65 yaş çoxdur

Deputatlar pensiya yaşının azaldılmasını təklif edib


Parlamentin dünənki iclasında pensiya yaşının yuxarı olması məsələsi də müzakirə olunub. Deputat Qüdrət Həsənquliyev pensiya yaşının azaldılmasını təklif edib.

O qeyd edib ki, Azərbaycan əhalisinin cəmi 7 faizi pensiya alır: “Azərbaycanda əhalinin cəmi 7 faizi 65 yaşdan yuxarıdır. Bizdə isə pensiya yaşı 65 yaşdır. Deməli, əhalinin cəmi 7 faizi bu haqdan istifadə edir. Ortalama ömür uzunluğu azdır. Buna görə də pensiya yaşını aşağı salmaq lazımdır. İnsanlar DSMF-yə pul ödəyir”.

Deputat Aqil Abbas da həmkarına dəstək verib. Parlament üzvü bildirib ki, sovet vaxtı balet ustaları 35 yaşdan pensiyaya çıxırdı: “Bu zaman futbolçular da dava edirdi ki, 35 yaşdan sonra onlar da pensiyaya çıxa bilsinlər. Bizdə isə pensiya yaşı 65-dir. Sovet dövründə təhsil alanlar xatırlayar, “ölü pensiya” anlayışı var idi. İndi Azərbaycanda ona çatmışıq. Lağ etdiyimiz məsələ başımıza gəlib. Mən bu layihənin əleyhinəyəm və səs verməyəcəm”. Deputat mütəxəssislər tərəfindən qanun layihəsinə yenidən baxılmasının vacibliyini bildirib.