BAXCP Ali Məclisinə yeni sədr seçilib, 5 katib vəzifəsindən azad edilib




Mayın 14-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.
BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada BAXCP Ali Məclisinin sədri postuna seçki keçirilib və Yaşar Kələntərli qurumun sədri seçilib.
Ali Məclis sədrinin seçkisindən sonra BAXCP Nizamnaməsinin tələblərinə uyğun olaraq partiya sədrinin İcra Aparatı haqqında Əsasnaməyə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təqdimatına baxılıb və yekdilliklə qəbul edilib. Düzəlişlərə əsasən BAXCP-nin İcra Aparatı haqqında Əsasnamənin III bəndindən (İcra Aparatının strukturu) "BAXCP-nin İctimai-siyasi əlaqələr üzrə katibi”, "BAXCP-nin İdeoloji və təbliğat işləri üzrə katibi”, "BAXCP-nin Humanitar məsələlər üzrə katibi”, "BAXCP-nin Elm və Təhsil məsələləri üzrə katibi”, "BAXCP-nin Dünya Azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibi”, "Qadınlarla iş şöbəsi” və "Gənclərlə iş şöbəsi” sözləri çıxarılıb.
Daha sonra BAXCP-nin İcra Aparatı haqqında Əsasnaməsinə edilən dəyişikliklərə uyğun olaraq müvafiq sahələrə rəhbərlik edən katiblər partiya sədrinin təqdimatı ilə tutduqları vəzifələrdən azad ediliblər. Aparılan müzakirələr nəticəsində Ali Məclisin Qarabağ, İctimai-siyasi qurumlarla iş, Sosial siyasət, Səhiyyə, Elm və təhsil, İqtisadi siyasət, Ailə, qadın və uşaq məsələləri və Gənclərlə iş komitələrinin yaradılması ilə bağlı təkliflər səsə qoyulub və qəbul olunub. Ali Məclisin qərarına əsasən Faiq İsmayılov Qarabağ komitəsinin, Niyaməddin Orduxanlı İctimai-siyasi qurumlarla iş komitənin, Telman Siyabov Sosial siyasət komitəsinin, Dünyamalı İmaməliyev Səhiyyə komitəsinin, Vaqif Abışov Elm və təhsil komitəsinin, Mahir Zeynalov isə İqtisadi siyasət komitəsinin sədri seçiliblər.
Təşkilati məsələlərdən sonra ictimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsinə başlanılıb. Məsələ ilə bağlı çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı yaranmış vəziyyəti şərh edib. Ermənistanın təxribatlarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar zamanı şəhid olan əsgər və zabitlərimizi sayğıyla andığını bildirən BAXCP sədri onların fədakarlığı nəticəsində əldə olunan kiçik qələbənin ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Rusiyanın münaqişədə tərəf olduğunu bir daha önə çəkən Qüdrət Həsənquliyev Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı danışıqların məhz bu ölkə ilə aparılmasının vacibliyini qeyd edib.
BAXCP sədrinin çıxışından sonra ictimai-siyasi vəziyyət və cari məsələlərlə bağlı müzakirələr davam etdirilib.