Vahid Ələkbərov böyük maliyyə itkisi ilə üzləşəcək

Milliyətindən asılı olmayaraq, Rusiyada biznes quran, hakim elitaya yaxınlığı ilə tanınan iş adamlarına sanksiyalar tətbiq ediləcək


   Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısına düşənlərin əksəriyyətinin adları məlum olub. Siyahıda rus oliqarxlarla yanaşı, “Lukoyl” şirkətinin sahibi, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun adı var. Eyni zamanda sahibkarlar Səid Kərimov və Fərhad Əhmədov da sanksiyalara məruz qalan şəxslər arasındadır. İqtisadçı Natiq Cəfərli “Şərq”ə deyib ki, sanksiyalar tətbiq olunarkən milli mənsubiyyət yox, vətəndaşlıq nəzərə alınır. Ekspert qeyd edib ki, hətta Avropa ölkələrinin vətəndaşlarına belə Rusiya ilə əməkdaşlıq etdikləri üçün sanksiyalar tətbiq olunub: 

“Oliqarx həmyerlilərimiz Rusiya vətəndaşı olduqları üçün onlar da sanksiyalara məruz qalırlar. Sanksiyalar onların şirkətlərinin səhmlərinə ciddi mənfi təsir göstərəcək. Son zamanlar “Lukoyl”un səhmlərində bir qədər artım müşahidə olunurdu. Bunun da səbəbi neftin dünya bazarındakı qiymətinin yüksəlməsi idi. Lakin sanksiya xəbəri açıqlanandan sonra səhmlərin dəyərində enmələr başladı. Milliyətindən asılı olmayaraq, Rusiyada biznes quran, hakim elitaya yaxınlığı ilə tanınan iş adamlarına sanksiyalar tətbiq ediləcək. Nəticədə hamısı böyük maliyyə itkisi ilə üzləşəcəklər. Aktivlərində ciddi azalmalar müşahidə olunacaq və sanksiyalar aradan qalxana kimi davam edəcək”.