoxdur. Rusiya tərəfinin təklifləri qəbuledilməzdir”
Minskdə "Normand dördlüyü”nün əldə etdiyi razılaşma haqqında Ukrayna prezidenti Poroşenko jurnalistlərə qısa açıqlama verib. Prezident danışıqlarda hələ ki irəliləyişin olmadığını etiraf edib: "Hələ ki, yaxşı xəbərlər yoxdur. Rusiya tərəfinin təklifləri qəbuledilməzdir”.
Poroşenko, həmçinin Ukrayna sərhədçilərinin 2015-ci ilin sonuna qədər Rusiya ilə sərhədin hazırda separatçıların əlində olan hissəsinə nəzarəti bərpa edəcəyini bildirib. O, bütün girovların 19 gün ərzində azad olunması barədə razılıq əldə olunduğunu söyləyib. Ukrayna və Rusiyanın
Baş Qərargah rəisləri fevralın 15-də atəşkəs rejiminə əməl olunmasına nəzarətlə bağlı görüş keçirəcəklər.
"Razılıq əldə olundu”
Jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, danışıqlar zamanı atəşkəsin fevralın 15-də saat 00.00-dan elan edilməsi haqda razılıq əldə olunub: "Güman edirik ki, Debaltsevoda mühasirəyə alınan 6-8 min ukraynalı hərbçi silahı yerə qoyacaq. Münaqişə tərəflərini hərbi texnikanın geri çəkilməsi zamanı təmkin nümayiş etdirməyə çağırırıq. Əgər hamı Donbasda sülhün bərqərar olması barədə razılığa gəlmək istəyirsə, Kiyevin Donetsk və Luqansk "xalq respublikaları” ilə birbaşa təmasları olmalıdır”.
Razılaşmanın müddəaları...
Görüşdən bir neçə saat sonra isə Minsk toplantısında əldə olunan razılaşmalar üçtərəfli təmas qrupu (Ukrayna, Donetsk-Luqansk separatçıları, ATƏT) tərəfindən imzalanıb. Sənədə Donetsk və Luqansk separatçılarının liderləri Aleksandr Zaxarçenko və İqor Plotnitski də imza atıb.
APA-nın "RİA Novosti” və "112.ua” saytlarına istinadən verdiyi məlumata görə, imzalanmış sənəddə bir sıra müddəalar nəzərdə tutulur.
Müddəalara fevralın 15-də saat 00.00-dan etibarən atəşin dayandırılması, fevralın 16-dan gec olmayaraq ağır silahlar və hərbi texnikanın təmas xəttindən qarşılıqlı olaraq geri çəkilməsi və bu prosesin 14 gün ərzində sona çatması, Ukraynada 2015-ci ilin sonuna qədər Konstitusiya islahatı həyata keçirilməsi və yeni Konstitusiyada hakimiyyətin qeyri-mərkəzləşdirilməsinin (desentralizasiya) təsbit olunması yer alıb. Müddəalarda həmçinin, Donbasın separatçıların nəzarətindəki hissəsinə xüsusi status verilməsi, hərbi əməliyyatların iştirakçılarının amnistiyası, dil hüququ, Rusiya regionları ilə transsərhəd əməkdaşlığı, Donbasın yerli idarəetmə orqanlarının bölgəyə hakimlərin və prokurorların təyinatında iştirakı, xalq milisinin yaradılması, bütün qanunsuz silahlı dəstələrin tərksilah edilməsi və bütün xarici silahlı birləşmələrin, hərbi texnikanın və muzdluların ATƏT-in müşahidəsi altında Ukraynadan çıxarılması qeyd olunub.
"Atəşkəs sazişi” problemi həll etmir, sadəcə, tərəflərə nəfəs dərmək üçün zəruri fasilə verir”
"Normand dördlüyü”nün görüşünü, verilən qərarları, bundan sonrakı prosesləri şərh edən əksər ekspertlər bildirirlər ki, Rusiya-Ukrayna müharibəsi hələ ki davam edəcək. Analitiklər hesab edirlər ki, Minskdəki 16 saatlıq görüş və əldə olunan müəyyən razılıqlar kövrək təsir bağışlayır. Əslində bu görüşdə Ukraynanın siyasi mövqe itirdiyini söyləyənlər də kifayət qədərdir.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Minskdə imzalanan sazişin yerinə yetirilməməsi üçün tərəflər xeyli bəhanələr tapa bilərlər: "Məsələn, sazişin bəndlərindən birində deyilir ki, bütün qanunsuz silahlı dəstələr tərksilah edilməlidir. Buna əsasən rəsmi Kiyev Donbas separatçılarının liderlərindən tələb edəcək ki, tərksilah olun. Separatçılar da cavabında deyəcəklər ki, bəs sən "Azov”, "Dnepr” və digər bu kimi batalyonları niyə tərksilah etmirsən? Və ya belə bir bənd var ki, bütün xarici qüvvələr, hərbi texnika və muzdlular bölgədən çıxarılmalıdır. Kiyev muzdlu dedikdə, Rusiyadan gələn hərbçiləri, Donbas separatçıları isə muzdlu dedikdə, Kiyevdə ukraynalı hərbçilərə təlim keçən xarici hərbi ekspertləri nəzərdə tuturlar. Biri çıxarmasa, o birisi də çıxarmayacaq. Həmçinin sazişə görə, Ukrayna bu il ərzində Konstitusiya islahatları həyata keçirməli, Donbasa xüsusi status verməlidir. Xatırlamaq lazımdır ki, 2014-cü ildə də bu haqda çox danışdılar. Amma bir nəticə hasil etmədilər. Digər tərəfdən, Kreml sazişdə sanksiyaların ortadan qaldırılmasıyla bağlı heç bir müddəanın yer almamasından da narazıdır. Bu isə o deməkdir ki, Kreml əvvəlkitək Ukraynadakı separatçıları idarə edəcək. Bir sözlə, bu "atəşkəs sazişi” problemi həll etmir, sadəcə, tərəflərə nəfəs dərmək üçün zəruri fasilə verir. Ona görə də növbəti döyüşlərin olacağı istisna deyil”.
"Putin görüşə axırıncı gələrək, özünü Stalin kimi apardı”
"Poroşenko Putinə əlini uzadanda gözlərilə sanki ondan nə qədər zəhləsi getdiyini göstərmiş oldu. Əslində, bu gözlər elə Ukrayna xalqının gözləri idi”. Bu sözləri isə politoloq Azər Qasımlı görüşlə bağlı fikirlərini səsləndirərkən deyib. O, Minskdə Ukrayna problemi ilə bağlı "Normand dördlüyü”nün keçirdiyi 16 saatlıq görüş barədə ayrı-ayrı məqamlara diqqət çəkib: "Putin görüşə axırıncı gələrək, özünü Stalin kimi apardı. Stalin də vaxtı ilə Çörçil və Ruzveltlə görüşə gecikmişdi. Putin elə təəssürat yaratmaq istəyirdi ki, danışıqlar daha çox Ukrayna ilə Qərbə lazımdır. Amma o unudur ki, bu, daha güclü olan ABŞ-ın vecinə də deyil. Poroşenkonun Putinlə əl görüşməsi zamanı yansıyan mimikası o demək idi ki, bundan sonra iki xalq arasında hər hansı bir isti münasibətin olması üçün illər, bəlkə 10 illər tələb olunacaq. Lukaşenko Avropanın axırıncı diktatoru elan edilsə də, Merkel və Ollandı çox isti qarşıladı, onlar da buna etiraz etmədilər. Onlar üçün əsas məsələ danışıqların nəticəsidir. Lukaşenkonun reqaliləri isə ikinci, bəlkə də üçüncü dərəcəli məsələdir. Amma Lukaşenko özü Qərbin gözündə müsbət xal yığa bildi. Elə bu görüşlərdən, deyəsən, ən qazanclı o çıxacaq”.
"ABŞ bilavasitə Minsk görüşündə iştirak etməsə də, əslində, danışıqları nəzarət altında saxlayırdı”
Politoloq qeyd edib ki, ABŞ bilavasitə Minsk görüşündə iştirak etməsə də, əslində, danışıqları nəzarət altında saxlayırdı: "Çünki bir tərəfdən Putin bilir ki, hədsiz prinsipial olsa, danışıqlar alınmayacaq və ABŞ Ukraynanı silahlandıracaq. Poroşenko da bunu bilir. Üstəlik də bu fakt onu Merkelin və Ollandın istənilən təzyiqindən də qoruyurdu. Çünki avropalılar münaqişənin dondurulmasında maraqlı ola və bununla bağlı Ukrayna prezidentini kompromislərə vadar etməyə cəhd göstərə bilərlər. Təbii ki, Merkel və Olland da bunu anlayır. İlk olaraq Minsk danışıqları haqqında qısa açıqlama verən Poroşenko oldu. O, hər hansı bir müsbət nəticənin olmamasını dilə gətirdi. Müsbət deyəndə Ukrayna prezidenti təbii ki, öz ölkəsini nəzərdə tuturdu. Amma onun sözlərindən sonra rus rublu daha da dəyərdən düşdü. Bir sözlə, rus iqtisadiyyatı sülhdə daha maraqlıdır. Görüşün ümumi nəticəsi bu qənaəti yaradır”.
Anar Bayramoğlu